Allahın sevdiyi bəndə... - Fuad Biləsuvarlı yazır
Professor Hacı Azər Turanın Müqəddəs Hacı Mirsultan Ağanın əziz xatirəsinə ithaf etdiyi "Behişt zəvvarı" adlı kitabı haqqında düşüncələrim.
Seyid Peyğəmbər övladı Hacı Mirsultan Ağa haqqında yazmaq mənim üçün böyük şərəfdir. Çünki o, sözün həqiqi mənasında müqəddəs insan idi. Hər halda onunla təmasda olanlar, bu müdrik insanı tanıyanlar məhz, belə fikirləşirdilər. Hacı Mir Sultan Ağanın ömür yolu Yardımlı rayonunun səfalı Perimbel kəndindən başlamışdı. Bu kənddə sadə bir zəhmətkeş ailədə dünyaya göz açmışdı. Atası Seyid Alməmməd Ağa da bütün bölgədə xeyirxah, nəcib, haqq - ədalət tərəfdarı, mömin bir insan kimi tanınırdı. Sonrakı illərdə tale onların ailəsini Biləsuvar rayonuna gətirib çıxarmışdı. Əsgərabad kəndində məskunlaşan ailə tezliklə burda da böyük hörmət, nüfuz qazanmışdı. Onların ünvanı müqəddəs bir ocağa çevirilmişdi. Niyyət tutub bu qapıya gələnlər xoş üzlə qarşılanar, arzuları həyata keçərdi. Xeyirxahlıq sanki Hacı Mirsultan Ağanın alın yazısı idi. Heç kimdən heç nəyini əsirgəmir, son tikəsini belə bu ocağa müraciət edənlərlə bölüşərdi. Hacı Mirsultan Ağa uca Allahın ən çox sevdiyi bəndələrdən idi. Nurlu sima, nəcib keyfiyyətlər, əli açıqlıq, imkansızlara dayaq olmaq onun həyat tərzinə çevirilmişdi. Bu müqəddəs insanın ailəsində dünyaya göz açmış 12 övlad - 7 oğul, 5 qız da, məhz ata yolunu tutmuşdular. Allah - təalanın bu müdrik insana bəxş etdiyi övladlar Mirnicat, Miralim, Mirəyyub, Mirrövşən, Mirzeynəb, Mirsədaqət, Mirşərafət, Mirnəzakət və Mirsəadət də müqəddəs Həcc ziyarətində olaraq şərəfli Hacı adını daşıyırlar. Hacı Mirsultan Ağanın övladlarına tövsiyyəsi vardı: "Çalışın dostlarınız çox olsun. Dostlarınız nə qədər çox olsa, o qədər yaxşıdır. Bir də heç vaxt qapınıza pənah gətirənləri ümidsiz geri qaytarmayın..." Əsgərabad kəndində məskunlaşan gündən Hacı Mirsultan Ağanın xeyirxah əməlləri , işləri onu tanıyan insanların ürəyində əbədi iz qoyub. Çünki Hacı ilə təmasda olan insanlar onun şirin söhbətlərindən, məsləhətlərindən doymurdular.İmkansız ailələr üçün onun evinin qapıları da, ürəyi də həmişə açıq idi. Çətin anlarda insanların köməyinə çatmağı bacarırdı. 1993 - cü ildə Hacı Mirsultan Ağa növbəti Həcc ziyarətinə hazırlaşırdı. Bəlkə də ilahidən bu müqəddəs insanın ürəyinə nəsə dammışdı. Bütün qohum - əqrabaları, dost və tanışlarına, hətta qonşu rayonda yaşayan qohumlarına da baş çəkmişdi. Sabah yola düşəcəkdi. Axşam övladlarını başına yığıb məsləhətlərini vermişdi: " Mən getdiyim bu müqəddəs ziyarətgahda bütün ayinləri icra etdikdən sonra dünyamı dəyişəcəyəm... " Və bu möcüzə həqiqətən baş vermişdi. Müqəddəs Həcc ziyarəti zamanı 1993- cü ilin iyun ayının 4 - də Minada haqqa qovuşmuşdu. İndi bu müqəddəs insanın məzarı da Şeyx Əbu Talib qəbirəstanlığındadır.
Deyirlər , insanın dünyaya gəlişi də, dünyadan köç etməsi də möcüzədir. Həyatda iz qoyub gedənlər isə daha xoşbəxt insanlardır. Hacı Mirsultan Ağa kimi...
P.S. Hacı Mirsultan Ağanın Şeyx Əbu Talıb qəbristanlığında ulu müqəddəslə yanaşı uyumasından artıq 30 ildən çox vaxt keçir. Ancaq onu tanıyanlar ağanı bir gün də olsun unuda bilmirlər. Pak amal sahiblərini unutmaq olmur. Bu müqəddəs insanın ruhu həmişə bizimlədir...
Allaha dua
Gəl sinəmdən dağı götür,
Götür, Allah, yalvarıram!
Dərdlərimi azdır, itir,
İtir, Allah, yalvarıram!
Çiyinlərim dağdan ağır,
Fikir məni yaman boğur...
Mən bəndənə bir yol uğur
Yetir, Allah, yalvarıram!
Gəl sınama inadını,
Qırma eşqin qanadını...
Bizə vüsalın dadını
Gətir, Allah, yalvarıram!
Aç qapını üzümüzə,
Yetir bizi arzumuza.
Bərəkət qat ömrümüzə,
Qadir Allah yalvarıram.
Hər vaxt yetiş köməyimə,
Bir qüvvət ver biləyimə.
Şəfqətini ürəyimə
Ötür, Allah, yalvarıram!
Bəxş et bizə xoş zamanı,
Sülhlə bəzə bu cahanı.
Müharibə, qan, davanı
Bitir, Allah, yalvarıram!
Müəllif: Fuad BİLƏSUVARLI
İlahi!
Aç mənim üzümə neçə səhəri,
Yox et nisgilləri, yox et qəhəri.
Bol elə süfrəmdə min bir bəhəri,
İlahi!
Çox arzum qəlbimdə yarımçıq, viran,
Könlümün başını üşüdür boran.
Sən ol sağalmayan yaramı saran,
İlahi!
Üstümdən bu yükü, bu dağı götür,
Mənim də ömrümə məhəbbət yetir.
Xalqıma ən xoşbəxt gələcək gətir,
İlahi!
Yolumu elə aç - keçə bilim mən,
Suyumu şirin et, içə bilim mən.
Sözümlə qəlblərə köçə bilim mən,
İlahi!
Müəllif: Fuad BİLƏSUVARLI
Qurani kərim
Əzəl gündən kömək oldu bizlərə,
İnanmaq lazımdı möcüzələrə.
Nur gətirdi neçə-neçə gözlərə,
Allahın kitabı, Qurani kərim.
Tanrının bizimçün ərmağanıdı,
O islam dininin, müsəlmanındı.
Bizi unutmayan Yaradanındı,
Allahın kitabı, Qurani kərim.
Müsəlman əhliyik dildə duamız,
Dua hesabına isti yuvamız.
Sənlə bərqərardı gözəl dünyamız,
Allahın kitabı, Qurani kərim.
Sildin ürəklərdən kədəri,qəmi,
Ayələrin verdi dərdə məlhəmi.
Pənah gətirənin dostu, kimsəsi,
Allahın kitabı, Qurani kərim.
Neçə müharibə qarşısı aldın,
Gücünlə hər yanda qələbə çaldın.
Nurlu insanların yanında oldun,
Allahın kitabı, Qurani kərim.
Səni götürəndə əlimə hər an,
Ən müşkül işlərim olur çox asan.
Ruhsuza ruh verən, cansıza da, can,
Allahın kitabı, Qurani kərim.
Müəllif: Fuad BİLƏSUVARLI
Tanrı taleyimdən xəbərsiz deyil
Üstümdə hər zaman nəzəri vardır,
Bu kəm qismətimə qəhəri vardır.
Ömrümdən, günümdən xəbəri vardır,
Tanrı taleyimdən xəbərsiz deyil.
Pis yolda deyiləm, qınamır məni,
Sadiqəm mən ona, sınamır məni.
Başqa bəndəsindən ayırmır məni,
Tanrı taleyimdən xəbərsiz deyil.
Bəxtimi alnıma yazanım da o,
Yuxumu, röyamı yozanım da o.
Hər şeyi yoluna düzənim də o,
Tanrı taleyimdən xəbərsiz deyil.
Etdiyim duanı eşidər yəqin,
Dərdli olduğumu o bilər yəqin.
Bir gün gözlərimi o silər yəqin,
Tanrı taleyimdən xəbərsiz deyil.
Bəndəni qoymaz ki, o, darda qala,
Tələsməz zamansız canını ala.
İstəməz həyatım sarala-sola,
Tanrı taleyimdən xəbərsiz deyil.
Qurtarar canımı bu ahu-zardan,
Çəkər gözlərimi ucsuz yollardan.
Fuadam, çıxardar məni də dardan,
Tanrı taleyimdən xəbərsiz deyil...
Müəllif: Fuad Biləsuvarlı
Hazırladı: AYB üzvü, AJB üzvü, Prezident mükafatçısı Fuad BİLƏSUVARLI