Prezident İlham Əliyev: Pakistana çox gözəl səfərim oldu, Azərbaycana konkret sərmayə layihələri təqdim ediləcək
Mənim Pakistana çox gözəl səfərim oldu.
APA xəbər verir ki, bunu Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında deyib.
“Mənə həm Baş nazir, həm Prezident tərəfindən çox yüksək qonaqpərvərlik göstərildi. Mən o səfərin nəticələrinə görə çox şadam. Biz səfər çərçivəsində 17-yə yaxın sənəd imzaladıq. Onların bir çoxu artıq icra olunur. Eyni zamanda, biz Azərbaycan üçün Pakistanda sərmayə imkanlarını nəzərdən keçirdik və mənim qardaşım, Baş nazir Məhəmməd Şahbaz Şəriflə razılaşdıq ki, Azərbaycana konkret sərmayə layihələri təqdim ediləcək. Müvafiq nazirlər təlimatlandırılıb və o layihələr nəzərdən keçiriləcək və əminəm ki, icra olunacaq. Çünki bu, əlbəttə, kommersiya baxımından nəzərdən keçiriləcək. Hesab edirəm ki, burada nəhəng potensial var. İkitərəfli ticarət və sərmayə, həmçinin müdafiə sənayesi məsələsini də geniş müzakirə etdik, hər iki ölkənin potensialını müzakirə etdik. Əminəm ki, biz əməkdaşlığımızı gələcəkdə də gücləndirəcəyik” – deyə dövlət başçısı vurğulayıb.