İSRAİL GÜLLƏNİ ÖZ AYAĞINA SIXIR – Həqiqət yenə Ərdoğanın dediklərindədir
İsrailin Yaxın Şərqdə törətdiyi qırğınların və apardığı siyasətin gələcək taleyini Rəcəb Tayyib Ərdoğanın söylədiyi tək bir ifadə tam çılpaqlığı ilə ortalığa qoyur: “Gün gələcək, arxanızda duran ağababalarınız regiondan çəkilib gedəcəklər. O zaman sizi yenə türklər qoruyacaq. İndi belə qırğınlar törətməyin ki, o gün gələndə sizi qorumağa haqqımız olsun”.
Çox böyük geopolitik çəkişmələrin mahiyyətini açan bu kiçik ifadə ən azı iki böyük əhəmiyyətli sual doğurur.
Birinci sual: “Türklər İsraili niyə qorumalıdır?”
İkinci sual: “İsrailin “agababaları” olan ABŞ, Böyük Britaniya və digər Avropa dövlətləri Yaxın Şərq regionundan çəkilib gedəcəklərmi?”
Türklər İsraili qorumalıdır fikri ilk baxışda məntiqsiz görünür. İsrail ABŞ-lə birlikdə Türkiyəyə qarşı olan kürd separatizmini intensiv şəkildə dəstəkləyir. Üstəlik, İsrailin Yaxın Şərqi bitməyən qanlı münaqişələr ocağına çevirməsi Türkiyənin regiondakı maraqlarını baltalayır.Bu gün Türkiyə-İsrail münasibətləri az qala iki düşmən dövlətin münasibətləri səviyyəsindədir.
Belə bir vaxtda Ərdoğan İsraili qorumaqdan danışır. Deməli, İsrailin Yaxın Şərqdə bir dövlət kimi var olması Türkiyənin maraqlarına uyğundur. İsrail Türkiyəyə qarşı hansı oyunu oynasa da, Türkiyə hər zaman İsrailin varlığını qorumağa çalışacaq.
Səbəbi belədir: Türkiyə ilə regionun ərəb dövlətləri arasında ciddi ziddiyətlər var. Bu ziddiyyətlər arasında qarşılıqlı ərazi iddialarından tutmuş, tarixi, mədəni və mənəvi çəkişmələrə qədər çox məqam var. İsrail təhlükəsi yox olarsa, 100 milyonlarla ərəb öz diqqətini Səlcuqlu və Osmanlı dövrlərindən bu yana hər zaman qarşıdurmada olduqları türklərə qarşı yönəldə bilər. Bu işdə Qərb həvəslə ərəblərə yardımçı olardı.
İsrail dövlətinin var olması Türkiyəyə imkan verir ki, bəzi zamanlarda İsraillə ərəblərə qarşı və bəzi zamanlarda ərəblərlə İsrailə qarşı işbirlikləri qursun. Bu gün İsraili durdurmaq lazımdır. Bu məqsədlə Türkiyə bir yandan Misir və Qətərlə, digər yandan Fələstin, İraq, Suriya və Livanla əməkdaşlıq qurmağa çox yaxındır. Belə oynaq kombinasiyalardan istifadə etməklə Türkiyə böyük təhlükələri sərhədlərindən uzaqda tuta bilir.
İsrailin Azərbaycan üçün əhəmiyyətini də unutmaq olmaz. İkinci Qarabağ müharibəsi zamanı İsrail bayraqları Bakı küçələrindən asılmışdı. 44 günlük zəfər tarixinin səhifələrindən asılmış İsrail bayraqlarını heç kim söküb ata bilməz. Türkiyənin ən mühüm tərəfdaşı olan Azərbaycanla İsrail arasındakı proqmatik əməkdaşlıq fərqli yönlərdən Türkiyə Cümhuriyyəti üçün də çox əhəmiyyətlidir.
ıƏrdoğanın səsləndirdiyi fikirdə ikinci əhəmiyyətli məqam Qərbin regiondan çəkilib getməsi, yaxud ABŞ və Avropa dövlətlərinin İsrailə verdikləri tam və tərəddüdsüz dəstəyin azaldılmasıdır. Bu ilk baxışda ağlabatan görünmür.
Bununla belə, ABŞ-nin hakim dairələri İsrailin törətdiyi qırğınlara verilən açıq dəstəyin Ağ Ev üçün hansı potensial təhlükəni yaratdığının fərqindədirlər. Ərəb ölkələrindəki ABŞ səfirləri “ən azı 50-100 illiyinə ərəb kütləsini itirdik“ həyacanı verirlər. Bu aşkar dəstək bütün dünyada və xüsusilə müsəlman ölkələrində anti- amerika əhvalını ildırım sürəti ilə genişləndirir, eyni zamanda, ABŞ-nin nüfuzuna və dünya miqyasındakı yumşaq təsir gücünə ağlagəlməz zərbə vurur. Belə vəziyyət ABŞ-ni dünya hegemonu edən əsas dəyərlərdən birini, “ədalət və demokratiya gətirən dövlət” statusunu darmadağın edir.
Qərbin özündəki ciddi analitiklərin fikirlərinə görə, dəyərlərin belə kobud şəkildə tapdanması Qərb hegemoniyası üçün çox ciddi fəsadlar törədəcək. İsrail üçün ən çətin günlər isə haqqında çox danışılan neft erasının bitməsi ilə başlanacaq. İsrailin ABŞ və Avropa üçün əsas əhəmiyyəti odur ki, bu yəhudi dövləti dünyanın ən zəngin neft regionu üzərindəki Qərb nəzarətini təmin edir. Neftə maraq azaldıqdan sonra İsrailə olan maraq da azalacaq.
Məhz həmin dövrdə “İsrailin ağababalarının” regiondan çəkilib getməsi başlanacaq. Bu gün İsrailin Qəzzada və Fələstində cavabsız qırğınlar törədə bilməsinin əsas səbəbi yəhudi dövlətini əhatə eden onlarla ərəb xanədanlığının qorxusu və susqunluğudur. Bu qorxu 100 milyonlarla ərəbin 5-6 milyon yəhudi qarşısındakı qorxusu deyil. İsraili əhatə edən çoxsaylı ərəb dövlətlərinin rəhbərləri ABŞ, Böyük Britaniya və bütövlükdə Qərbin təzyiqlərindən qorxurlar.
Ərəb kralları və şeyxləri gözəl anlayırlar ki, ABŞ-nin tam dəstək verdiyi İsrailə qarşı çıxışları onların hüdudsuz hakimiyyətlərini itirmələrinə səbəb ola bilər. Neft erası bitir, Amerika hegemoniyası getdikcə zəifləyir və ABŞ-nin Çin kimi nəhəng, təhlükəli rəqibi formalaşır. Günün sonunda ABŞ bütün gücünü Çinə qarşı toparlayacaq, əhəmiyyəti azalmış bir regionda yerləşən İsrailə görə 20-dən çox ərəb dövlətini qarşısına almaq istəməyəcək.
Məhz həmin dövrdə İsrail bu gün törətdiyi acımasız qırğınlardan sonra radikallaşmış 200-300 milyonluq ərəb kütləsi ilə üz-üzə qalacaq. O çətin zamanlarda İsrail bir dövlət kimi yaşamağa çalışacaqsa, Türkiyə ilə ittifaq qurmağa məcbur olacaq. Amma bu günün qırğınları gələcəkdə İsraillə müttəfiqlik qurmaq istəyən Türkiyənin qarşısına çıxan ən böyük əngəl olacaq.