Saakaşvili yaddaşını itirib və bu, zəhərlənmədən ola bilər – AMERİKALI HƏKİM MƏHKƏMƏDƏ İFADƏ VERDİ

22/12/2022 - 18:30

Amerikalı psixiatr Erik Qoldsmit həbsdə olan eks-prezident Mixail Saakaşvilinin vəziyyəti ilə bağlı məhkəmədə ifadə verib.

Qafqaz.media “Azadlıq” radiosunun Gürcüstan xidmətinə istinadən xəbər verir ki, o, vəkil Şalva Xaçapuridzenin xahişi ilə diaqnoz barədə danışıb. Psixiatr bildirib ki, Saakaşvilinin sürətlə irəliləyən demensiya və posttravmatik stress pozğunluğu var.

“Mixail Saakaşvilinin yaddaşında ciddi problemlər var. Demensiyadan əziyyət çəkən bütün insanlar kimi, o da keçmişini, uşaqlığını, gəncliyini, karyerasını yaxşı xatırlayır, lakin cari hadisələr üçün dəhşətli yaddaşsızlığa malikdir. Daha doğrusu, onun yeni məlumatların mənimsənilməsi ilə bağlı problemləri var. İti zehni, tez düşünmək qabiliyyəti vardı, amma indi təfəkkürü ləngdir, bəzən çaşqındır.

Onun görünüşü də səliqəsizdir... bunlar demensiyanın əlamətləridir. O, həm də zəifdir, stuldan qalxması, yeriməsi çətindir, sürətlə arıqlayır”, - Erik Qoldsmit məhkəmədə deyib.

Onun sözlərinə görə, Saakaşvilinin demensiyası sürətlə irəliləyən və qeyri-spesifik demens kateqoriyasına aiddir.

Sualları cavablandıran psixiatr etiraf edib ki, bu durum civə və arsenin təsirinin nəticəsi ola bilər.

Həkimin sözlərinə görə, Mixail Saakaşvilinin həm də posttravmatik stress pozğunluğu var:

“Həbsxana işçilərini görəndə ağlına travmatik xatirələr düşür. Onun yüksək stress və narahatlıq səviyyəsi var. Bəzi yaddaş problemləri posttravmatik stress pozğunluğu ilə izah edilə bilər. Məsələn, bu pozğunluğu olan xəstələr çox rast gəlinən travmatik epizodlarını xatırlamaqda çətinlik çəkir”.

Erik Qoldsmit Mixail Saakaşvilinin saxtakarlıq etdiyi haqda iddiaları da rədd edib.

“Testlər onun vəziyyətini şişirtdiyini, yoxsa özünü göstərdiyini müəyyənləşdirir. Mixail Saakaşvili bir çox mütəxəssis tərəfindən müayinə olundu və biz hamımız eyni nəticəyə gəldik – onun yaddaşı zəifləyir”.

Amerikalə psixiatr məhkəmədə deyib ki, Mixail Saakaşvili həbsdən azad edilməlidir, çünki keçirdiyi hər gün yeni xəsarətlərlə üzləşir və onun post-travmatik stress pozğunluğu daha da pisləşir.

"Digər əlavə xəstəlikləri qiymətləndirmək və adekvat müalicə təyin etmək üçün onu Qərbdəki müvafiq klinikaya köçürmək lazımdır", - həkim deyib.

*** 18:30

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin vəkili Şalva Xaçapuridzenin sözlərinə görə, Saakaşvili “Vivamed” klinikasında xəstələnib.

Qafqaz.media bu barədə Gürcüstan KİV-lərinə istinadən xəbər verir.

Xaçapuridze deyib ki, bu barədə ona məlumat verən ikinci vəkil İlya Lomiya hazırda keçmiş prezidentlə birlikdə klinikada olduğunu bildirib.

O bildirib ki, Saakaşvilinin həkimlərin köməyinə ehtiyacı var.

Məlumata əsasaən, hazırda məhkəmə prosesi Saakaşvilinin iştirakı olmadan keçirilir.

“Vəkil İlya Lomiya mənimlə əlaqə saxladı. O, Mixail Saakaşvilinin özünü pis hiss etdiyini, həkim çağırıldığını və indiki mərhələdə prosesə qoşulmaqdan imtina etdiyini söylədi. Ola bilsin ki, vəziyyət düzəlsin və Penitensiar Xidmət bunu bacararsa, o, yenidən prosesə qoşulmaq istəsin”, - Xaçapuridze bildirib.

*** 13:29

Gürcüstanın ekc-prezidenti Mixail Saakaşvili Tbilisi Şəhər Məhkəməsində Ukrayna dilində çıxış etmək istəsə də, hakim buna imkan verməyib. Mixail Saakaşvili qeyd edib ki, o, Ukrayna vətəndaşıdır və ukrayna dilində danışacaq.

Qafqaz.media xəbər verir ki, hakim Giorgi Arevadze distant qaydada məhkəmə prosesinə qatılan eks-prezidentin səsinin söndürülməsini istəyib.

Nəticədə məhkəmə zalında səs-küy yaranıb. Milli Hərəkat tərəfdarı Darejan Tskvitaria etiraz edib, o, məhkəmə zalından çıxarılaraq 200 lari cərimə olunub.

Mixail Saakaşvili tezliklə tərcüməçinin köməyi ilə məhkəmə qarşısına çıxacaq.

*** 12:36

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili vəkillərin cəzasının təxirə salınması ilə bağlı vəsatətinin müzakirə olunduğu məhkəmə iclasında distant qaydada iştirak edir.

Qafqaz.media xatırladır ki, əvvəlki iclaslar təxirə salınmışdı, Saakaşvili isə nə məhkəmədə şəxsən iştirak edə, nə də videobağlantı vasitəsilə prosesə qatıla bilməmişdi.

Tbilisi Şəhər Məhkəməsi məhkəmələrin təxirə salınması ilə bağlı açıqlama yayıb

Bundan əvvəl eks-prezidentin məhkəməyə gəlmək istədiyi bildirilsə də, onun müalicə olunduğu “Vivamed” klinikasının həkimləri buna qarşı çıxmışdılar. Dekabrın 14-də keçirilən prosesdə müdafiə tərəfi siyasətçinin məhkəmədə iştirak etməsi ilə bağlı vəsatət qaldırsa da, Penitensiar Xidmət bunun texniki cəhətdən mümkün olmadığını bildirmişdi. Nəticədə iclasa bir həftə fasilə verilmişdi.

Xatırladaq ki, Mixail Saakaşvilinin ailəsi, vəkilləri və tərəfdarları onun səhhətinin kəskin şəkildə pisləşdiyini iddia edirlər. Onlar eks-prezidentin zəhərli maddələrlə mümkün zəhərlənməsindən danışır və onun müalicə üçün Qərbdəki klinikalardan birinə köçürülməsini tələb edirlər. Gürcüstan hakimiyyəti zəhərlənmə ilə bağlı iddiaları qəti şəkildə rədd edir və öz növbəsində Saakaşvilini xəstəliyi simulyasiya etməkdə ittiham edir.

Qafqaz.media