Baxmutda Gürcüstandan olan 5 könüllü həlak olub - FOTO

04/12/2022 - 22:37

Rusiya ordusu və “Vaqner” bölmələrinin hücuma keçməyə çalışdığı Baxmut şəhəri uğrunda gedən döyüşlər zamanı gürcüstanlı 5 könüllü həlak olub.

Qafqaz.media xəbər verir ki, bu barədə Ukrayna prezident aparatının rəhbəri Andrey Yermak bildirib.

“Son günlər 57-ci briqadanın bir qrup əsgəri, ukraynalı və gürcü könüllüləri Baxmut yaxınlığında mühasirəyə alınıb. Gürcü komandirin yaralandığı, 5 gürcü könüllünün isə öldüyü məlumdur”, – Yermak “Telegram”-da yazıb.

Bundan əvvəl könüllü Romeo Parulava Gürcüstanın “Mtavari” telekanalının efirində Gürcüstandan olan döyüşçülərin ölümündən danışıb. “Düşmən sayca çox idi və buna görə də öhdəsindən gələ bilmədilər, beş gürcü öldü, komandir yaralandı. Qalan könüllülər ukraynalı qardaşlarımızla birlikdə mühasirəyə alınıb... Biz onları mütləq çıxaracağıq. Baxmutda vəziyyət çox ağırdır”, - Parulava bildirib.

Gürcüstan mətbuatının məlumatına görə, Ukraynada 1500 nəfərə yaxın Gürcüstan vətəndaşı döyüşür.

Dekabrın 3-də Gürcüstan prezidenti Salome Zurabişvili “Facebook” səhifəsində həlak olanların ailələrinə başsağlığı verib: “Bu çətin anlarda Ukraynada həlak olan bütün gürcü döyüşçülərinin ailələrinə, dostlarına və yaxınlarına başsağlığı verirəm”.

Ölənlərin fotoları Ukraynanın Gürcüstandakı səfirliyi tərəfindən “Facebook”-da yayımlanıb.

Qafqaz.media