Moskva məhkəməsi Ukrayna nazir müavinləri barəsində qiyabi həbs qərarı verdi

07/12/2022 - 00:32

Lefortovo Rayon Məhkəməsi Ukrayna baş nazirinin müavini İrina Vereşçuk və xarici işlər nazirinin birinci müavini Emine Caparovanı Rusiyanın ərazi bütövlüyünü pozmaqda ittiham edərək, barələrində qiyabi həbsi qərarı çıxardı.

Qafqaz.media xəbər verir ki, FSB nümayəndələri iki yüksək rütbəli ukraynalı məmurun həbsinə order verilməsi xahişi ilə məhkəməyə müraciət ediblər. Bundan sonra Vereşçuk və Caparova axtarışda olanlar siyahısına salınıb.

Sentyabrda Rusiyanın işğalçı hakimiyyət orqanları tərəfindən keçirilən qondarma referendumdan sonra Vladimir Putin Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərini Rusiya əraziləri elan edib. Moskvanın özündən başqa heç kim bu qərarı qanuni hesab etmir.

Bu Ukrayna ərazilərinin bir hissəsinin müvəqqəti işğalına və orada davam edən hərbi əməliyyatlara baxmayaraq, hər iki xanım dövlət rəsmisi bu bölgələrə səfərlərini davam etdirib. Hökumətdə azad edilmiş ərazilərin yenidən inteqrasiyasına cavabdeh olan Vereşçuk noyabrda rus qoşunlarının yenicə geri çəkildiyi Xersona gedib.

"Mətbuat yazıb ki, ruslar məni qiyabi həbs edib və "Rusiyanın ərazi bütövlüyünə qəsd" ittihamı ilə axtarışa veriblər. Hamı bu barədə məndən soruşur. Yaxşı, nə deyim? Bu mənim işimdir", - İrina Vereşçuk “Telegram” kanalında yazıb.

Vəzifəsi Krımdakı etnik azlıqların hüquqlarını qorumaq olan Emine Caparova 2014-cü ildə ilhaq edildikdən sonra ardıcıl olaraq yarımadanın azad edilməsinə və Ukraynaya qaytarılmasına çağırış edir.

Qiyabi həbs xəbərinə cavab olaraq Caparova zarafatla deyib ki, Moskva bununla onun işinin səmərəliliyini yüksək qiymətləndirir.

Qafqaz.media