RAMİZ MEHDİYEV VƏ ELTON MƏMMƏDOV İSTİNTAQA CƏLB OLUNUR? - Prokurorluq AMEA ilə bağlı cinayət işi açdı (Yenilənib)
Hesablama Palatasından daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) baş vermiş qanun pozuntusu faktları ilə bağlı cinayət işi açılıb. Prokurorluğun məlumatında bildirilir ki, qurumun 2020-2023-cü illərə dair fəaliyyəti üzrə təyin edilmiş audit yoxlamaları nəticəsində vəzifəli şəxslər tərəfindən külli miqdarda dövlət vəsaitinin təyinatı üzrə istifadə edilməməsi, habelə digər qanun pozuntularının törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Qeyd edilən faktlarla bağlı aparılmış araşdırma üzrə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. “AzPolitika” xatırladır ki, oktyabrın 18-də Hesablama Palatasında AMEA-nın İşlər İdarəsi tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditinin nəticələri müzakirə olunub. Müzakirələrin nəticəsinə əsasən, 2020-2021-ci illərdə dövlət vəsaitindən və əmlakından istifadədə aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibi əlamətlərinin ehtimal olunması nəzərə alınmaqla müvafiq materialların Baş Prokurorluğa göndərilməsinə dair qərar qəbul olunub. Palatanın araşdırdığı 2020-2021-ci illərdə AMEA-nın İşlər İdarəsinə keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədov rəhbərlik edib. O, qurumun sabiq prezidenti Ramiz Mehdiyevin 16 yanvar 2020-ci il tarixli sərəncamı ilə həmin vəzifəyə təyin edilib və 2023-cü il noyabrın 28-nə qədər orada çalışıb.
Beləliklə, Elton Məmmədovun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində açılmış cinayət işinin istintaqına cəlb ediləcəyi və barəsində həbs qətimkan tədbiri seçiləcəyi gözləniləndir. Nəzərə alsaq ki, həmin dövrdə AMEA-ya Ramiz Mehdiyev rəhbərlik edib, məntiqlə prokurorluq onu və onun akademiyadakı yaxın ətrafını da istintaqa cəlb edə bilər. Elton Məmmədov bu il sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkilərinə qatılsa da MSK onun təqdim etdiyi məlumatlarda ciddi saxtakarlıq aşkar edildiyini əsas gətirərək namizədliyini qeydə almayıb. Elton Məmmədov isə MSK-nın bu qərarına kəskin etiraz edərək qurumun rəhbərliyini saxtakarlıqda ittiham etmişdi.
“AzPolitika.info”
***
Milli Elmlər Akademiyasında baş vermiş qanun pozuntusu faktları ilə bağlı cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Azərbaycan Respublikasının Hesablama Palatasından daxil olmuş material əsasında Milli Elmlər Akademiyasının fəaliyyətində aşkar edilmiş qanun pozuntuları ilə bağlı aparılmış araşdırma üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Sözügedən qurumun 2020-2023-cü illərə dair fəaliyyəti üzrə təyin edilmiş audit yoxlamaları nəticəsində vəzifəli şəxslər tərəfindən külli miqdarda dövlət vəsaitinin təyinatı üzrə istifadə edilməməsi, habelə digər qanun pozuntularının törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Qeyd edilən faktlarla bağlı aparılmış araşdırma üzrə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.