Ruslar Axısxa Türklərinin Türkiyəyə keçməsinin qarşısını alıb - 109 NƏFƏR GÜNLƏRDİR SƏRHƏDDƏ GÖZLƏDİLİR

07/11/2022 - 11:07

Bir neçə gün əvvəl sosial şəbəkələrdə Ukraynadan Türkiyəyə təxliyyə ediləcək Axısxa Türklərinin çətin vəziyyətdə olması ilə bağlı videolar paylaşılıb. Həmin görüntülərdən aydın olur ki, Axısxa Türkləri qardaş Türkiyəyə gəlmək üçün Rusiya sərhədində gözləyirlər.

Qafqaz.media xəbər verir ki, bu görüntülərdən sonra Dünya Ahıska Türklər Birliyinin (DATÜB) Ukrayna nümayəndəliyinin rəhbəri Marat Rəsulov vəziyyətlə əlaqədar açıqlama verib.

Onun sözlərinə görə, DATÜB Başqanı Ziyəddin Kassanov Axısxa Türklərini mövcud durumu ilə bağlı Türkiyə Cümhuriyyətinin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. Nazir bu məsələ ilə yaxından məşğul olacağını bildirib.

Xatırladaq ki, Ukrayna-Rusiya müharibəsi səbəbindən Ukraynada yaşayan bütün xalqlar kimi, Axısxa Türkləri də çətin günlər keçirir. Hazırda DATÜB-ün məqsədi onların ən qısa zamanda Türkiyəyə təxliyyəsini həyata keçirməkdir. Hansı ki, indiyədək Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə 5 minə yaxın Axısxa Türkü Ukraynadan Türkiyəyə təxliyyə olunub. Bununla yanaşı, hələ də qardaş ölkəyə təxliyyə olunacağı günü gözləyən axısxalılar var.

DATÜB Genel Başkanı Kassanov, Cumhurbaşkanı Erdoğan ile görüştü

Dünya Ahıska Türklər Birliyinin (DATÜB) məlumatına əsasən, Rusiya sərhədində gözləyən axısxalılar yola çıxmazdan əvvəl bu barədə DATÜB-a məlumat veriblər. Həmçinin, onlar yerli hakimiyyət orqanları ilə görüşüb və onlara 10 gün ərzində ölkəni tərk etmələri üçün rəsmi icazə verilib. Bundan sonra Axısxa Türkləri DATÜB-ün Ukrayna nümayəndəliyinin rəhbəri Marat Rəsulova zəng edərək, ondan Rusiya üzərindən Türkiyəyə keçə bilmələri üçün avtobus təşkil etmələrinə köməklik göstərməsini xahiş ediblər. Nəticədə, DATÜB Başqanı Ziyəddin Kassanov avtobus icarəsi ilə bağlı göstəriş verib və bütün xərcləri şəxsən qarşılayacağını bildirib.

Bütün bunlara paralel olaraq, DATÜB tərəfindən Türkiyəyə gələcək axısxalıların siyahısı qardaş ölkənin Xarici İşlər Nazirliyinə göndərilib ki, onların Gürcüstan ərazisindən ölkəyə daxil olmasına problem yaranmasın. Həmçinin, tələb olunan zəmanət məktubu da hazırlanaraq müvafiq qurumlara təqdim edilib.

DATÜB Baş qərargahı bildirir ki, Ukraynadan təxliyyə olunacaq Axısxa Türklərinin Elazığdakı Aşağıdəmirtaş müvəqqəti yaşayış ərazisində yerləşdirilməsi üçün əlavə 40 ədəd konteyner qurulması da təmin edilib.

DATÜB - Dünya Ahıska Türkleri Birliği

“Təəssüflər olsun ki, Rusiya hakimiyyəti Axısxa Türklərinə verdikləri sözə əməl etmədilər və qardaşlarımızı sərhəddən buraxmayaraq, geri qaytardılar. Biz DATÜB olaraq üç gündür ki, Türkiyənin Moskvadakı səfirliyi və Novorossiysk Baş Konsulluğu ilə əlaqə saxlayırıq. Onlar sərhəddəki məsələni diqqətlə izləyirlər. Biz bu sənədləri yenidən tərtib edib göndərmək, siyahıları sıralamaq, yeniləmək, oradakı insanların ehtiyaclarını ödəmək kimi bir çox işlər görürük”, - DATÜB-dən bildirilib.

Qeyd edək ki, Ukraynadan qardaş ölkəyə təxliyyə ediləcək 109 nəfər Axısxa Türkünün 44 nəfərinin sənədi yoxdur. Son məlumata əsasən, Türkiyənin Novorossiyskdəki Baş Konsulluğu məsələ ilə bağlı Rusiya hakimiyyət orqanları ilə görüş keçirib. Nəticədə, siyahıda olan 109 nəfər haqda məlumatlar yenidən konsulluğa təqdim edilib.

DATÜB Baş qərargahından bildirilib ki, Rusiya sərhədində çətin vəziyyətdə qalan Axısxa Türklərinin ən qısa zamanda qardaş Türkiyəyə təxliyyəsini həyata keçirmək üçün, başda Ziyəddin Kassanov olmaqla, qurumun rəhbərliyi əllərindən gələni edirlər.

Qafqaz.media

Redaskiyadan: Əlavə məlumat veriləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Ankarada Azərbaycan SÖHBƏTİ
08/09/2024 - 11:12