"Zəngəzur dəhlizinə mane olmaq istəyənlər, indi ona nəzarət etmək uğrunda siyasi "arena"ya çıxıblar"
Yalçın Hacızadə Qafqaz.Media xəbər portalına açıqlamasında bildirib ki, biz Ermənistan Baş naziri Paşinyanın və digər rəsmilərinin eyni məsələlərə dair fərqli fikirlər bildirməsinin dəfələrlə şahidi olmuşuq. O cümlədən, Zəngəzur dəhlizi ilə bağlı da tez-tez bir-birinə zidd münasibətlər bildirirlər.
Yalçın Hacızadə
2020-ci ilin 10 noyabrında imzalanmış “üçtərəfli bəyanat”ın 9-cu bəndində Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək yoldan və onun təhlükəsizliyinin təmin olunması formasından bəhs edilir: “Paşinyan həmin bəyanatı imzalasa da, sonralar razılaşmada elə bir məsələnin qeyd olunmadığını bildirirdi. Sonra dəhlizin açılmayacağını bildirdi və ümumiyyətlə, Ermənistanın həmin razılaşmadan çıxa biləcəyini deyirdi. Daha sonra dəhlizin açılacağını və orda təhlükəsizliyi hansısa xarici bir özəl şirkətin təmin edəcəyini, indi dəhlizdə Rusiya FTX-nin Sərhəd Xidmətinin monitorinq apara biləcəyini söyləyir. Bir neçə gün bundan əvvəl Rusiyada MDB ölkələri rəhbərlərinin görüşü keçirildi. Paşinyan da həmin görüşdən sonra belə bir fikir bildirdi. Görünür Putinlə görüşdə Zəngəzur dəhlizi ilə bağlı müzakirə olunub və ilkin olaraq belə bir qərara gəliblər. Paşinyanın fikirləri görüşdüyü şəxslərin və yerin təsiri ilə də dəyişə bilir. Eyni zamanda, Putinlə görüşdən sonra bəlli oldu ki, Rusiya qoşunları Ermənistan-İran sərhəddindən də çəkiləcək. Ola bilsin ki, Moskva tərəfi bu çəkilmənin qarşılığında dəhizin təhlükəsizliyini Rusiya tərəfindən təmin olunması məsələsini qoyub”. Yalçın Hacızadə qeyd edib ki, Azərbaycanla Ermənistan arasında müzakirələr üç istiqamət üzrə gedir. Tərəflər arasında “Sülh müqaviləsinin” hazırlanması, “sərhədlərin müəyyən edilməsi üçün delimitasiya və demorkasiya prosesi” və “nəqliyyat-kommunikasiya xətlərinin açılması”. Ölkəmiz nəqliyyat-kommunikasiya, əsasən də Zəngəzur dəhlizinin açılması ilə bağlı beynəlxalq və regional güclərin mübarizəsinə görə həmin məsələnin müzakirəsindən haqlı olaraq, müvəqqəti çəkildi. “Azərbaycan üçün Zəngəzur dəhlizinin açılması önəmlidir. Burada siyasi, iqtisadi, tarixi və mədəni aspektlər var. Siyasi aspekt odur ki, biz Ermənistanla müharibədən əvvəlki tarixi vəziyyətə qayıtmaq istəyirik. Yəni hər iki ölkə arasında siyasi əlaqələrin işlədiyi, sülh vəziyyətinə. Bununla Ermənistanı regionda münaqişənin qalmasında maraqlı olan qüvvələrin təsirindən qurtarmaq marağındayıq. İqtisadi aspektdə - regionun coğrafi mövqeyindən maksimum şəkildə, bərabər hüquqlu formada istifadə edərək, Şərq-Qərb, Şimal-Cənub dəhlizini formalaşdırmaqla maddi gəlir əldə etməkdir. Dünyada beynəlxalq münasibətlərin enerji mənbələrinin ələ keçirilməsi və ticarət yollarına nəzarətin edilməsi uğrunda getdiyini nəzərə alsaq, bu, çox vacib yoldur. Tarixi və mədəni mənada, dəhlizi keçəcəyi yol bizim tarixi torpaqlarımızdır. Ordan bizim keçməyimiz, ordan qovulan soydaşlarımızın həmin ərazilərə gedə bilməsi bizi o torpaqlara daha da yaxınlaşıdracaq”-deyən politoloq vurğulayıb ki, Azərbaycan dəhlizin dəmir yolu, nəqliyyat yolu və gələcəkdə enerji daşıyıcılarının keçə bilməsi və həmçinin, Azərbaycan vətəndaşlarının və yüklərinin gömrük nəzarətinə məruz qalmadan keçməsi şərti ilə açılmasını tələb edir. Bizim üçün əsas şərt budur. Yalçın Hacızadə qeyd edib ki, digər məsələ dəhlizdən keçid təhlükəsizliyinin təmin olunmasıdır: “Əlbəttə, könül istərdi ki, təhlükəsizliyi biz və ya qardaş Türkiyə təmin etsin. Mövcud reallıqda, bu da mümkün görünmür. Qalır Ermənistan, Rusiya və ya Qərb ölkələri. Aydın məsələdir ki, Ermənistana bu prosesdə güvənə bilmərik. Qərb də regionda münaqişənin bitməsində maraqlı deyil. Həm də Zəngəzur dəhlizinə özünün iki böyük rəqibi - Çinin və Rusiyanın çıxışı, iqtisadi imkanlarının artırılması cəhdi kimi görür. Qərb bu yola nəzarəti ələ keçirməklə dəhlizdən istifadə edəcək ölkələrə təsir etməyi planlaşdırır. Rusiya daha real görünür, Qərb ölkələri etiraz etsə də. Azərbaycanın güclənməsi, Türkiyə ilə münasibətlərimizin strateji tərəşdaşlıq səviyyəsinə çatdırılması və regionda baş verənlər, Ukrayna müharibəsində Rusiyanın sanksiyalara məruz qalması ilə Rusiyanın bizə ehtiyacı artıb. Bütün bunların konteksində münasibətlərimiz yaxşıdır. Ona görə də Rusiyanın Zəngəzur dəhlizində təhlükəsizliyi təmin etməsi digər alternativlərə nisbətən, qismən bizin maraqlara uyğundur. Hərçənd ki, biz Rusiyanı yaxşı tanıyırıq. 2020-ci ilin 10 noyabrından sonra regiona “sülhməramlı” adı ilə müvəqqəti yerləşdirilən qüvvələrin nələrlə məşğul olduğunu çox gözəl bilirik. İndiki vəziyyətdə Rusiya Azərbaycanla arasında olan münasibətlərin normal məcrada qalmasında maraqlıdır. Çünki Qərb də Ukrayna-Rusiya münaqişəsinin bir neçə illər davam edəcəyini bilir. Həm də biz Rusiyanın ölkəmizə olan təsirlərini Türkiyə vasitəsilə "zərəsizləşdirmək" və ya balanslaşdırmaq imkanlarına sahibik”.
Qafqaz.Media