“Evimi yandırmaq istəyirlər, burada yaşamağa qorxuruq” - Fotolar

29/03/2024 - 21:07

“Tanımadığımız şəxs gündüz vaxtı evimizi yandırmağa cəhd göstərib. İndi burada yaşamağa qorxuruq”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Qaradağ rayonunun Qobustan qəsəbəsi sakini Fərhad İsayev deyib. 

Şikayətçi iddia edir ki, martın 11-də kimsə evlərinə girərək yanğın törətmək istəyib, lakin qonşulardan birinin müdaxiləsi ilə hadisənin qarşısı alınıb: “Hadisə vaxtı mən evdə olmamışam. Anam olub, o da yaşlı qadındır. Kimsə evimizi yandırmaq istəyib, amma buna nail ola bilməyib. Sadəcə evin girişindəki pərdə yanıb. Qonşunun müdaxiləsi ilə yanğının böyüməsinin qarşısı alınıb. Hadisəni törədən şəxs isə avtomobillə ərazidən uzaqlaşıb”.

Vətəndaş bildirib ki, hadisəni törədənin kim olduğu və bunu hansı məqsədlə etdiyi bilinmir: “Bu hərəkətin hansı məntiqə sığdığını anlamırıq. Bizə yalnız qaçan şəxsin avtomobili bəllidir. Kamera görüntülərinə düşən avtomobilin seriya nömrəsini 11-ci Polis Şöbəsinə verərək şikayəti etmişik”. 

Məsələ ilə bağlı Daxili İşlər Naziliyinə sorğu göndərdik. DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı saytımıza bildirdi ki, Qaradağ rayon sakini F.İsayev Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək martın 11-də yaşadığı evin girişi hissəsinin yandırılmasını və nəticədə ona maddi ziyan dəyməsi ilə bağlı müraciət edib: “Vətəndaş hadisəni törətməkdə şübhələndiyi şəxs barədə də polisə məlumat verib. Araşdırma zamanı hadisə şahidləri və ev sahibinin şübhələndiyi şəxs dindirilib, lakin hadisənin həmin şəxs tərəfindən törədilməsi faktı təsdiqini tapmayıb. Hazırda F.İsayevin müraciəti əsasında araşdırmalar davam edir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Metroda təşviş yaşandı
27/11/2024 - 18:53
Cəlilabadda zəlzələ oldu
27/11/2024 - 17:55