Avropa Parlamenti Saakaşvili ilə bağlı müzakirələrə başlayır… - “ONUN XİLASI BİZİM ƏLİMİZDƏDİR”

11/12/2022 - 17:09

Növbəti həftə Avropa Parlamentində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili ilə bağlı müzakirələr aparılacaq.

Qafqaz.media “Novosti-Georgia”ya istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin deputatı Rafael Qluksman sosial şəbəkədə məlumat verib.

“Mixail Saakaşvili haqlı idi. 2004-cü ildən 2013-cü ilə qədər Gürcüstan prezidenti bizə Kremlin bütün Avropa qitəsi üçün yaratdığı təhlükə barədə xəbərdarlıq edib. Bu, hökumətlərimiz tərəfindən korluq və karlıqla qarşılandı. Bu gün biz bilirik ki, Saakaşvili haqlı, bizim o vaxtkı liderlərimiz isə haqsız idi... Bu gün bizim bağlı qapımızı döyən şəxs dəmir barmaqlıqlar arxasında ölüm təhlükəsi ilə üz-üzədir”, – Avropa Parlamentinin deputatı yazır.

Qluksman qeyd edir ki, hazırda Saakaşvilinin həyatı ipdən asılıdır və onun xilası Avropanın əlindədir: “Liderlərimiz onu xilas etmək imkanına malikdir”.

Avropa Parlamenti deputatının sözlərinə görə, Gürcüstan hökuməti Avropanın güclü və koordinasiyalı təzyiqinə müqavimət göstərməyəcək.

“Xüsusən də Parisin təsiri ola bilər. Çünki Gürcüstanın hazırkı prezidenti Fransa vətəndaşıdır və ölkəyə nəzarət edən oliqarxın da Fransa pasportu var. Amma liderlərimiz susur və passivdir. Gələn həftə Mişanın Avropa xəstəxanasına köçürülməsi üçün Strasburq Parlamentində səfərbər olacağıq. Dövlətlərimiz dünən inadla dinləməkdən imtina etdikləri prezidentin sabah sükutla ölməsinə imkan verməsinlər deyə”, - Avropa Parlamentinin deputatı yazır.

Qafqaz.media