“Türkiyəni dayandırın, yoxsa...” - Baş terrorçu Rusiyaya yalvardı

24/11/2022 - 13:10

SDQ terror təşkilatının lideri Fərhad Abdi Şahin (Mazlum Kobani) Türkiyənin Suriyadakı son hərbi əməliyyatlarından danışıb.

Kobani “Pəncə-Qılınc” əməliyyatı çərçivəsində SDQ-nin qərargahının vurulduğunu bildirib.

Baş terrorçu Prezident Rəcəb Tayyib Ərdoğanın quru əməliyyatı mesajına da diqqət çəkib: “Xüsusən ABŞ və Rusiyanın Türkiyəni çəkindirmək üçün ciddi cəhdləri olmasa, bunu edəcəklər”.

SDQ lideri Türkiyənin “təhdidlərinə” qarşı ABŞ-ın mövqeyinin kifayət qədər güclü olmadığını da söyləyib:

“Rusiya Türkiyənin quru əməliyyatına qarşıdır, amma bu kifayət deyil. Ayn əl-Ərəb (Kobani), Mənbiç - Türkiyənin hədəfə aldığı bütün ərazilər Rusiyanın nəzarəti altındadır. ABŞ həmçinin Suriya ilə bağlı daha açıq siyasət qurmalıdır. Onların İŞİD-lə mübarizədən başqa heç bir strategiyası yoxdur və nəzarətimiz altında olan ərazilərin gələcəyi ilə bağlı dəqiq siyasət formalaşdıra bilməyiblər. Quru əməliyyatı varsa, demək, buna razılıq verilib”.

Abdi Şahin Türkiyənin hədəfləri barədə bunu söyləyib:

“Son vaxtlar Mənbiç haqda danışırlar, amma biz onların əsas hədəfinin Kobani olduğuna inanırıq. Kobani bizim üçün ciddi simvoldur”./teleqraf.com