Xarici səyyahlar Şuşaya səfər ediblər - YENİLƏNİB 1 - FOTO
Belçika vətəndaşı Yves Bouvienin başçılıq etdiyi Böyük Britaniyanın “Piki Reels” klubunun 33 nəfərlik geniş səyyahlar qrupu Füzulidən sonra Şuşaya səfər ediblər.
APA-nın Qarabağ bürosu xəbər verir ki, Şuşa şəhər mərkəzi meydanına gələn səyyahlar Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıblar. Qonaqlara Şuşa şəhəri, onun işğal dövründəki vəziyyəti barədə məlumat verilib. Bildirilib ki, otuz illik işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpası işləri görülüb. Səyahətçilər Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı olan ərazi və qala divarları ilə tanış olublar. Həmçinin səyyahlar Şuşa həbsxanasına da baş çəkiblər. Cıdır düzünə gələn səyyahlar buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər.
***
11:16
Belçika vətəndaşı Yves Bouvienin başçılıq etdiyi Böyük Britaniyanın “Piki Reels” klubunun 33 nəfərlik geniş səyyahlar qrupu Füzulidən sonra Şuşaya gəliblər. APA-ın Qarabağ bürosu xəbər verir ki, onlar sözügedən ərazilərdə erməni işğalı zamanı törədilən vandalizm barədə məlumatlandırılacaq, həmçinin azad olunan ərazilərdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən quruculuq işlərinə şahidlik edəcəklər. Həmçinin səyyahlar şəhərdə bir sıra tarixi məkanlara baş çəkəcəklər.
***
10:08
Bu gündən Böyük Britaniyanın “Piki Reels” klubunun 33 nəfərlik geniş heyətlə Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. APA xəbər verir ki, onların ilk dayanacağı Qarabağın hava qapısı olan - Füzulidəki beynəlxalq hava limanı olub. Qrupa “Piki Reels” klubunun rəhbəri, Belçika vətəndaşı Yves Bouvie başçılıq edir. Heyət 3 gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət etməyi planlaşdırır. Qeyd edək ki, dünyanın əsas beynəlxalq səyahətçilər klubları 2020-2024-cü illərdə Qarabağ və Şərqi Zəngəzura 11 dəfə səfər edib. Bu səfərlərdə ümumilikdə 50-dən artıq ölkədən 400 nəfərdən çox dünya miqyaslı beynəlxalq səyahətçi iştirak edib. Böyük Britaniyanın “Piki Reels” klubunun bu səfəri sayca 12-ci səfərdir. Bu səfərlər işğaldan edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması, eyni zamanda aparılan nəhəng quruculuq və bərpa işlərinin nümayişi üçün müstəsna əhəmiyyət daşıyır. Heyət 3 gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət etməyi planlaşdırır. Bu qrup sadə turist qrupu deyil, dünya səviyyəli səyyahlardır, bu statusu almaq üçün 100-dən çox ölkəni səyahət edirlər.