"Bu namizədin platforması belə qanun pozuntusundan başqa bir şey deyil" - Rəqibindən Ağalar Vəliyevə ittihamlar
"Parlament seçkiləri hələ başlamayıb, amma Xaçmaz rayonunda Ağalar Vəliyevin saxtakarlıq və qanunazidd hərəkətlərinin ardı-arası kəsilmir." Bu barədə "AzPolitika"ya 57 saylı Xaçmaz Şəhər Seçki Dairəsindən deputatlığa namizəd Samid Seyidov bildirib. Samid Seyidovun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının (YAP) bu dairədən deputatlığa namizədi Ağalar Vəliyev dövlət qurumlarının yardım və gücündən istifadə edərək seçicilərə təzyiq edir: "Əslən Yevlaxlı, ləqəbi də "susan deputat" olan Ağalar Vəliyev təbliğat, təşviqat kampaniyası zamanı açıq-aşkar ciddi pozuntulara imza atır. Belə ki, dövlət qurumlarının yardımından istifadə edərək onun görüşlərinə büdcədən maliyyələşən idarələrin işçilərini adlı siyahı ilə məcburi qaydada cəlb edirlər. Bu azmış kimi Xaçmaz rayon Təhsil Şöbəsi birbaşa bütün direktor və müəllimlərə tapşırıq verib ki, hər kəs Ağalar Vəliyevə səs verəcək. İnsanları toplu şəkildə avtobuslara mindirib görüşlərə aparmaqdan əlavə, Ağalar Vəliyevə səs vermək üçün onbaşı, yüzbaşı və minbaşı kimi titullu insanları ödəniş əsasında cəlb edirlər ki, seçkiyə adam gətirsinlər. Namizəd olduğu halda şəhid ailəsi ilə görüşə gedəndə isə Xaçmaz rayon Rəşid Behbudov küçəsindəki obyektləri bağladırlar ki, bəs deputat gələcək tez bağlayıb çıxın. Ağalar Vəliyev namizəd olduğu halda indidən xalqın qapısını bağlayırsa, sabah bu adam Xaçmazda nələr edəcək, ağıla da gəlməz. " Namizəd Samid Seyidov sözlərinə görə, təbliğat zamanı pul vəd vermə, hədiyyə vəd vermə qadağan olunsa da, Ağalar Vəliyev bütün qanunsuz təsir vasitələrindən istifadə edir: "Bütün bunlardan əlavə, uzun ilərdir siyasətin içində olan bu insanın platforması belə qanun pozuntusundan başqa bir şey deyil. Qanunvericiliyə əsasən, təbliğat zamanı pul vəd vermə, hədiyyə vəd vermə qadağan olunsa da, Ağalar Vəliyev hər yerdə açıq-aydın deyir ki, mən seçilsəm, qazi və şəhid ailələrini həccə göndərəcəm, ehsan verəcəm, ildə dörd dəfə evlərinə bayram sovqatı göndərəcəm. Real bir həll yolu olmayan bu insan şəhid və qazilər üzərində reklam kampaniyası qurmaqdan başqa bir şey fikirləşə bilmir. Xaçmazın əhali sayı 200.000 nəfərdir. Bu adamın Xaçmazın gələcəyi, əhalinin güzəranı ilə bağlı planı yoxdur. Hətta görüşlərə də Goranboydan bir avtobus adam tutub gətirib ki, baxın mən bunları ziyarətlərə göndərmişəm, bunlara hər il sovqat vermişəm. Qazilərə 300, şəhid ailələrinə isə 500 AZN dəyərində birdəfəlik maddi yardım da söz verir. Bu pozuntu deyil, bəs nədir? Hər yerdə prezidentin adından istifadə edib sonra da bu pozuntuları etmək nə deməkdir axı?"Samid Seyidov açıqlamasında Ağalar Vəliyevi debata çağırıb: "Sosial şəbəkələr vasitəsilə xalqın gözü önündə müzakirəyə səsləyirəm. Görək, 15 il deputat olub 15 dəqiqə xalq üçün danışmayan Ağalar Vəliyev debata gələcək, ya yox?"
"AzPolitika"