Rusiya İrandan yeni PUA-lar və raketlər istəyir – ALEKSANDR FOMİNİN TEHRAN SƏFƏRİNİN GİZLİNLƏRİ…
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri Rusiya müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin ilə Tehranda görüşüb. Tərəflər pilotsuz uçuş aparatlarının (PUA) və raketlərin yeni tədarüklərini müzakirə edə bilərlər.
“RBC-Ukraine” agentliyi xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
İranın rəsmi dövlət mediasının verdiyi məlumata görə, onlar hərbi əməkdaşlığı müzakirə ediblər.
“Ola bilsin ki, onlar Ukraynada istifadə üçün İran PAU-larının və raketlərinin Rusiyaya satılmasını müzakirə ediblər. Məhəmməd Baqiri İranın müdafiə baş komandanıdır, hərbi siyasət və strateji rəhbərliyə cavabdehdir”, - məlumatda vurğulanıb.
Rusiya hərbçiləri iki həftədən artıqdır ki, İranın pilotsuz uçuş aparatlarını Ukraynada istifadə etmir. Bu, PUA-ların ilk partiyasının artıq başa çatdığını göstərə bilər.
Qafqaz.media