SAHİBƏ QAFAROVA SİMONYANLA GÖRÜŞÜ NYƏ RƏDD EDİB? - Səbəbi məlum oldu

16/10/2024 - 09:54

İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilən Parlamentlərarası İttifaqın 149-cu Assambleyası çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin spikeri Alen Simonyan arasında görüş olmayıb. "AzPolitika" xəbər verir ki, Ermənistan spikerinin mətbuat katibi Movses Arutyunyan sosial şəbəkələrdə bununla bağlı həqiqətə uyğun olmayan məlumat yayıb. REAL TV isə görüşün baş tutmamasının əsl səbəbini üzə çıxarıb. Məlumata görə, əslində, görüşün baş tutmayacağı xeyli əvvəldən bəlli olub. Belə ki, Parlamentlərarası İttifaqın rəhbərliyi görüş təşəbbüsü ilə çıxış edib və elə ilk andan Milli Məclisin sədri Sahibə Qafarova bu təklifə mənfi cavab verib. Bu isə səbəbsiz deyil. Qeyd edək ki, indiyədək Sahibə Qafarova ilə Alen Simonyan arasında iki görüş keçirilib. Hər iki görüş Cenevrədə Parlamentlərarası İttifaqın vasitəçiliyi ilə baş tutub. Lakin bu ilin mayında keçirilən görüşdən sonra Ermənistan hakimiyyətinin, o cümlədən, spiker Alen Simonyanın ritorikasında Azərbaycana qarşı mənfiyə doğru dəyişikliklər müşahidə olunur. Bu səbəbdən də Sahibə Qafarova Alen Simonyanla görüşməyə, nəyisə müzakirə etməyə ehtiyac duymayıb. Görüşlərdə məqsəd parlamentlərin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə verə biləcəyi töhfəni müzakirə etməkdir. Lakin Ermənistan parlamentinin sədrinin bəyanatları belə nəticəyə gəlməyə əsas verir ki, o və təmsil olunduğu hakimiyyət əslində sülh istəmir və yalnız imitasiya ilə məşğuldur. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ