“BÜTÜN ÜMİDİMİZ İRANADIR...” – Keşiş Baqrat yenidən peyda olub

01/08/2024 - 12:48

Xeyli vaxt Paşinyan hakimiyyətinə qarşı etiraz aksiyaları təşkil edən, lakin heç nəyə nail ola bilmədiyi üçün bir müddətdir “yoxa çıxan” keşiş Baqrat Qalstanyan yenidən peyda olub. Onun bu “zühuru” Ermənistan və Türkiyə nümayəndələri arasında 2 gün əvvəl baş tutan görüşlə bağlıdır. Erməni kilsəsinin “adətlərinə” uyğun olaraq, Qalstanyan Türkiyə ilə yaxınlaşmanın qətiyyətlə əleyhinə olduğunu bəyan edib.

Xatırladaq ki, Ermənistan və Türkiyə arasında münasibətlərin tənzimlənməsi üzrə xüsusi nümayəndələr Ruben Rubinyan və Serdar Kılıç Ermənistan-Türkiyə sərhədinin Marqara-Əlican sərhəd-keçid məntəqəsində beşinci görüşlərini keçiriblər.

“AzPolitika” xəbər verir ki, erməni mətbuatına açıqlama verən Qalstanyan Türkiyə ilə təmasların Ermənistanın ziyanına olduğunu iddia edib: “Nə olsa, bizim ziyanımıza olacaq. Gördüyümüz proses heç bir şəkildə Ermənistanın maraqlarına xidmət etmir. Ən əsası isə, biz bütövlükdə söhbətin məzmununu bilmirik. Bu, rəsmi görünən hissə - sərhədə baş çəkmək, sərhəd görüşünün keçirilməsi - bizə heç bir əhəmiyyətli məlumat vermir".

Göründüyü kimi, Rsuiyanın və Ermənistandakı qatı millətçi, revanşist qüvvələrin nökərliyini edən Qalstanyan bir tərəfdən Türkiyə ilə görüşlərin əleyhinə olduğunu, digər yandan isə söhbətin məzmununu bilmədiyini deyir. Maraqlıdır ki, məzmununu bilmədiyi söhbətin nəyinə etiraz edir...

Qeyd edək ki, dünən Türkiyə tərəfi Rubinyanla görüşü “konstruktiv” hesab edib, Rubinyan isə öz növbəsində Türkiyə təmsilçisi Kılıçla “yaxşı görüş” keçirdiyini deyib.

Tənzimləmə prosesinin ilkin şərt olmadan davam etdiyi barədə tərəflərin açıqlamalarına isə keşiş belə cavab verib: “İlkin şərtlər olmadan? Bunlar hamısı ilkin şərtlərdir. Ərdoğan “Zəngəzur dəhlizi”ndən danışmayıbmı?”

Qalstanyan Türkiyədən fərqli olaraq, İran haqqında “ürək dolusu” xoş sözlər deyib və molla rejiminə erməni canfəşanlığına görə minnətdarlıq edib. O, Xameneinin “Zəngəzur dəhlizinin açılmasının Ermənistanın maraqlarına uyğun olmadığı” barədə açıqlamasını məmnunluqla qarşılayıb: “Biz bunu yüksək qiymətləndiririk ki, İran bizim dost ölkə olaraq bu vəziyyəti daim qeyd edir. Görünür, bizim təhlükəsizlik və problemlərimizin həlli baxımından bütün ümidlərimiz onlaradır. Bizim təhlükəsizliyimizdən digər dövlətlər narahatdırlar və bu, ondan xəbər verir ki, “Ermənistan Respublikasının hökuməti” mövcud deyil".

 

“AzPolitika.info”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ