Səhnəyə yaraşan xanım... - Fuad Biləsuvarlı yazır

22/08/2024 - 08:36

      Onun səsindəki şirinlik, ifa tərzi mənə həmişə sevilən müğənnimiz, xalq artisti Şövkət Ələkbərovanı xatırladır.
Ürəkləri ehtizaza gətirən xoş avaz, səhnəyə yaraşan sima, aydın tələfüz - bütün bunlar uzun illərdir hamımızın sevə-sevə dinlədiyi Əməkdar artist Aybəniz Haşımovaya məxsusdur.
        Respublikamızın ikinci böyük şəhəri Gəncədə dünyaya göz açan Aybəniz Haşımova üçün musiqi sənəti yad deyildi. Böyük bacısı - bu gün respublikanın xalq artisti Şahnaz Haşımova artıq səhnədə idi. Çoxlu pərəstişkarları vardı. Özünəməxsus ifa tərzi ilə seçilirdi. Aybəniz xanım bacısının hər çıxışına sonsuz maraqla baxır, həm sevinir, həm də ondan da bilmədiklərini öyrənirdi. Başqa cür ola da bilməzdi. Çünki Aybəniz xanım bacısı Şahnaz xanımın yanında böyümüşdü. Tez-tez o da bacısının artıq böyük səhnədə, konsert salonlarında oxuduğu mahnıları özü üçün oxuyurdu.
        Elə ondakı bu istedadı, musiqi duyumunu kəşf edən də bacısı Şahnaz xanım oldu. " Gözəl səsin varmış, niyə oxumursan..."
       Həvəs də vardı,  istedad da. Çətinlik tamamilə başqa məsələdə idi.
Anası və bacısı Şahnaz xanım Aybəniz xanımın musiqiçi olmasını istəmirdilər.
         O da əlbəttə ki, musiqiçiliyin, müğənniliyin necə də çətin olduğuna görə. Ailədə təkcə bir atası qızı Aybəniz xanımın müğənni olmasına razı idi. Nə yaxşı ki, atası bu çətinliyi aradan qaldıra bildi. Və bir gün qolundan tutub Gəncə şəhərindəki İnşaatçılar sarayına gətirdi. Onu fortepiano sinfinə qoydu. Heç kəs bilmirdi ki, elə bu cəsarətli addımla böyük səhnəyə aparan yolun başlanğıcı qoyuldu.
      Musiqi məktəbində Aybənizin hələ cilalanmamış kövrək səsini eşidənlər, səhnəyə yeni bir istedadın gəlişini duydular. Aybəniz xanım artıq tədbirlərdə çıxışları ilə seçilirdi. Onu dövlət tədbirlərinə dəvət edirdilər. Belə dövlət tədbirlərinin birində iştirak edən ölkə rəhbəri Heydər Əliyev və Həsən Həsənov  Aybəniz xanımın ifasını çox bəyəndi. Səhnədə ilk addımlarını atan Aybəniz xanıma Bakıya gəlməyi, mükəmməl musiqi təhsili almasını məsləhət bildilər. Aybəniz xanımın qarşısında yaşıl işıqlar yanırdı. Atası Aybəniz xanımı ulu öndər Heydər Əliyevin, Həsən Həsənovun təkidiylə Bakıya gətirdi. Sənədlərini Bülbül adına orta musiqi məktəbinə verdi. 
       Sonra beş illik Konservatoriya  təhsili, görkəmli sənət ustalarından aldığı dərslər onu çox tez məşhurlaşdırdı.
        İndi çoxlu pərəstişkarları "oxuyur Aybəniz Haşımova " sözlərini həmişə səbirsizliklə  gözləyirdilər..Repertuarı isə aybaay zənginləşirdi. Hər yeni mahnısı Aybəniz Haşımovanı ruhlandırır, ona qol- qanad verirdi. Hər ifasından sonra isə surəkli tamaşaçı alqışlarını o, özü üçün ən böyük mükafat sanırdı.
        Bütün sevgi və məhəbbətini musiqi sahələrinə versə də, şəxsi həyatında  ürəyini Xalid adlı gəncə verdi. Necə də bir-birinə yaraşırdılar. İlk övladları Aynişanın dünyaya göz açması bir-birinə yaraşan gənclərin xoşbəxtliyi üzərinə minbir sevinc gətirdi.
         Ancaq həyat həmişə şirin olmur. Onun ayrı acıları da var. Belə bir acı bu xoşbəxt ailəni də tapdı.
Xalid Vətənin ağır günlərində Qarabağ  torpaqları uğrrunda atıldığı döyüşlərdə igidliklə şəhid oldu.
       Bu sarsıntıya Aybəniz xanım, nə qədər çətin olsa da, tab gətirə bildi.
Mehrini qızı Aynişana, ürəkdən sevdiyi Xalidin  yadigarına  saldı. Onu atasına layiq övlad kimi böyütdü.
       2006-ci ildə Aybəniz Haşımova musiqi sahəsindəki  xidmətlərinə görə " Əməkdar artist"  fəxri adına layiq görülmüşdür.
        Həmişə istedadlar harayında olan sevimli müğənnimiz  yaratdığı " Bülbüllər" qrupu ilə daha çox sevildi.
Qrupun hər bir üzvünə sənət yollarında uğurla addımlamaq üçün əsl analıq qayğısı göstərdi.
        Əməkdar artist Aybəniz Haşımova bu gün də səhnədədir. Həmişəki kimi sevilir, alqışlanır. Bunun özü də bir xoşbəxtlikdir.

 

 

 

 

 

Hazırladı:  Fuad BİLƏSUVARLI, AYB üzvü, AJB üzvü, Prezident mükafatçısı

QAFQAZ.MEDİA

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

     

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Adsız oğlan
09/09/2024 - 07:33
Nanənin yerinə o gələcək
26/08/2024 - 10:49