“NARKOMANİYA BƏLASINDAN QURTULUŞ YOLU VAR…” – “Bu məsələdə hamımız yumruq kimi bir olmalıyıq”

03/04/2024 - 13:26

“NARKOMANİYA BƏLASINDAN QURTULUŞ YOLU VAR…” – “Bu məsələdə hamımız yumruq kimi bir olmalıyıq”

Mirzə Cəfərov: “Yeniyetmə və gənclərimizi ciddi nəzarətdə saxlasaq, qanunazidd əməllərdən uzaqlaşdırsaq gələcək rahat və xoşbəxt həyatımızı, dincliyimizi təmin etmiş olarıq”

Son vaxtlar yeniyetmə və gənclərimizi toruna salan, onları fiziki və psixoloji cəhətdən məhv edən narkomaniyanın yayılması ölkəmizin gələcəyi üçün çox ciddi təhlükədir. Ona görə də bu ağır bəla ilə mübarizə bütün dövrlərdə qlobal xarakter daşıyır. Təsadüfi deyil ki, hər bir cəmiyyət üçün böyük ictimai təhlükəyə çevrilən narkomaniya "ağ ölüm” adlandırılır. Çünki bu yolun yolçularını çox erkən və faciəli sonluq gözləyir. Stopnarkotik.az bu mövzu ətrafında AJB-nin üzvü, jurnalist-politoloq Mirzə Cəfərovla söhbətləşib.

 

- Mirzə müəllim, sizcə, cəmiyyətimizin narkomaniya bəlasından xilas olması üçün hansı mühüm addımları atmalıyıq?

- Həmişə ardıcıl və ciddi mübarizə aparmaq cəmiyyətdə hər bir insanın ən vacib vasitələrindən biridir. Axı, kim ən yaxın adamının, dostunun, iş yoldaşının, qonşusunun Allahın bəxş etdiyi ömür payını sağlam həyat tərzi keçirmədən sona yetirməsini istəyər. Belə bir xəstəliyə düçar olmuş şəxs təkcə öz ailəsi, yaxınları, yaşadığı kənd, məhəllə üçün deyil, bütün cəmiyyət üçün təhlükədir. Bunu heç vaxt unutmaq, laqeyd yanaşmaq olmaz, bilə-bilə susmaq qətiyyən yolverilməzdir. Xüsusilə yeniyetmələri mənfi təsirlərdən, siqaret, alkoqollu içkilərdən, digər hər cür büdrəmələrdən qətiyyətlə, heç bir güzəştə getmədən qorumaq son dərəcə vacibdir.

Hansı yollarlasa mənfi təsirlərə məruz qalmış yeniyetmələr gələcəkdə həm ailəsi, həm də cəmiyyət üçün ciddi problemlər yaradır. Təbii ki, yeniyetmələrin yaşının belə bir mərhələsində hər bir valideyndən, ailədən daha çox diqqət və nəzarət tələb olunur.

- Siz bu problemin həll yolunu valideynlərin övladlarına ciddi nəzarətində görürsünüz?

- Bəli. Əgər hər zaman diqqətli olsaq, yeniyetmə və gənclərimizi ciddi nəzarətdə saxlasaq, qanunazidd əməllərdən uzaqlaşdırsaq özümüzün də gələcək rahat və xoşbəxt həyatımızı, dincliyimizi təmin etmiş olarıq. Hesab edirəm ki, bu məsələdə bir gün olsun belə, yubanmaq faciəyə yol açmış olar.

**

- Bəs, artıq narkotik asılısına çevrilmiş yeniyetmələrin, gənclərin xilası haqda hansı fikirləri söylə bilərsiniz?

- Məlumdur ki, ağır bəla olan narkomanlıq narkotik vasitələrin sui-istifadəsi nəticəsində həmin maddələrdən psixi və ya fiziki asılılıqla ifadə olunan xəstəlik vəziyyətidir. Axı, kim doğma ocağında, ailəsində, isti evində belə bir xəstə olmasını arzulayar?! Yəqin ki, heç kim. Narkomanlıq bu ağır yolun yolçusunun əslində həyatdan təcrid olunmasına, peşəkar əmək fəaliyyətinin itirilməsinə gətirib çıxarır. Bu isə sözün həqiqi mənasında həyata son deməkdir.

Odur ki, bu gün, sadəcə, narkotiksiz, təmiz gələcək uğrunda mübarizədə hamı əlbir olmalı, bütün səylər birləşdirilməlidir. Hazırda bütün dünyanı narahat edən bu sosial bəlaya qarşı mübarizəni təkcə məktəblərin, yaxud hər hansı bir dövlət qurumunun, hüquq-mühafizə orqanlarının üzərinə atmaq düzgün deyil. Bu mühüm məsələdə hamı bir yumruq kimi birlikdə olmalıdır.

Maarifləndirmə işləri daha da genişləndirilməlidir. Bu istiqamətdə hər bir imkandan maksimum yararlanmalıdır.

Qeyd etmək istərdim ki, geriyə qayıdış, bu bəladan qurtuluş yolları var. Necə deyərlər, ziyanın yarısından qayıtmaq da xeyirlidir. Ölkəmizdə narkotiklərlə mübarizə məqsədilə "qaynar xətt" rabitə əlaqəsi də var. Anonimlik saxlanılır, hər bir vətəndaş şahidi olduğu, ona məlum olan şəxs barədə sərbəst məlumat verə bilər. Xüsusi reabilitasiya müəssisələrinin fəaliyyəti isə ən gözəl çıxış yoludur.

- Necə düşünürsünüz, dövlətimiz tərəfindən "ağ ölüm"ə qarşı görülən tədbirlər qənaətbəxşdirmi?

- Əlbəttə, ölkəmizdə arzuolunmaz "ağ ölüm"lə mübarizə tədbirləri kifayət qədər güclüdür. Ümumilli liderimiz Heydər Əliyev hələ sağlığında bu xəstəliyə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab etmişdir. "Ağ ölüm"ə qarşı mübarizənin gücləndirilməsi məqsədilə 26 avqust 1996-cı ildə dövlət başçısı tərəfindən fərman imzalanmış, həmin fərmana uyğun olaraq Ümumilli proqram hazırlanmış, bu istiqamətdə Dövlət Komisiyyası fəaliyyətə başlamışdır. Üç il sonra 1999-cu  ildə ölkənin Milli Məclisi tərəfindən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizə”yə dair 2019-2024-cu illər üçün Dövlət proqramı icra olunur.

BMT tərəfindən də hər il iyun ayının 26-nın "Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü" elan edilməsi mühüm addım kimi təqdirəlayqdir.

Söhbətləşdi: Fuad BİLƏSUVARLI

Stopnarkotik.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ