Noyabrda... Cəbrayıla yaz gəlib! - 31 İL UZANAN SƏFƏR

26/11/2024 - 14:45

Düşdük yolun ayağına...

Uzun-uzun illərdən sonra ilk dəfə elimizə gedirik. Vədələşdiyimiz kimi, sübh tezdən cəbrayıllı qonşularımızla Bibiheybət məscidi yaxınlığında görüşürük. Azərbaycanın Əməkdar Elm Xadimi, texnika elmləri doktoru, professor, gömrük xidməti polkovnik-leytenantı Ramiz Hümbətov, onun bacısı Adilə Əhmədova, bacısı oğlu Adil Şərifov, Adil müəllimin həyat yoldaşı Rəhilə Quliyeva ilə hal-əhval tuturuq, hər kəs səhərəcən yatmadığını deyir.

Ətrafa baxırıq - APA TV-nin gənc əməkdaşları - çəkiliş qrupu da gecikməyib. Hamı hazırdır. Tələsirik. Biz evimizə çatmağa, operator Ramiq və sürücü Fuadla yola çıxan rejissor Ruslan Mollayev isə yeni filmə başlamağa, “Yurda dönən çinar”ı çəkməyə tələsir. Odur ki, yubanmadan yola çıxırıq!..

     

    Ürəyi qovuran xatirələr

    Elimizə, evimizə doğru uzanan yolun hər qarışını keçdikcə dərindən nəfəs alırıq, rastımıza çıxan hər daşla, hər ağacla... salamlaşır, soruşuruq: yadına gəlir, bizi xatırlayırsanmı, 31 il əvvəl burdan keçmişdik...

    Deyirlər, xatirələr qaldıqca şirinləşir. Amma elə xatirələr var ki, vaxt ötdükcə daha da ağırlaşır, acısı yandırır adamı...

    ...1993-cü ilin yayıydı. Sübh tezdən aramsız və amansız bir atışma ilə ilə günümüz başladı. Kitab oxuyurdum, ona görə eşitdiklərimin, hiss etdiklərimin həqiqət, yoxsa sənətin yaratdığı bir imitasiya olduğunu dərk edə bilmirdim. Gah səssiz bir təlaşla əlimdəki açıq kitaba baxırdım, gah da vahiməli bir səda ilə titrəşən pəncərə şüşələrinə, qab-qacağa... Bir tərəf seçməliydim sanki və mən bu dəfə kitabın məni bağrına basmağını diləyib ona qısıldım!.. Amma qəflətən bir əl qolumdan bərk yapışdı. Anamıydı, məni qapıya doğru çəkirdi:

    – Gəl, tez gəl, evdən çıxmaq lazımdı!..

    Bir-iki addım atıb dayandım, ətrafa baxıb, ən qiymətli nədir – nəyi götürüm deyə bir anlıq düşündüm. Ağlımdan keçənləri duyan anam tələsik dedi:

    – Heç nə götürmə, indi çıxaq, bu gün gözləyək, sabah qayıdarıq!..

    ...Gözlədik! O gündən 10 000 günə qədər gün keçdi, ay Allah!

    Düz 4 oktyabr 2020-ci ilədək gözlədik!

    “Sabah qayıdarıq!” demişdin, ay Ana! O sabahımız düz 31 il sonra açıldı!..

    Uzun-incə bir yolla, gündüz-gecə, xəyalda-gerçəkdə, açıq-gizlincə... dayanmadan-durmadan bütün bu illər yurdumuza doğru yürüdük və 31 il sonra elimizə döndük!..

     

    Qartalın nişan verdiyi Cəbrayıl

    Cəbrayıl Qarabağ silsiləsində yerləşən dağlıq rayondur. Ziyarət dağı, Ağoğlan və Quban təpəsi sanki bu diyarın təbii istehkamları kimi qoruyurdu onu. Rayon mərkəzi dağların ətəyində yerləşirdi. Saf havasına və gözoxşayan yaşıllığına görə Cəbrayıla “balaca Soçi” də deyirdilər. Cəbrayıla gedən yolu dağlar, yüksəkliklər göstərirdi və bu qəribə yol nişanlarını uşaqdan-böyüyə hamı əzbər bilirdi. Məsələn, rayon mərkəzinə gələn qonağa yolu belə tanıdırdılar: Qartalın ətəyindən dolanıb düşərsən... Ona görə belə deyirdilər ki, yolun üstündəki dağın başında qanadları açıq, nəhəng qartal abidəsi vardı. Ha tərəfdən baxsan, o qartal görünərdi...

    Cəbrayıl cənubdan İran Respublikası və cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şərqdən Füzuli rayonları ilə həmsərhəddir. Tarixi Xudafərin körpüsünün bu ərazidə yerləşməsi, qədim İpək yolunun üstündə olması Cəbrayılda həm köklü mədəniyyətin yaranmasına, həm də fərqli adət-ənənələrin formalaşmasına təsir göstərmişdi. Bu balaca rayonda Qarabağın, Azərbaycanın qədim Qərb bölgəsinin mədəniyyəti ilə Güneyin, qədim Təbrizin köklü mədəniyyəti bir-birinə qovuşmuşdu.

    Ləl təpə - Lələtəpə!

    Füzuli rayonunu keçən kimi yüksəklikdə əzəmətlə dalğalanan bayrağımızın qarşısında dayanırıq:

    – Xoş gördük, Lələtəpə!

    – Cəbrayıla xoş gəlmisiniz!..

    Xoş günün olsun, doğma torpaq, şükürlər olsun bu günə!

    Eşq olsun Ali Baş Komandana və düşmənə qarşı dəmir yumruğa dönən Azərbaycan xalqına!

    Yolumuz yumulmuşdu, açıldı axır.

    Ocağımız sönmüşdü, alışdı axır.

    Mələyimiz əsir idi, qurtuldu axır!

    Canını bu günümüz üçün fəda edən şəhidlərimizi ehtiramla anırıq!

    Qalib ordumuzun qazi döyüşçülərinə şəfa diləyirik!

    Yurdumuza qədəm basıb yolaşağı-yolyuxarı baxırıq...

    Yol ilə yürüyən yolçu olmasa, bilinməz bu yol gəlir, ya gedir, deyiblər.

    Bu yoldan son dəfə keçəndə bütün maşınların yönü ancaq bir tərəfəydi, indi yolun hər iki səmtinə sürətlə şütüyürlər. Üzü Cəbrayıla gedəni lap çoxdur, ard-arda ağır yük maşınları keçir, tikinti materialı, ərzaq daşınır...

    Yolun solunda Cocuq Mərcanlıdır. Abadlığı göz oxşayır, göz qırpmadan fərəhlə baxırıq. Ona bitişik Böyük Mərcanlının köksü cadar-cadar, göz işlədikcə uzanan çölləri qabar-qabardır. Böyük Mərcanlımın şair oğlu Vaqif Bayatlının dediklərini xatırlayıram: Yeddi qardaşın bir bacısı olur, yol gəlib, dağları aşıb yorulurlar, yan-yana özlərinə, bir az aralıda bacılarına çadır qurub binə salırlar. Cocuq Mərcanlı həmən o bacının oğul-uşağıdı, Böyük Mərcanlı da o uşaqların doğma dayılarının – yeddi qardaşın törəmələri...

    O çadırlar təzədən qurulacaq, şair, binələr təkrar ev olacaq, yuvalarda təkrar ocaq qalanacaq, qazanlar asılacaq, bacıuşağı-qardaşbalasının səsi Lələtəpənin ətəyindən ta yamacınacan yayılacaq yenə!..

     

    Günəşin dəcəl nəvələri

    Cəbrayıla dəmiryolu Araz qırağı kəndlərdən keçib Zəngilana adlayırdı. Dəmiryolu xətləri də işğal dövründə talanmış, dağıdılmışdı. İndi torpağın damarlarına bənzədilən bu xətlər yenidən bərpa olunub, hazır vəziyyətdə qatarlarını gözləyir. Yol boyu aparılan quruculuq, abadlıq işlərinə heyranlıqla baxırıq. Gözoxşayan yeni işıq dirəkləri, səliqə ilə düzülən müasir kommunikasiya xətləri, günün şəfəqləri altında parıldayan naqillər Günəşin balaca, dəcəl, şıltaq nəvələri kimi bizə baxıb qımışır, gülümsəyib əl edir...

    Yolboyu səssiz müşahidə aparan Ramiz müəllim ilk dəfə dillənir:

    – Baxın bu quruculuğa, tarix də budur, tarixçilər də! Bu görüntülər bədxahlara verilən ən tutarlı cavabdır. Torpağın sahibi tikər, qurar, yaradar, yol çəkər, işıq gətirər!.. Yoxsa bunlar...

    Qəhərlənir, davamını deyə bilmir. Hamımız doluxsunuruq. Onların gördükləri iş - torpağın bağrında dərin yarğanlar qazmaq - istehkamlar qurmaq olub. Yolboyu qısa məsafələrlə ard-arda qazılan bu istehkamları görəndə adamın ürəyi sancır – doğma torpağa vurulan o külüngün zərbəsini canında hiss edir, bu dünyada torpağın da əsir qaldığına, işgəncə gördüyünə əmin olur, xalqımızın qəhrəman övladlarının ard-arda düzülən bu şeytan sədlərini necə şücaətlə keçdiklərindən qürur duyursan!..

     

    Soltanlı – alimlər kəndi

    Arazqırağı kəndlər – Mərcanlı, Soltanlı, Mahmudlu... Cəbrayılın həm böyük, həm də dəmiryolu kənarında, o dövrdə ən müasir kommunikasiya xəttinə yaxın olduğu üçün inkişaf etmiş kəndləri idi. Zarafatla danışırdılar ki, burda uşaq yerindən duran kimi əl-üzünü yuyub çıxır dəmiryoluna, qatara minib sağollaşır: evdəkilərə deyin mən getdim Bakıya oxumağa...

    Təhsil, məktəb, oxumaq – demək olar ki, bütün cəbrayıllıların başlıca arzusu idi. Bu yerlərdə hamı kitaba xoşbəxtliyin açarı kimi baxırdı, ali məktəbə daxil olan cavanlar özündən sonrakılara öz kitablarını bağışlayardılar – bu da ən qiymətli hədiyyə, uğur rəmzi sayılardı. Düzü, çox tez-tez soruşurlar ki, Cəbrayılın bu təhsil ənənəsinin kökü hardan gəlir – bu suala müxtəlif cavablar var. Heç şübhəsiz ki, rayonun İpək yolunun üstündə olması, əzəl dövrdən sənət və mədəniyyət qovşağında yerləşməsi, 1873-cü ildə Cəbrayılı və ətraf rayonları – Füzuli, Xocavənd, Qubadlı, Zəngilanı əhatə edən Cəbrayıl qəzasının yaradılması və sürətlə inkişaf etməsi başlıca səbəbdir. Təhsil almaq, savadlanmaq arzusu bütün Cəbrayıla xas olduğuna görə rayonun adlı-sanlı yetirmələri saydıqca qurtarmır. Araz qırağı kəndlər, xüsusən Soltanlı bu sırada xüsusilə seçildiyi üçün ona Alimlər kəndi deyilərdi.

    Soltanlıdan keçəndə mən hörmətli müəllimim, görkəmli dilçi-alim, akademik Tofiq Hacıyevi xatırlayıram, uzun illər Cəbrayılda müxtəlif məsul vəzifələrdə çalışan Adil müəllim isə fəxrlə sadalayır: Akademik Arif Həsənov, kimyaçı-alim Allahverdi Verdizadə, qızı Nailə Verdizadə, fizika sahəsində tanınmış alım Novruz Bəşirov, dilçi-alimlər Qəzənfər Kazımov və İsmayıl Kazımov, şair Sərdar Əsəd, yazıçı Tahir Kazımov...

     

    Daşa dəyən güllələr

    Su bərəkətdir, bolluqdur. Araz çayı sahili boyunca sıralanan kəndlərimiz münbit qaratorpaq sahələri, həm də iqtisadi inkişafı ilə, geniş daş evləri, həyətlərində suyu-bağçası, səliqəli yolları ilə seçilirdi. Su gələn arxa bir də gələr, deyiblər. Bu yerlərə də artıq əmin-amanlıq qayıdır. Yenidən qurulan Şükürbəyli kəndi, bir-birinə boy verən evlər öz sakinlərinin görüşünə hazırlaşır. Xeyirli, uğurlu olsun! – diləyib Əmirvarlıya çatırıq. Bu, görkəmli riyaziyyatçı, akademik Əşrəf Hüseynovun, uzun illər nazir müavini işləmiş professor Novruz Quliyevin kəndidir. Hazırda rayon ərazisində yeganə otel, geniş yeməkxana burada olduğuna görə dayanırıq.

    Dərhal diqqətimizi divarlarda, qapılarda görünən güllə izləri cəlb etdi. Güllə izləri burada gedən şiddətli döyüşlərdən xəbər verir. Bütün ətraf ərazilər üçün açar rolunu oynayan bu kənd şanlı Ordumuz tərəfindən 19 oktyabr 2020-ci ildə azad edilib. Üzümüzə mehribanlıqla açılan qapılardan içəri keçirik. Barlı, abad bir mənzərə gözümüzün qarşısında canlanır.


    İşğaldan azad olduqdan sonra boy atan, qulluq görən meyvə ağaclarının barına baxmaqdan gözəl nə ola bilər? Bizim ritorik sualımıza məkanın cavan əməkdaşı cəld cavab verir: dadına niyə baxmırsız ki?! Başıdolu heyva ağacının barına qonaq oluruq – bu, doğma yurdda ilk nübarımızdı, həsrət və sevinc dadı verir!..

     

    Salam, doğma məktəb!

    Əmirvarlıda nahar etmədən, Akademik Mehdi Mehdizadə adına Cəbrayıl şəhər tam orta məktəbinə görüşə tələsirik. Məşhur yetirmələriylə tanınan, Cəbrayılın 148 yaşlı qocaman təhsil müəssisəsi öz yerində yenidən tikilərək bu günlərdə istifadəyə verilib. Bu, 6 yaşımda (bizim dövrümüzdə 7 yaşı tamam olmamış uşaqları məktəbə qəbul etmirdilər – red.) xüsusi istisna hal kimi qəbul olduğum və 16 yaşımda medalla bitirdiyim doğma məktəbimdir.

    İndi məktəbimizin üzü Qurban təpəsinə, yüksəkliyə, zirvəyə baxır. Tez-tez bu təpəyə qalxar, əfsanəyə görə çörək bişirdiyi yerdə, dördayağı, kündələri, oxlovu ilə daşa dönən Mazan nənə pirini ziyarət edər, küləyin aşırdığı kündələri səliqə ilə yan-yana düzərdik. Məktəbin müəllimləri bizi – Ramiz müəllim başda olmaqla hamımız bu məktəbin məzunları, Rəhilə xanım isə müəllimi olub – mehribalıqla qarşılayır, bir-birimizə doğmalıqla sarılıb görüşürük. Məktəbin müəllimləri – sinif yoldaşım Bahar Ağayeva, məktəb yoldaşım Könül Muradxanlı ilə sanki təzədən uşaqlaşır, az qala qaça-qaça dərs otaqlarına, modern fənn kabinələrinə baxırıq. Məktəbin məzunu, indi direktoru olan Şəlalə Qasımlı şagirdlərin və müəllimlərin hər gün həvəslə dərsə gəldiyini vurğulayır. Deyir, doğma məktəb yolları ilə gəlib-getmək, doğma divarlar arasında dərs demək bir ayrı xoşbəxtlik imiş!

    Ramiz müəllim öz kitablarını və şəxsi kitabxanasından 120-dən çox kitabı, biz də özümüzlə gətirdiyimiz kitabları məktəb kitabxanasına hədiyyə edirik. Sabir Əhmədli, Kamil Vəli Nərimanoğlu, Tahir Kazımov, Kamil Əfsəroğlu... cəbrayıllı, eləcə də görkəmli digər ədəbiyyat-mədəniyyət xadimlərimizin kitabları yenicə qurulan məktəb kitabxanası üçün dəyərli töhfədir.

    Məktəbin son illər direktoru olmuş İslam Məmmədovu, Müzəffər Sadıqovu, hörmətli müəllimlərimizi – Cəbrayıl müəllimi, Sərvinaz müəllimi, Ataş müəllimi, Oruc müəllimi, Şövkət müəllimi, Fazil müəllimi, Elmira müəllimi, Elman müəllimi, Etelya müəllimi... xatırlayır, dünyadan köçənlərə rəhmət, qalanlara cansağlığı arzulayırıq.

    Tədbirlərdə həmişə məktəbimizdə şeir deyərdik axı! Heç onu unutmaq olar?! O günləri yada salıb doğma divarlar arasında Vaqif Bayatlı Odərin məşhur misralarını söyləyirik:

    Yatar yuxusunda bir gənc dənizçi,

    Elə hey, elə hey kiməsə deyər –

    Unutma, unutma, unutma məni!..

    Qürurla və sevinclə qədəm basdığımız məktəbə, müəllim və şagird kollektivinə Cəbrayılın təhsil ənənəsinə sadiq qalmağı, əslən Cəbrayılın Daşkəsən kəndindən olan akademik Mehdi Mehdizadənin elmdə, təhsildə və karyerada qazandığı nailiyyətləri təkrarlamağı, daha yeni zirvələri fəth etməyi diləyib ayrılırıq...

     

    Araz üstə, buz üstə...

    Sübh tezdən, soyuq, sazaqlı bir havada üzü Xudafərinə sarı irəliləyirik. Xudafərin kəndinin qalıqları arasından keçib, Diridağa doğru boylanırıq.

    Burada Qumlaq kəndi varıydı, indi nəhəng Hidroqovşaq, Su Elektrik Stansiyası tikilib. Hazırda diqqət mərkəzində olan və Yaşıl Dünyaya şəfəq saçan Günəş Elektrik Stansiyasının da Cəbrayılda inşası artıq reallaşır və azad olunduqdan sonra canlanan bu diyar dünyamızı “yaşıl”laşdırmağa hazırlaşır...

    Gözüm Dirili kəndini, Qurbaninin qəbrini axtarır. Adil müəllim: “Aşıq Qurbaninin qəbrini görmək üçün gərək bu yolla yox, Xələfli kəndi tərəfdən gələsən” deyir. Və bir-birimizdən soruşuruq ki, görəsən, qalırmı şairin məzarı, yoxsa barbarlar onu da tarmar edib?

    İqtisadiyyat Nazirliyi, İqtisadi Zonaların İnkişafı Agentliyi, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının inzibatçı rəhbəri Malik Hacıyev sahil boyu ərazilərdə görülən işlərdən, quruculuqdan fərəhlə danışır, bizə yolumuzu göstərir. Amma ona da yolu dərədən-təpədən qıvrılaraq özünü qayadan atan Araz tuşudur. Lap nağıllarda deyildiyi kimi, dağdan aşıb, çaydan keçib Xudafərinə çatırıq.

    Arazla üz-üzə dayanasan, Xudafərinə baxasan, o taya-bu taya boylanasan... Könlün qubar etməsinmi?! Gözünə yaş, dilinə bayatı gəlməsinmi?!

    ...Burda yolum oldu tən,

    Varmı bu yoldan ötən?!

    Bu dünyada ən əziz,

    Bir anadı, bir Vətən!

    Su üzü mübarəkdir, deyirlər, amma biz Arazı sevmirdik, sevə bilmirdik... Onca acı, onca ağı qarışmışdı ki suyuna!.. Bilmirəm, hər yerdəmi belə görünür, amma mən Arazı şirin-şirin axan yox, dərdli, yorğun, canını qoymağa yer gəzən halda gördüm.

    Bu yerlərdə az qala hər ailəni yaralayan, o üzdə qardaşını, babasını, əmisini-dayısını itirənlərin göz yaşlarıyla durulan Arazımız! Qınama bizi!.. Yol çəkən gözlərin niskilini hələ onda heylə anlamırdıq, ayrılıq acısı nəymiş 30 ildə bildik, anladıq nələr çəkiblər!..

    Əslərin sirdaşı - sirr daşlı Xudafərin

    Arazın üstündən çox bəndlər atılıb, çox körpülər qurulub. Amma günümüzə qədər dimdik ayaqda dayananı Xudafərindir. Körpünün yerləşdiyi Xudafərin dərəsi Araz çayı yatağında ən dar, əlverişli keçid olub. Körpüdəki daşların yumurta ilə hörülüb suvandığını, tağların təbii qayalıqlar üzərində tikildiyini deyirlər.

    Baş Xudafərin adlanan birinci körpü 11 aşırımlıdır, yeni tikilən anbarın bəndinə lap yaxın olduğu üçün yaxınlaşa bilmirik. Sonra tikilən, ikincinin – 15 aşırımlı, uzunluğu 200 metr, eni 4,5 metr, hündürlüyü 12 metr olan körpünün qarşısındayıq. Eynən Sabirin dediyi kimi, dəryada dayanan qocaman bir dağa bənzəyir. Buna görə də yüzillər boyu onu görən hər kəs kimi biz də qeyri-ixtiyari Xuda Afərin deyirik.

    Əzəmətlidir, sirlidir, hikmətlidir, təmkinlidir!..

    Məmməd Arazın təbirincə desək, əbədiyə qəh-qəh çəkib gülən əbədidir. Onu ziyarət edənlərə gerçək bir tarix dərsi keçir, yüz illərdir gəlib-keçən nəsillərə xalqımızın ruhunu, sənətkarlığını, ustalığını və usdadlarını anladır. Amma sirr vermir, sehrini açmır Xudafərin! Bəzi mənbələrə görə tarixi VIII-IX əsrlərə və daha qədimlərə söykənir. Daha çox istinad olunan tarix isə 1027-ci ildir.

    Hara çevirsən, tarixidir, qədimidir!

    Ha yandan baxsan, möhtəşəmdir!

    Hansı zamandan boylansan, sirli-sehirlidir...

    Cəbrayıl rayonunun rəmzi olan bu tarixi abidə də işğal olunmuşdu. Azərbaycan silahlı qüvvələri tərəfindən 18 oktyabr 2020-ci ildə azad edilərək cənab Ali Baş Komandana məruzə olunan tarixi an – üçrəngli bayrağımızın şöləsində mürgüləyən Xudafərinin mənzərəsi bu körpülərin tarixi qədər möhtəşəm və misilsiz idi!

    Daha bir ilahi hikmət və bir daha Xuda Afərin!

     

    Çinara söykənən diyar

    Dağların döşündə bir ulduz kimi,

    Gecə də, gündüz də yanır, Cəbrayıl.

    Özünün qəhrəman, igid oğlunu,

    Cəmili hər zaman anır, Cəbrayıl.

    Əzbər bildiyimiz, folklor kimi dildən-dilə, ağızdan-ağıza keçən məşhur bir nəğmənin sözləridir bu. Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədov xalq yazıçısı Sabir Əhmədlinin kiçik qardaşıdır. Şəhərin mərkəzində büstü, bir az ondan yuxarıda isə adını daşıyan muzey və məktəb vardı. Sabir müəllim daim görüşlərdə çıxış edər, qardaşı Cəmillə bağlı xatirələrini danışardı. O da bilməzdi, bizim də ağlımıza gəlməzdi ki, bir gün Sabir müəllimin bağrında qardaşı Cəmillə yanaşı oğlu Məhəmmədin də şəhid məzarı qazılacaq...

    Dağılıb şəhərimiz... Nə abidəmiz, nə evlərimiz qalıb. Gözümüzü açıb baxırıq, qıyıb baxırıq, görürük ki, yox, gözümüzün gördüyü bizim bir vaxt gördüklərimiz deyil!

    Dağların qoynundakı abad, səfalı şəhərin yerində qalan uçuq divarlardı, adama boylanan kollardı...

    “Bu dünyanın qara daşı göyərməz” şair, amma doluya düşərmiş, “Qrad”a sinə gərərmiş!..

    Qara Daş – göydən düşən, cəbrayıllıların qoruduğu, sığal çəkdiyi iri qaya parçası da düşmənlə döyüşər, köksündən vurularmış!..

    Ay dərdim,

    Sevinc əkdim, vay dərdim.

    Biz Çinara söykəndik,

    O da dedi “ay” dərdim!

    Yadıma gəlir, məşhur, qocaman Xan Çinarı “Qrad” yaralayanda hamı başına yığışıb, qol-budağını sarımışdı. Yağı düşmən işğal vaxtı Xan Çinarımıza da qıyıb, təbiətin 800 yaşlı şah əsəri də yağmalanıb, talanıb, daşınıb!..

    Mərkəzi Kitabxananı, sevimli kitablarımızın evini axtarıram, dağıntılar arasında sağ qalan bir divar mənə sarı boylanır... Anamın 30 ildən çox çalışdığı, kitabları əzizləyə-əzizləyə, kitabxanaçı həmkarları – Gülzar xala, Səməngül xala, Şümşat xala... ilə dünyaya bərabər bir ömür yaşadığı, Səməngül xalanın oğlu – Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovun lap balaca vaxtından geniş maraq dairəsi və sürətli mütaliəsi ilə seçildiyi, Nəriman dayının oğlu Kamil Vəlinin isə, əksinə, yuxarı siniflərdə aşkar olan elmə, təhsilə sevgisini, kitablara sevdasını... onlarla gözəl xatirələri yaddaşına yazan doğma divar!

    Çinarla yanbayan olan bu müqəddəs məbədimiz də yağı düşmən tərəfindən dağıdılıb, kitab xəzinəmiz məhv edilib, daşınıb!..

     

    Bizim Dəyirman Dərəsi

    ... Son dəfə Qartalın ətəyində dayanmışdıq. İrəliyə yox, elə hey geriyə boylanırdıq. Həyətimizdə, bağımızda tüstülənən topa-topa ocaqlar başımıza yağan “Qrad”ın qırıntılarıydı. Anam zənlə bu tüstü-dumana baxıb özünə, bizə təsəlli verirmiş kimi tez-tez təkrarlayırdı: “Evə düşməyib... Divarlar salamatdı... Tüstü burulan yer darvazanın ağzıdı...”

    ...O il – 1993-cü il! O gün – bir yay səhəri!

    Burda, şəhərin girişində, yol üstündə dayanmışdıq və bombalardan bağrı yarılan, yerində qıvrılan asfalta baxırdıq. Bilmirdik, sözün həqiqi mənasında bilmirdik ki, haraya, hayana gedək!.. Və... o gün evimizdən, elimizdən qopub çöllərə düşdük, qəriban çölçü olduq. Hər yolayrıcında dönüb anamdan soruşurduq – indi hara gedək? İrəliyə yox, geriyə baxıb deyərdi: “Çox aralanmışıq elə bil!.. Çox uzağa gəlmişik – ta getməyək! Dayanaq burda. Axşam qalıb sabah tezdən yola çıxıb qayıdarıq...”

    Dayandıq. Gözlədik. 2024-cü ilin payızında yola çıxdıq və 31 ildən sonra çatdıq şəhərimizə!..

    ...Qartalın ətəyindəyəm yenə!

    “Dostluq bulağı”ndan aşağıda, Cəbrayılın girəcəyində üzü Dəyirman Dərəsinə, doğulub, boya-başa çatdığım məhləmizə boylanıram.

    Tüstü yoxdur, duman yoxdur, “Qrad” yoxdur, amma görmürəm, tapa bilmirəm evimizi.

    Yaxınlaşıb, hamamın divarından tanıyıram, sığallayıb hamarlayıram uçuq-sökük divarlarımızı... Qırmızı daşdan qırmızı dəmirli evin, barlı bağçan, boyunu sevdiyin, qol-budaqlı say-seçmə ağacların hanı, Ata?

    Bu evi, bu bağı, bu ağacları bizə əmanət etmişdin, hanı əmanətin, hanı sərvətin, hanı minbir əziyyətlə qurduğun cənnətin? Şeytanlar taladı, iblislər oğurladı, vəhşilər dağıtdı, yağılar daşıdı...

    Cəbrayıldan ayrılanda qızım yaşındaydım, indi... nənə yaşındayam. Bu mənəm, əncir ağacı! Tanıdın məni, nar yarpağı? Namiqin suvağı, qardaşımın tikdiyi hamam, yadına gəlirəmmi?!

    Atam, anam, Natiq, Namiq qardaşlarım, hardasınız, burdasınızmı?!

    Dərdin də atası, anası, balası varmış!.. İtkidən betər itki olarmış!.. Acılar acını unutdurarmış!.. Yollar da yolçusuz darıxarmış!.. Dağlar da həsrətdən yıxılarmış!..

    Torpaq da ayağa qalxarmış!.. Ağaclar da vuruşarmış!.. Daşlar da vurularmış!..

    Gedənlər qayıdarmış!.. Divarlar da danışarmış, adama sarılarmış!.. Bilirdinizmi?!.

     

    Şəhər, quraram səni!..

    Xanım analar, xatın bacılar, doğma yamaclar, biz qayıtdıq!

    Əziz atalar, çinar qardaşlar, lay divarlar, biz gəldik!..

    Cəbrayıl yenidən canlanır! Dağılan tifaqlar təzədən tikilir! Əhali hissə-hissə doğma şəhərinə dönür, ailələr işıqlı, geniş, rahat evlərə köçüb yaşayırlar. İnsanlar bir-birinə əvvəllər olduğu kimi pay verib pay alır, qonaq gedir, evlərinə qonaq çağırırlar...

    Bu, yeni dövrdür!

    “Tarix müharibələr tarixidir. Sülh, əmin-amanlıq olanda salnaməçi susur” – yazır Oljas Süleymenov. Bizim – müasir dövrün salnaməçiləri olan jurnalistlərin, yazarların gözü qarşısında yeni tarix yaranır, təzə səhifələr yazılır. Bu quruculuqdan qürurla danışmaq, sevinclə yazmaq, yazmaq... istəyirsən!

    “İçin, Çinarın suyu dərmandır” – deyir Adilə xala. Əvvəllər olduğu kimi, Çinarın bumbuz suyu ilə əlimizi yuyub doyunca içirik. Nur üzlü şəhidlərimizin, bu günü həsrətlə gözləyib dünyadan niskilli, nakam köçənlərimizin ehsanı olsun!

    Çinarın yanında Anar müəllimlə Fidan xanım bizi səsləyib, bir dəstə boyana verirlər.

    Təəccüblənirik ki, payızda da boyana olar? Deyirlər ki, Çinarın ətrafından yığmışıq, özünüz də gəzin, baxın, yemlik də çoxdur, hər gün yığıb yeyirik, Cəbrayıla yaz gəlib, burda noyabr ayında bahardı, bizim payızımız yox, baharımız başlayıb indi!..

    Rejissor Ruslan Mollayev ikigünlük müşahidədən sonra yavaşca pıçıldayır:

    – Bura həqiqətən mistik bir məkandı... Gəlməsən, görməsən, inanmazsan!

    Görmək demişkən, Cəbrayıl məktəbi üçün kitablarını həvəslə hədiyyə edən, Ağdama, Şuşaya gözəl şeirlər yazan şair Qulu Ağsəsdən ərkyana soruşuram ki, bəs Cəbrayıla nə vaxt şeir yazırsan? O da qayıdır ki, gərək Cəbrayılı görəm sonra! Gülümsəyirəm: şair, sən peyğəmbərsən ki, Cəbrayılı görəsən?!

    Mələyi deyə bilmərəm, amma bizim Cəbrayılı, külündən doğulan şəhərimizi indi ürəyi istəyən hər kəs görə bilər.

    Bura köçən sakinləri, burda böyüyən övladlarıyla bu diyara həyat qayıdır, bu torpağın, elin, obanın ruhu canlanır. Ağaclar pöhrələyir, fidanlar boy atır, suların ən durusu yenə Çinarın gözündən axır, Qurban Təpə, Ağoğlan, Ziyarət yenə əziz qonaqlarını qarşılayır, Qara Daş ziyarətçilərini sevindirir, Hacı Qaraman ocağı əl tutmaqdan yorulmur...

    P.S. APA TV-nin çəkdiyi “Yurda dönən Çinar” filmi yaxın günlərdə təqdim ediləcək. Adətən, yazı filmdən sonra yazılsa da, bu dəfə ondan irəli keçdi, kino bir az sonra başlayacaq!..

    P.P.S. Yığdığım bir neçə narın üstünə yemişan, bir az da boyana qoyub Ruslan bəydən xahiş edirəm ki, bunu işdə Məhbubə Qasımbəyliyə verərsiniz – Cəbrayıl payıdır, deyin ki, bu nübardır, tezliklə dolu bağlarımızdan dolu paylarımız olacaq, inşallah!

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

    Sabah Bakıya leysan yağacaq
    26/11/2024 - 12:56
    Sağlamlığın tək ünvanı
    26/11/2024 - 12:10
    Ədalət Verdiyev həbs olundu
    25/11/2024 - 18:51