Rusiyanın 220 milyardlıq valyuta və qızıl ehtiyatı hara getdi? - ONLAR DA KAĞIZ ÜZƏRİNDƏ MÖVCUD OLUB, YOXSA...

07/12/2022 - 12:15

Ukraynadakı müharibəyə görə sanksiyaya məruz qalan Rusiya Bankının yüz milyardlarla dollarlıq ehtiyatı Qərb rəsmilərindən qaçan və varlığı şübhə altına alınan bir xəyala çevrildi. G7 ölkələrinin hələ yazda üzərinə həbs qoyulduğunu elan etdiyi 300 milyard dollarlıq Rusiya qızıl-valyuta ehtiyatının (GFR) faktiki olaraq üçdə birindən azı bloklanıb. Bu isə, təxminən 80 milyard dollar deməkdir.

Qalanların yeri sadəcə məlum deyil, hansı Rusiya qurumuna məxsusdur və harada yerləşir - müəyyən edilə bilməz. Yəni bu vəsait o qədər təhlükəsiz şəkildə “gizlənir” ki, Qərbin maliyyə kəşfiyyatı xidmətləri çiyinlərini çəkərək 200 milyard dollardan artıq vəsaitin harada olması barədə heç bir təsəvvürlərinin olmadığını deyirlər.

Bütün bunlar isə ortaya belə bir sual çıxarır: Rusiyada ordu ehtiyatları, hava hücumundan müdafiə sistemi yalnız kağız üzərində olduğu kimi, bu 200 milyard dollar da sadəcə əhaliyə hesablanmış uydurma kapitaldır? Əlbəttə, bu məbləğ Rusiya Mərkəzi Bankının balansında qeyd olunur. Bəs, reallıqda mövcuddurmu? Bu gün həmin vəsait faktiki olaraq ortada yoxdursa, deməli, xərclənib, zərgərlik əşyaları və ya nağd pul şəklində şəxsi ciblərə daxil olub.

Rusiyanın qızıl ehtiyatlarının vəziyyətinə gəldikdə də, əlbəttə, qaranlıq otaqda qara pişiyi axtarmaq çətindir. Amma belə görünür ki, eyni vəziyyət Rusiyanın xaricdəki qızıl-valyuta ehtiyatlarına da aiddir…

Qafqaz.media