Azərbaycan millisinin baş məşqçisi: “İnanıram ki, Musa Qurbanlının təcrübəsinin faydasını görəcəyik”

08/10/2024 - 18:04

İnanıram ki, Avropa çempionatının seçmə mərhələsində İngiltərə və Şimali İrlandiya komandaları ilə matçlarda Musa Qurbanlının təcrübəsinin faydasını görəcəyik. Bunu “Report”a açıqlamasında Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi Samir Əliyev deyib. Mütəxəssis Şimali İrlandiya və İngiltərə yığmalarına qarşı səfər oyunlarından öncə komandanın vəziyyətindən danışıb: “Hər şey qaydasındadır. İki gündür toplaşmışıq. Səfərə yaxşı əhval-ruhiyyədə gedirik. Baxmayaraq ki, rəqiblər çətindir. Tsiklin son iki oyununda layiqli mübarizə aparmağa çalışacağıq”. O, rəqibləri yaxşı tanıdıqlarını söyləyib: “Tanış rəqiblərdir, hər ikisi ilə evdə oynamışıq. İngiltərə yığması haqqında geniş məlumat verməyə ehtiyac yoxdur. Heyəti Premyer Liqada oynayan futbolçulardan ibarətdir. Şimali İrlandiyanın futbolçularının əksəriyyəti də İngiltərə Premyer Liqasında, Çempionşipdə çıxış edirlər. Yaxşı kollektivə malikdirlər. Üstəlik, bizə nisbətən futbolçu seçimi daha genişdir”. 45 yaşlı mütəxəssis müəyyən problemlər səbəbindən komandanın bəzi aparıcı oyunçularının xidmətlərindən istifadə edə bilməyəcəklərini vurğulayıb: “Ramin Nəsirli zədəlidir. Veysəl Rzayev, Yusif İmanov və Camal Cəfərovun sənəd problemləri var deyə, onalrı səfərə apara bilmirik. Əlbəttə, bizim kimi komanda üçün böyük itkidir. Emil Səfərov 10 gündür müalicə alırdı. Cəmi iki gündür məşqlərə başlayıb. Mikrozədəsi olan futbolçularımız, müəyyən problemlərimiz var. Aparıcı oyunçuların olmaması təsirini göstərir. Buna baxmayaraq, digər futbolçulara özlərini göstərmələri üçün şans yaradacağıq”.S.Əliyev ötən gün həyətə cəlb olunan Musa Qurbanlının durumu haqqında da fikirlərini bölüşüb: “Musa Qurbanlı zədəli idi. Əsas yığmanın oyunçusu sayılır, U-21-lər arasında Avropa çempionatının seçmə mərhələsi başlayandan bəri əsas millidə olub. Buna baxmayaraq, məşqlərdə can-başla iştirak edir. Bir hissə olsa da, onun keyfiyyətindən, təcrübəsindən faydalanmaq istəyirik. Bütün rəqiblərlə oyunlarda qol vəziyyətləri yaradırıq. Sadəcə, onlardan istifadə edə bilmirik. Düzdür, Musa hazırda formada deyil. İnanıram ki, oynasa, bizə köməyi dəyəcək. Ən azı bir hissə meydana çıxmağa hazırdır. Səhv etmirəmsə, “Qarabağ”ın heyətində son matçda 60 dəqiqə oynamışdı. Beynəlxalq matçlarda temp yüksək olur, düşünürəm ki, təcrübəsinin faydasını görəcəyik. Çünki üç gündən bir oyun keçirəcəyik. Nə qədər kömək edəcəyini qarşılaşmalar göstərəcək”. Qeyd edək ki, U-21 Avropa çempionatının seçmə mərhələsində oktyabrın 12-də Şimali İrlandiya, 15-də isə İngiltərə millisi ilə qarşılaşacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Faktiki hava açıqlanıb
18/11/2024 - 10:03
Xoşbulağa qar yağdı - Video
17/11/2024 - 15:03
Sabah qar yağacaq
16/11/2024 - 13:01
Bu xanımlara vəzifə verildi
16/11/2024 - 13:00