Müxalif partiya vasitəçilərsiz sülh anlaşması təklif edir

22/01/2024 - 18:08

“Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi vasitəçi olmadan imzalanmalıdır”

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata əsasən, toplantı iştirakçıları ilk növbədə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ilə bağlı aparılan son müzakirələrə bir daha diqqət çəkib. Müzakirələrdə  qeyd edilib ki, Azərbaycan-Ermənistan arasında imzalanacaq sülh müqaviləsi hər hansı bir vasitəçinin iştirakı olmadan həyata keçirilməlidir, sülh müqaviləsinin imzalanması üçün hər hansı bir ilkin şərt qoyulmamalıdır və iki dövlət arasında mübahisəli məsələlər isə beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır.

İdarə Heyəti həmçinin son zamanlar Ermənistanın Qərbə inteqrasiya istiqamətində yürütdüyü siyasətin Azərbaycana qarşı olması ilə bağlı aparılan təbliğata da münasibətini bildirib. Ermənistanın suveren dövlət kimi müstəqil xarici siyasət apara bilmək hüququ nəzərə alınaraq bu təbliğatın əsassız olduğu vurğulanıb.

İdarə Heyəti ötən həftə Rusiya XİN rəhbəri Lavrovun Zəngəzur dəhlizinin 10 noyabr 2020-ci il tarixdə imzalanmış üçtərəfli bəyannamə əsasında açılmasının mümkünlüyü ilə bağlı verdiyi bəyanat ətrafında müzakirə aparıb. Müzakirələrdə qeyd edilib ki, bundan əvvəl Rusiya rəsmi dairələri tərəfindən Ermənistanın birtərəfli qaydada üçtərəfli bəyannamədən çıxdığı barədə verilən açıqlamalara rəğmən Zəngəzur dəhlizinin artıq üçtərəfli bəyannamə əsasında açılmasının hüquqi qüvvəsi yoxdur. Eyni zamanda qeyd edilib ki, Ermənistanın müstəqil dövlət kimi öz ərazisində suveren hüquqlarından istifadə edə bilər. Müzakirələrin nəticəsi olaraq Zəngəzur dəhlizinin təhlükəsizliyinin təmin olunmasının Azərbaycanla Ermənistanın ortaq şəkildə həyata keçirməsinin ən optimal variant olduğu bildirilib. Eyni zamanda Zəngəzurun Azərbaycanın tarixi torpağı olduğu nəzərə alınaraq Ermənistan baş naziri N.Paşinyanın İran vasitəsilə Naxçıvana gedən yolun Zəngəzur ərazisindən keçəcək yolla eyniləşdirilməsini də yanlış hesab edib.

İdarə Heyəti ötən həftə Ermənistanın ədliyyə naziri Qriqor Minasyanın İrəvanın ratifikasiya etdiyi Roma Statutu vasitəsilə Beynəlxalq Cinayətlər Məhkəməsinə Azərbaycana qarşı “hərbi cinayətlərin araşdırılması” ilə bağlı şikayət edəcəkləri haqda açıqlaması ətrafında fikir mübadiləsi aparıb. Müzakirələrdə 30 il ərzində Azərbaycan torpaqlarını işğalda saxlayan, həmin ərazilərdə Azərbaycanın tarixi irsinə və ekologiyasına qarşı cinayətlər törətmiş İrəvan hökumətinin bu addımı absurd adlandırılıb və bu hadisəni bölgədə davamlı sülhə və təhlükəsizliyə nail olunması naminə Azərbaycan-Ermənistan arasında aparılan sülh danışıqlarına zərbə kimi dəyərləndirilib. Eyni zamanda Azərbaycan hakimiyyət orqanlarını Ermənistanın Azərbaycana qarşı törətdiyi bütün hərbi və ekoloji cinayətlərlə bağlı beynəlxalq məhkəmələr qarşısında iddialar qaldırmağa və Ermənistanın Azərbaycana qarşı beynəlxalq hüquq müstəvisində qaldırdığı iddialarda isə effektiv müdafiə hüququnu təmin etməyə çağırıb.

İdarə Heyəti ötən həftə Fransa Senatında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı növbəti qərəzli qətnamə layihəsinin müzakirəyə çıxarılmasına da münasibət bildirib. Müzakirələr zamanı Fransa Senatının Azərbaycanı Dağlıq Qarabağa “hərbi hücumda” və Ermənistana hansısa “təcavüz” cəhdində ittiham etməsi kəskin şəkildə tənqid edilib. Bu hadisənin Fransanın ermənipərəst mövqeyindən qaynaqlandığı və beynəlxalq hüquq normalarına zidd olduğu vurğulanıb. Eyni zamanda Azərbaycanın Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatlarının dövlətimizin suveren hüququ olduğu və həmin əməliyyatlar zamanı beynəlxalq hüquq normalarının heç bir tələbinin pozulmadığı qeyd edilib.

İdarə Heyəti son günlər Pakistan-İran münasibətlərinin gərginləşməsi ilə bağlı da müzakirələr aparıb. Müzakirələrdə qeyd edilib ki, bu iki müsəlman dövlət aralarında yaranmış son gərginlikləri danışıqlar yolu ilə həll etməli və mübahisəli məsələlərdə hərbi gücdən istifadədən çəkinməlidirlər. Eyni zamanda vurğulanıb ki, hər iki dövlətlə Azərbaycanın ciddi əlaqələri olduğu nəzərə alınaraq bu gərginliyin Azərbaycanın, o cümlədən bölgənin maraqlarına ziddir.

İdarə Heyəti İsrail-Fələstin arasında davam edən müharibəyə bir daha diqqət çəkib. Müzakirələr zamanı İsrail hökumətinin Fələstin dövlətinin yaradılmasına qarşı olması faktına BMT-nin, ABŞ və İngiltərənin qarşı olmasını təqdir edib. Bölgədə davamlı sülhə və təhlükəsizliyə nail olunması üçün Fələstin dövlətinin yaradılması ilə bağlı dünya dövlətlərini təcili tədbirlər görməyə çağırıb.

İdarə Heyəti işğaldan azad edilmiş və yaşayış imkanlarının olduğu şəhər və qəsəbələrdə məskunlaşma işinin ləng getməsini tənqid edib və bu işin sürətli şəkildə aparılmasının vacibliyini bildirib.

İdarə Heyəti həmçinin son zamanlar Bakı və ətrafda insan tələfatı ilə nəticələnən yanğın hadisələrindən narahatçılığını ifadə edib, bu qəzalar zamanı dünyasını dəyişən vətəndaşların ailələrinə başsağlığı verib. Eyni zamanda, bu tipli bədbəxt hadisələrin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinin və Fövqəladə Hallar Nazirliyinin öz fəaliyyətinə yenidən baxmasının zəruriliyi qeyd edilib.

Toplantıda son zamanlar ölkədə “qızılca” xəstəliyi ilə bağlı uşaqlar arasında qeydə alınan ölüm hallarından da narahatçılıq ifadə edilib və İdarə Heyəti epidemioloji vəziyyətlə bağlı müvafiq dövlət orqanlarını təcili tədbirlər görməyə çağırıb.

 

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33