“Narkotik vasitələrin yayılması yolları nəzarətə götürülməlidir” – ŞAHNAZ ŞAHİN
“Narkotikin daşınmasında, satılmasında, insanların yoluxdurulmsında “əməyi” olanlar sərt cəzalandırılmalıdır”
"Narkomaniya, narkotik vasitələrin istehsalı, daşınması, qanunsuz yollarla yayılması və istifadəsi cəmiyyətin həmişə ağrılı yeri olub, indi də bu məsələ aktualdır". Bunu Stopnarkotik.az saytına açıqlamasında ixtisasca həkim olan tanınmış yazıçı, Prezident mükafatçısı Şahnaz Şahin bildirib.
Narkotik istifadə etməyin zərərlərindən danışan həmsöhbətimiz əlavə edib: “Gəlin, əvvəlcə narkotik maddələrin nə olduğunu aydınlaşdıraq. Ümumiyyətlə, mərkəzi sinir sisteminə spesifik təsir göstərən və tez bir zamanda asılılıq yaradan maddələr narkotik adlanır. Mən ixtisasca həkiməm, bilirəm ki, narkotik istifadəsindən insan bədənində geri dönməyən patoloji hallar yaranır. "Narke" yunanca yuxu, bihuşluq, "mania" cəzb etmə, ağılsızlıq deməkdir. Narkotik bir tələdir. Bu tələyə düşən adamlar həm ruhi, həm də fiziki olaraq əziyyət çəkir. Narkotik bütün orqanizmi yavaş-yavaş zəhərləyir, immuniteti zəiflədir, iştahı azaldır, xəstələr arıqlayır, şüuru, zehni göstəriciləri aşağı düşür. Ən pisi də odur ki, narkotiklərin acı nəticələri orqanizmdə həmişəlik qalır”.
Şahnaz xanım deyir ki, narkomaniyanın qarşısını almaq üçün mütəmadi olaraq maarifləndirici tədbirlər keçirilməlidir: “Bildiyiniz kimi, mən uzun müddət dövlət qulluğunda çalışmışam. Sabirabad rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi məsələlər şöbəsinin müdiri vəzifəsində işləmişəm. Şöbənin nəzdindəki "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi" üzrə komissiyanın sədri olmuşam. Təhsil, səhiyyə və mədəniyyət sahələrinin işinə yaxşı mənada nəzarət də bu şöbədə olub. O üzdən, rayon polis şöbəsi ilə birlikdə məktəblərdə, xüsusilə, narkotik maddələrin vurduğu ziyan və bundan xilas yolları ilə bağlı çoxlu sayda tədbirlər həyata keçirmişik, video-çarxlar təqdim olunub, qısa filmlər, tamaşalar göstərilib. Yeniyetmələr arasında əlavə təbliğat işləri də həyata keçirilib. Məncə, belə təbliğat vasitələri yenə də davam etməlidir”.
Şahnaz Şahin hesab edir ki, narkomanlar əsasən özü istəmədən bu bəlaya düçar olanlar və xilas olmağı bacarmayan insanlardır: “Baxın, biz kimə narkoman deyirik: əsasən özü istəmədən bu bəlaya düçar olan və xilas olmaq istəsə də, bacarmayan adamlara. Amma narkomaniyanın özü bir xəstəlikdir, bu adamlar isə xəstə. Təbii, qurban olduqları halda səbəbkar kənarda qalır, cəzanı da bəzən onlar çəkir. Müalicəyə cəlb edilsələr də çoxunun sona çatdırmağa iradəsi çatmır. Tibdə belə bir ifadə var: profilaktika müalicədən asandır. Deməli, əsasən bu bəlaya qarşı mübarizə aparılmalı, xüsusilə narkotik vasitələrin yayılması yolları nəzarətə götürülməlidir. Onun daşınmasında, satılmasında, insanların yoluxdurulmsında “əməyi” olanlar sərt cəzalandırılmalıdır. Amma əhali arasında, təhsil tərbiyə ocaqlarında gənc və yeniyetmələrin daha çox məlumatlandırılması, əyani vasitələrlə maarifləndirici tədbirlərinin aparılması da vacibdir”.
Həmsöhbətimiz deyir ki, narkomaniyaya qarşı mübarizədə “ictimai qınaq” faktoru da önəmlidir: “Əvvəllər “ictimai qınaq” deyilən bir söz vardı. Məsələn, ictimai yerlərdə kimsə hansısa xoşa gəlməyən hərəkət etsə, söz və ifadələr işlətsə, böyüklər, ağsaqqal adamlar buna reaksiya göstərər, tənbeh edərdilər. Valideynlər də eşidib bilər və heç də inciməzdilər. Məktəbdə müəllim, evdə də valideynlər bu missiyanı üzərinə alırdı. Təəssüf ki, indi bəzən görüb, görməzliyə vururlar. Bilmirəm niyə?! Amma o reaksiyanı tək-tük verən olar, ya heç olmaz.
Əvvəllər hər zaman ictimai nəqliyyatda görmüşük ki, gənclər özündən böyüklərə yer verir. İndi vəziyyət necədir? Şəxsən mən belə gənc görəndə az qalıram onu qucaqlayıb öpüm. İndi belələri “tapıntıdır”. “Avropa”, “Avropa” deyib, çox dəyərli adətlərimizin başından keçmişik. Halbuki, orda reallıq başqadır, bizdə təbliğat başqa. Məncə, nüfuzlu, sözü ilə əməli tutan insanların köməyinə həmişə ehtiyac var. Nə lazımdır edək, təki nəticəsi olsun”.
Ş.Şahin deyir ki, hansısa narkoman üçün narkotik maddələrin əlçatmaz olması hər zaman işə yaramır: “Onda da kustar yolla nəsə hazırlayıb, qəbul edəcəklər. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, hazırda dünya üzrə 750 milyona yaxın insan narkotik maddə istifadə edir. Təəssüf ki, burda ölkəmizin də “payı” var”.
Söhbətləşdi: Fuad BİLƏSUVARLI
Stopnarkotik.az