ƏBƏDİYAŞAR  NURİ  YAŞAR... -Anar Məmmədov yazır

04/09/2024 - 11:02

 

Unudulmaz sənətkarımız, respublikanın xalq artisti Yaşar Nurinin əziz xatirəsinə

 

Yaşasaydı, bu gün 73 yaşını qeyd edəcəkdik.

Ölüm haxdır! Nə qədər ağır olsa da, bir gün doğulanın bir gün həyatdan getməsi ilə barışmaya bilmərik. Lakin, həyatda ömür sürmüş elə insanlar var ki, ölüm məhfumunu onların adı ilə qoşalaşdırmaq olmur. Hər yada düşdükdə kimisi hikmətli kəlamları, öyüd nəsihətləri, kimisi gülümsər simaları, şux zarafatları, kimisi də yaratdığı əsərləri, rolları və s. ilə xoş xatırlanırlar. Respublikanın xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru, “Şöhrət” ordenli Yaşar Məmmədsadıq oğlu Nuriyev kimi...

 ...Bu gün unudulmaz sənətkarımızın doğum günüdür.

Azərbaycanın sevilən aktyoru, komik, psixoloji və dramatik rolların məharətli ifaçısı Yaşar Nurini ekran-efir vasitəsi ilə ilk dəfə neçə yaşımda görüb-tanımışam, deyə bilmərəm. Amma tam əminliklə deyirəm ki, onun iştirakı ilə hansısa bir veriliş, bədii film, televiziya və ya teatr tamaşası göstəriləndə, ailəmizdə hamı bir nəfər kimi televizorun mavi ekranı qarşısına yığışar və sevə-sevə seyr edərdik.

 1980-ci illərdə hörmətli yazıçımız Anarın ssenarisi əsasında Azərbaycan Televiziyasının “Evləri köndələn yar” tamaşasının çəkilişlərinin bir qismi yaşadığımız binanın (AzTv-nin yanındakı bina) həyətində aparılırdı. Azərbaycan aktyorluq sənətinin bir sıra ustad sənətkarları həmin tamaşada rol alıblar. Biz onda uşaq idik. Sevdiyimiz aktyorları həyatda canlı seyr etmək olduqca maraqlı idi. Sonralar onun, rəhmətlik valideynlərimlə  hər dəfə necə mehriban görüşməsinin şahidi olurdum. Hətta Yaşar müəllim hər görüşəndə başıma tumar çəkməyi də unutmurdu… 

İllər keçdi... 

1995-ci ildə atam məni ilk əmək fəaliyyətinə başlamağım üçün  Azərbaycan Radiosunda səs operatoru vəzifəsinə işə düzəltdi. Günlərin bir günü radionun “Ədəbi verilişlər” redaksiyasının baş redaktoru Şəfəq Soltan Əlixanlının dəvəti ilə Yaşar müəllim bir şairin şeirlərini oxumaqdan ötrü radioya dəvət olundu. Səsini lentə mən yazmalıydım. Bu işə bələd olanlar bilir ki, tele-radioda hər şey dəqiqələrlə tənzimlənir. O, gecikmədi, əksinə, deyilən vaxtdan 15 dəqiqə tez gəlmişdi. Materiala bir dəfə baxmaqla, “hazıram” dedi. Şeirləri də bir nəfəsə oxudu, dayanmadan, çaşmadan... Ayrılanda kimliyimi bildirdim. Dayandı. Ciddi simasında bir xoş təbəssüm yarandı. Üzü gülümsədi. Ötənləri varaqladı. Valideynlərimi xəbər aldı. Salam göndərdi. Onların haqqlarında xeyli səmimi, xoş sözlər dedi. Məlum oldu ki, Yaşar Nuri on yaşından (1971-ci ildən) Azərbaycan televiziyasının uşaq verilişlərində  (ələlxüsus, teatr tamaşalarının uşaq rollarında) çəkilib. Orta məktəbdə oxuyarkən Respublika Dövlət televiziyasının  “Yelkən” və “Tonqal” (sonralar tanınmış diktor olan əməkdar artist Sevil Hüseynli ilə birgə) verilişlərinin aparıcılarından olub, “Buratino”, “Qaranquş”, “Pioner” uşaq verilişi-teatrlarında müntəzəm iştirak edib. Mənim atam əməkdar jurnalist Tofiq Məmmədov isə o illərdə Televiziya və Radio verilişləri Komitəsində artıq jurnalist kimi peşəkar fəaliyyət göstərirdi. Hətta dəfələrlə gənc Yaşarı verilişlərə dəvət də edirmiş. Sonralar Yaşar Nuri Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak edib (Ruhəngiz Qasımovanın “Yollar görüşəndə...", "Ömrün yolları", İsi Məlikzadənin "Qatarda", Anarın "Evləri köndələn yar", Mövlud Süleymanlının "Kökdən düşmüş piano", Hüseyn Cavidin "Topal Teymur", Aslan Qəhrəmanovun əsərləri əsasında Tariyel Vəliyevin lentə aldığı "Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz" trilogiyası, İslam Səfərlinin "Göz həkimi" və s.). Teletamaşalarda Yaşar Nuri əsasən baş rolları ifa edib. Nə yaxşı ki, həmin əsərlər televiziyanın “Qızıl fond”unda sənət inciləri nümunələri kimi qorunmaqdadır. Həmin illərdə isə atam uzun müddət Tele-Radionun Partiya Komitəsinin katibi vəzifəsində işlədiyindən, çəkilən və nümayiş etdiriləcək bütün filmlərə və tamaşalara onun da razılığı olmalıymış (o dövrün siyasi ideologiyası bunu tələb edirdi).  

Yaşar Nuri 30 yaşında əməkdar artist adına layiq görüləndə  komsomol yaşında olub. O dövrün digər siyasi-ideoloji  tələbinə uyğun olaraq, gənclərin hansısa ada, təltifə, mükafata layiq görülməsində, ümumiyyətlə, irəli çəkilməsində Azərbaycan Lenin Komsomolu Gənclər İttifaqının təqdimatı, rəyi, xasiyyətnaməsi (ən azı razılığı) olmalıymış. Anam Şövkət Abdullayeva isə o illərdə Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin katibi işləyirdi. Hətta sənətkarın vaxtilə dediyinə görə, əməkdar artist adını alanda təltifolunma mərasimində onu ilk təbrik edən və xeyir-dua verənlər sırasında valideynlərim də olublar. Bütün bunları o, valideynlərim haqqında yazdığım kitaba daxil etməkdən ötrü verdiyi müsahibədə də nəzərə çatdırmışdı və həmin səs yazısını ən əziz xatirə kimi arxivimdə qoruyub saxlayıram. Odur ki, Yaşar Nurini ailəmizlə bağlayan doğmalıq telləri xeyli əvvəllərə gedib çıxır… 

Tale elə gətirdi ki, 90-cı illərin ortalarında onlar yaşadığımız binanın yanındakı evə köçdülər. Bu dəyərli, səmimi insanla yaranan tanışlığımız o vaxtdan əsl dostluğa çevrildi. Hər dəfə həyətdə rastlaşanda olduqca mehribancasına görüşər, hal-əhval tutar, körpələrimin başına tumar çəkməyi də unutmazdı…

2007-ci ilin mart ayında Rəşid Behbudov adına Mahnı Teatrında professor Qara Mustafayevlə birgə yazdığımız “Həyat və poeziya” kitabımızın təqdimatı keçirilirdi. Mərasimə respublikanın tanınımış elm, təhsil, mədəniyyət və incəsənət nümayəndələri dəvət almışdılar. Axşam televizayaların xəbərlər buraxılışlarına Yaşar müəllimin verdiyi müsahibələri və haqqımda dediyi yüksək filirləri görəndə qəlbim dağa döndü...2008-ci ilin dekabr ayında yenə həmin məkanda keçirilən “Ataların sözü – xalqın gözü” kitabımızın təqdimat mərasimində də Yaşar müəllim televiziya proqramlarına verdiyi müsahibələrdə haqqımızda xoş sözlərini əsirgəməmişdi...

2008-ci ilin sentyabr ayı idi. Sevimli kollektivindən hər zaman ancaq xoş münasibət gördüyümdən mənim üçün olduqca doğmalaşan əziz “Space” kanalının “Hər səhər” proqramında Yaşar müəllimin növbəti ad günü keçirilməliydi. Məni də dəvət etmişdi (bu, mənim həmin kanalda ilk çıxışım idi). Mən də bu münasibətlə bir gecəyə bu şeri yazmışdım:

Sənət ocağında dünyaya gəlib,

Sənət zirvəsinə daim ucaldın.

Sənəti hər şeydən müqəddəs bilib,

Qədirbilən xalqdan ilham,  güc aldın.

 

Səhnəmizə qədəm qoyandan bəri,

Bütün obrazların bir həyat oldu.

Dediyin kəlmələr dillər əzbəri,

Ruha qida oldu, qol-qanad oldu.

 

Bəzən bir nadanın pis cəhətindən,

Yüzlərlə yaxşılar qalır kölgədə.

Dadaşovun mənfur təbiətində,

Çoxları özünü gördü bəlkə də?!

 

İstər teatrda, istər kinoda,

Oynadığın rollar sevildi yaman.

Ömürlük sən saldın Elçini oda,

Yolunu gözlədi Gülnar hər zaman.

 

Rəhimə xanımın sədaqətinə

Qovuşmaq, özü də bir səadətdir.

Layiq olanı xalq məhəbbətinə 

Elə yaşadan da bu məhəbbətdir.

 

Oldu ki, bizləri qoydun nigaran,

Üç ay həsrət qaldıq söz-söhbətinə.

Əl açıb göylərə Ulu Tanrıdan,

O ki, var şəfalar dilədik sənə.

 

Bilmirəm qeyd edim hansı rolunu,

Onları həvəslə izləyirik biz,

Tanrı nurlu etsin ömür yolunu,

Səndən yeni rollar gözləyirik biz!

 

Şeiri oxuduqca gördüm ki, gözləri dolub. Tamaşaçıları deyə bilmərəm, amma proqramın iştirakçılarından da çoxlarının gözləri dolmuşdu…

O vaxt xəstəliyi yenicə özünü biruzə verməyə başlamışdı. Üç ay idi ki, müalicə olunurdu. Və onun Türkiyədən sağ-salamat geri dönməsi üçün çoxları kimi biz də çox dualar etmişdik. Onu yenidən səhnədə və efirdə görəndə sevincimizin həddi-hüdudu yox idi (səhv etmirəmsə, qayıdandan sonra səhnədə ilk rolu Kukla teatrında səhnələşdirilən “O olmasın, bu olsun” tamaşasında Məşədi İbad obrazı olmuşdu). O, bu rolda əvvəlkindən gümrah görünürdü. Xəstəlikdən əsər-əlamət yox idi. Bu yerdə Yaşar müəllimin ömür-gün yoldaşının xidmətlərini xüsusi qeyd etmək istəyirəm. Belə ki, sədaqətli ömür-gün yoldaşı Rəhimə xanım düz beş il ən ağır, ümidsiz anlarında Yaşarın başının üstündə oldu. Onu tək qoymadı. Ona dayaq, həyan oldu. Məncə ötən beş il ərzində sənətkarı yaşadan göydə Allah-Təala oldusa, yerdə də xalqın sevgisi, həkimlərin dəva-dərmanı, bir də Rəhimə xanımın sədaqəti oldu. Aylarla ömür sirdaşıyla bir ayağı burada, bir ayağı da Türkiyədə olan Rəhimə xanım nə qədər nigaran gecələri gözü açıq, səhəri əlləri dualı qarşılayıb. Həyatının ən ümdə amalı xalqın sənətkarını qoruyub, yaşatmaq olub. Etiraf edək ki, bu sədaqət heç də hər zaman təsadüf edilməyən bir hadisədir (özü də indiki zəmanədə). Elə Yaşar müəllim də ailəsinə olduqca bağlı insan idi. Bütün fikri-zikri bir sənəti idi, bir də ailəsi. O, ailəsi ilə, həyat yoldaşıyla, övladları ilə nəfəs alırdı. Odur ki, Yaşar Nurinin vəfatı günü onların evinə başsağlığına gedəndə və Rəhimə xanımı görəndə qəhərdən deməyə söz tapmadım…

   ...Yaşar Nuri həqiqətən, Azərbaycanın sevilən aktyoru, komik, psixoloji və dramatik rolların məharətli ifaçısı idi. Onun “Topal Teymur”dakı ən kiçik obrazından tutmuş, ən böyük rollarına qədər hər biri möhtəşəmdir, özünəməxsusdur, orijinaldır. 

 Akademik Milli Dram Teatrında fəaliyyətə başladığı ilk günlərdən  Yaşar Nuriyə xarakter rollar həvalə edilib. Səhnədə ilk rolu (1974) Aleksandr Vampilovun “Övlad” komediyasının tamaşasında Silva olub. Bundan başqa o, İlyas Əfəndiyevin “Bağlardan gələn səs” (1975) dramında Pərviz, Mirzə İbrahimovun Molyerin məşhur komediyası əsasında yazdığı “Bəşərin komediyası və yaxud Don Juan”da Sqanarel (1977), Əkrəm Əylislinin "Quşu uçan budaqlar" pyesində (1978) Qasım və s. obrazları yaradıb. O, sadəcə ssenarini əzbərləyib kamera qarşısına çıxmırdı. Yeri gələndə qəliz rəqs nömrələrini, muğam, estrada, yaxud aşıq musiqisini eyni məharətlə ifa etməyi bacarırdı. Bəzən hətta rejissorun quruluşu ilə razılaşmır, özünəməxsus  improvizələri ilə tamaşaya yeni rəng, çalar, bəzək və duzluluq gətirirdi. O, səhnədə həmişə təravətli, dadlı-duzlu idi.

Yaşar Nuri istər teatrda, istərsə də kinoda bir çox  rejissorlarla işləyib və təbii ki, bu, onun daha da püxtələşməyinə təsirsiz ötüşməyib.  Kinorejissor Şamil Mahmudbəyovun ekranlaşdırdığı “Dörd bazar günü” filmindəki Seyran obrazı onun kinoda ilk rolu olub. Bunun ardınca isə o, irili-xırdalı əlliyə yaxın filmdə müxtəlif xarakterli sadə insanların, nakəslərin, yaramazların, fırıldaqçıların, antipodların obrazlarını tamaşaçının özünə qaytarıb... Lakin, məndən bir tamaşaçı kimi soruşsalar ki, “Yaşar Nurinin çəkildiyi onlarla tamaşa və bədii filmlərdəki  ən yadda qalan obrazı hansıdır?”, tərəddüd etmədən deyərdim ki, televiziya tamaşalarında Tariyel Vəliyevin lentə aldığı “Səndən xəbərsiz”dəki (1985) Elçin obrazı, kinoda isə əməkdar incəsənət xadimi Vaqif Mustafayevlə yaradıcı birliyindən yaranan rolları. Belə ki,  aktyorun 1988-ci ildən etibarən  görkəmli kinorejissor Vaqif Mustafayevin çəkdiyi filmlərdəki yaratdığı obrazlar ayrı-ayrılıqda nəinki milli, eləcə də dünya kinosunun ən qiymətli nümunələrindəndir. Onların rejissor və aktyor tandemi bir-birini tamamlayırdı. Əsasən tragikomik janrda işlənən filmlərdə aktyor bir tərəfdən bir-birindən fərqli,  eyni vaxtda bir-birini tamamlayan  xarakterlər, özü də milli xarakterləri yaradıb. Peşakarcasına yaratdığı obrazlarda onun fitri istedadı bütün çalarları ilə tamaşaçıya təqdim olunurdu. Hər iki görkəmli sənətkarın yaradıcılıq birliyinin məhsulu olan filmlər çoxdur: “Bəyin oğurlanması”, “Yaramaz”, “Lətifə”, “Nə Gözəldir Bu Dünya...”, “Hər Şey Yaxşılığa doğru”, “Nakəs”, “Fransız”, “Yoxlama” və s.). Vaqif Mustafayevin rəhmətlik Ceyhun Mirzəyevlə birlikdə çəkdiyi “Bəyin oğurlanması” filminin adını çəkmək yetər ki, orada İsrafil obrazının elə bir hərəkəti, sözü ola bilməz ki, xalqın yaddaşında möhkəmlənməsin. Hər gün baxsaq belə, yenə o film baxımlılığını itirmir. Mən hələ onun iştirakı ilə Vaqif Mustafayevin “Mozalan” üçün çəkdiyi səhnəcikləri demirəm. Bu rolları tamaşaçılara sevdirən də məhz Yaşar Nurinin özünəməxsusluğu, fitri  sənətkarlıq istedadı, çəkdiyi sonsuz zəhmət və tamaşaçını ələ almaq məharətidir. 

Yaşar Nuri sözün həqiqi mənasında GÖZƏL AKTYOR idi. Amma bundan öncə o, GÖZƏL İNSAN idi. Sadə, səmimi, xeyirxah, böyüklə böyük, kiçiklə kiçik, zarafatından qalmayan, bir kimsəylə işi olmayan, sənətini, ailəsini və insanları sevən GÖZƏL İNSAN. Elə bu cəhətləri ilə YAŞAR NURİ qədirbilən xalqın qəlbində özünə ƏBƏDİYAŞARLIQ qazandı. Allah rəhmət eləsin!

 Anar Məmmədov, şair-publisist

Qafqaz.Media

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Cücə şorbası - Hekayə
19/11/2024 - 22:18
Nöqtələr...- İradə Əlili
13/11/2024 - 08:04