Kadırovu tənqid edən çeçen bloger İsveçdə “yoxa çıxıb” – GÜNLƏRDİR ONUNLA ƏLAQƏ SAXLAMAQ MÜMKÜN DEYİL

03/12/2022 - 23:38

Çeçenistan rəhbəri Ramzan Kadırovun ən məşhur tənqidçilərindən biri olan çeçen bloger Tumso Abduraxmanov İsveçdə yoxa çıxıb.

Qafqaz.media xarici KİV-lərə istinadən xəbər verir ki, İsveçdə yerləşən və Çeçenistandan olan qaçqınlara kömək edən “Vayfond” insan haqları assosiasiyasının məlumatına görə, ailə üzvləri bir neçə gündür Tumso Abdurahmanovla əlaqə saxlaya bilmir.

Təşkilat bildirib ki, Tumso Abdurahmanovla birlikdə onun qardaşı, “Vayfond” şirkətinin nümayəndəsi Mohmadla da əlaqə kəsilib.

"Assosiasiyanın nümayəndəsi, Tumsonun qardaşı olan Mohmad Abdurahmanov da gözlənilmədən və heç bir izahat olmadan yoxa çıxıb", - təşkilatın açıqlamasında bildirilir.

Qeyd edək ki, Abdurahmanovun qətli ilə bağlı “Teleqram”-da xəbərlər peyda olub və guya öldürülən blogerin cəsədi ilə video yayımlanıb. Lakin istifadəçilər videoda başqa bir şəxsin çəkildiyini bildiriblər.

Dekabrın 2-də Avropa Çeçenistan Assambleyasının mətbuat katibi Şamil Albakov “Qafqaz düyünü”nə (Rusiyada “xarici agent” kimi tanınır) bildirib ki, Abdurahmanovun ölümü ilə bağlı məlumatı təsdiqləyə bilmir: “Bizdə olan məlumata görə, bu, həqiqətə uyğun deyil. İsveçdə Tumsonun məhəlləsində yaşayan bir gəncin öldürülməsi barədə danışırlar, lakin bu, təsdiqini tapmayıb”.

Tumso Abdurahmanov kimdir?

Qroznıda Tumso Abdurahmanov 2015-ci ildə Kadırovlar ailəsi ilə münaqişə səbəbindən Çeçenistanı tərk etmək məcburiyyətində qalıb. Münaqişə Abdurahmanovun saqqalı üzündən başlayıb. Belə ki, onun saqqalı Çeçenistan rəhbərinin qardaşı oğlu İslam Kadırovun xoşuna gəlməyib və o, Qroznıda küçədə həmin şəxsi saxlayıb, telefonunu götürüb və onu evinə aparıb.

Bundan sonra həmin gecə Abdurahmanov ailəsi ilə birlikdə Çeçenistanı tərk etməyə məcbur olub. Avropada o, məşhur müxalifət blogerinə çevrilib. Onun “YouTube” kanalının yarım milyon izləyicisi olub və kanalda sonuncu video üç həftə əvvəl dərc edilib.

Qafqaz.media