ISW: Ukrayna qüvvələri qışda əks-hücum əməliyyatlarını gücləndirəcək

05/12/2022 - 08:54

Ukrayna qüvvələri qışda hərbi nailiyyətləri möhkəmləndirmək və Rusiya qüvvələrinin döyüş meydanında təşəbbüsü ələ keçirməsinin qarşısını almaq üçün əks-hücum əməliyyatlarını gücləndirməyi planlaşdırır.

Qafqaz.media xəbər verir ki, bu barədə Amerika Müharibənin Tədqiqi İnstitutunun (ISW) analitikləri Ukrayna rəsmilərinə istinadən bildiriblər.

Şərq Qrupunun sözçüsü Sergey Çervatıy dekabrın 4-də bildirib ki, torpağın donması ağır təkərli və tırtıllı maşınların irəliləməsinə imkan verəcək və Ukrayna qüvvələri bu cür maşınları qış əməliyyatları üçün hazırlayır.

Eyni zamanda, onun sözlərinə görə, Rusiyada məhbuslar arasından cəlb edilmiş və “Vaqner”in tərkibində döyüşən silahlılar, eləcə də zəif təlim keçmiş çağırışçılar qışda hərbi əməliyyatlar aparmağa hazır deyillər.

Qeyd edək ki, Ukrayna rəsmilərindən fərqli olaraq ABŞ hökumətinin yüksək rütbəli məmurları əks-hücumu gücləndirmək üçün optimal fürsət pəncərəsini qış deyil, yaz kimi müəyyənləşdirirlər.

 Qafqaz.media