İstanbulda fələstinli iş adamlarına hücum edən üç nəfər Rumıniyada saxlanılıb
Türkiyənin İstanbul şəhərində fələstinli iş adamının həlak olduğu hücumla bağlı 3 nəfər Türkiyəyə gətirilmək üçün Rumıniyada saxlanılıb. APA xəbər verir ki, avqustun 18-i axşam saatlarında İstanbulun Kağıthane bölgəsində baş verən silahlı hücumdan sonra İstanbul Polis İdarəsi tərəfindən genişmiqyaslı əməliyyat-axtarış tədbirləri başladılıb. Araşdırmalar nəticəsində məlum olub ki, hadisəni törədən iki nəfər hadisədən sonra 2,5 saat ərzində 3 nəqliyyat vasitəsini dəyişərək xaricə qaçıblar. Şübhəlilərin əvvəlcə Bolqarıstana, oradan isə Rumıniyaya getdikləri müəyyən edilib. Şübhəlilərin İsrailə qaçmaq üçün təyyarəyə mindiyini müəyyən edən İstanbul polisi Rumıniya İnterpol şöbəsi ilə əlaqə yaradıb və şübhəlilər oradaca saxlanılıblar. Polis hazırda onları Türkiyəyə gətirmək üçün Rumıniyaya yollanıb. Qeyd edək ki, avqust ayının 18-i İstanbulda üç fələstinlinin olduğu avtomobilə silahlı hücum olub. Hücum zamanı bir iş adamı həlak olub, digər iş adamı və mühafizəçi isə yaralanıblar.