“Artıq nüvə zərbəsi Putinin planlarına daxil deyil” – ABŞ DÖVLƏT KATİBİNİN MÜAVİNİ

03/12/2022 - 22:17

Rusiya prezidenti Vladimir Putinin nüvə təhdidləri müxtəlif ölkələrin reaksiyasına səbəb olub. Dünya liderləri nüvə silahından istifadə ediləcəyi təqdirdə cavabın sərt olacağını açıq şəkildə bəyan etdilər. Buna görə də Rusiya Federasiyası başqa, heç də az qəbuledilməz hərbi taktikalardan istifadə etməyə başladı. O, Ukraynanın enerji obyektlərinə kütləvi terror hücumlarına keçdi.

Qafqaz.media xəbər verir ki, bu fikirləri Kiyevə səfəri zamanı ABŞ dövlət katibinin müavini Viktoriya Nuland deyib.

“Gördünüz ki, təkcə ABŞ deyil, G7-nin digər üzvləri də Kremlə nüvə təhdidlərinin qəbuledilməz və məsuliyyətsiz çıxışlar olduğuna dair cavablar verdilər”, - Nuland əlavə edib.

Onun sözlərinə görə, Qərb ölkələrinin Putinin ritorikasına birgə cavab verməsi Rusiya Federasiyasını nüvə zərbəsi ideyasından əl çəkməyə məcbur etdi. Amma bundan sonra təcavüzkar terrorun fərqli metodunu - enerji infrastrukturuna hücumlar etməyi seçdi.

Dövlət katibinin müavininin sözlərinə görə, indi nüvə zərbəsi təcavüzkarın birbaşa planlarına daxil deyil. Bununla belə, Qərb ölkələri “sayıq qalmalı” və Rusiyadan gələcək potensial təhlükələrə diqqət yetirməlidirlər.

Qafqaz.media