Brilliant səsli sənətkar...- Fuad Biləsuvarlı yazır

15/09/2024 - 04:03

    Azərbaycan tamaşaçısına, Azərbaycan xalqına məşhur  Dadaşovlar soyadı çox tanışdır.  Məlik Dadaşov, Salman Dadaşov, Süleyman Dadaşov, Rafael Dadaşov. Ancaq bu günki yazımın qəhrəmanı istedadlı Dadaşovların qiymətli sənətlərinin layiqli davamçısı, səhnəmizin parlaq ulduzu, Respublikanın Xalq artisti Brilliant xanım Dadaşovadır. Bildiyiniz kimi Brilliant xanım səksəninci illərin əvvəlində səhnəmizə  qədəm qoydu. Estradamıza bir yenilik gətirdi. Və tezliklə özünü tamaşaçılara sevdirdi. O vaxt cəmi bir televiziya vardı və indiki kimi hər kəsi televiziyaya buraxmırdılar. Ancaq onun mahnılarına tələbat vardı və bu mahnıları dinləməkdən ötrü gözlər ana televiziyaya dikilmişdi. Kövrək, qulağa xoş gələn bu məlahətli səsin sahibi Brilliant xanım Dadaşova oxuduğu nəğmələr ilə səhnədə özü olduğunu göstərə bildi. Yeni-yeni nəğmələr  yazdırdı, sevənlərini tez-tez konsertləriylə sevindirdi. Bir an da olsa yorulmadı. Dövrün böyük bəstəkarları ilə çalışır. Yüksək səhnə performansı ilə, şarmlı, zövqlü olmağı ilə özünün əsl səs məktəbini yarada bildi.  Onlarla bəlkə də yüzlərlə  çox gənclər oldu ki,  yeni-yeni ifaçılığa başlayanda Brilliant xanımın səsinin yoluyla oxumağa başladı. Bəziləri bunu dansalar da amma aydın idi ki,  Brilliant xanımın səsin təqlid edirlər. Çünki " xalqın gözü tərəzidir".  Xalq hamının necə oxumağını yaxşı bilir. Brilliant xanım oxuduğu nəğmələrlə düşündürür dinləyicisini. O ifalarda hər kəs özünü görür. Kimi keçmişini, kimi dünənini. Brilliant xanımın ifaları insana qol- qanad verir, ruh verir, həyat verir. Necə ki, nəğmələrinin birində oxuyur. Arzu  ümiddi, qanaddı, arzu həyatdı. Brilliant xanımın ifaları da ümid dolu həyatdı. O ümidləri,  o ruhu Briliant xanımın nəğmələri adama verir. Daim dəbdə olan sənətkarımızdır. Hələ səksəninci illərdə  oxuduğu nəğmələr bu gün də dəbdədir, gənclərin ifasında səslənir. Səksəninci illərin sonunda Brilliant xanımın oxuduğu "Qatarlar" mahnısı bu gün də gənc istedadlı müğənnilərimizin repertuarını bəzəməkdədir.

- Ötür qatarlar, ötür,
Ötür yenə ötəcək.
Qatarların birində,
Məhəbbətim gələcək.

Oxucularımızın nəzərinə onu da çatdırım ki,  "Qatarlar" mahnısının sözləri Nüsrət Kəsəmənliyə, musiqisi isə
Eldar Mansurova məxsusdur. Həqiqətən də  çox qatarlar ötüb və yenə ötəcək. O, ötən qatarlarda Brilliant xanıma sonsuz  xalq sevgisi, tamaşaçı məhəbbəti var.

Brilliant Dadaşova 1965- ci il 15 sentyabrda Bakı şəhərində  doğulub. Onda hələ bilmirdilər ki,  sonra onun səsi bütün dünyanı qarış- qarış gəzəcək. Bütün türk dünyasınının sevilən, seçilən sənətkarı olacaq, hər bir ürəkdə yuva quracaq. Elə uşaqlıqdan musiqiyə meyilli olub. Çünki atası Süleyman Dadaşov,  əmiləri Xalq artisti Məlik Dadaşov, Salman Dadaşov anası Qızxanım xanım, əmisi oğlu Rafael Dadaşov. Anası Qızxanım xanım dövrün məşhur qarmon çalanı olub.Anasını çox erkən avtomobil qəzasında itirib. Özü də həmişə deyirdi ki, bacılarıma mən həmişə ana əvəzi olmuşam, həmişə yanlarında olmuşam. Çox sağ olsun ki, bacılarım da mənim bir sözümü iki etməyiblər. Brillant xanımın ortancıl bacısı, istedadlı sənətçimiz Lalə xanım müsahibələrin birində deyirdi:
"Anam o vaxt virtuoz müğənnilərlə, musiqiçilərlə çalışırdı. Deyir, hətta bəstəkar Ələkbər Tağıyev Arzu qızım mahnısını təzə bəstələmişdi. Zeynəb xanım Xanlarova evimizdə anamla məşq edib oxuyurdular. O vaxt anam o mahnıya əlavələr də etdi. Sonra da o mahnı anamın əlavələri ilə oxundu".
Brilliant xanımın böyük bacısı Sədaqət xanımın da çox gözəl səsi olub. O Vaqif Mustafazadənin yaratdığı Sevil vokal qrupunda fəaliyyət göstərib. Vaqif Səmədoğlunun "Yaşıl eynəkli adam" tamaşasında Sədaqət xanımın dilindən çıxan " Kazım bay-bay istəmirsən" frazası dövrümüzün bu günündə də dillər əzbəridir. Oxucularımıza onu da xatırladım ki, Sədaqət xanım ölməz sənətkarımız, Xalq artisti Rafael Dadaşovun həyat yoldaşı olub. Qızı Səidə xanım da istedadlı müğənnidir. Digər bacısı İradə xanım isə hind mahnılarının mahir ifaçısıdır. Qızı Nigar xanımın da çox gözəl səsi var. Haşiyədən kənara çıxmayım. Yazımı əslində Brilliant xanıma həsr etmişəm.(Müəllifdən F.B.) Amma bacılarının da istedadını qeyd etməyi özümə borc bildim. Fransız yazıçısı Viktor Hüqonun belə bir fikri var. "Elm adamlarının inkişafı pillə-pillə, sənət adamlarının inkişafı isə birdən-birə və ani baş verir". Bu fikri dəyərli sənətkarımız Brilliant xanıma da aid etmək olar. Brilliant xanımın da populyarlığı erkən yaşlarından başladı. Könüllərdə özünün Brilliant Dadaşova zirvəsini ucaltdı. Sapı özümüzdən olan baltalar ona çox dəyib dolaşmaq istəsələr də amma o özü heç kimə  fikir vermədi. Yalnız və yalnız sənətiylə məşğul oldu. Yelin qayadan apardığı toz olduğu kimi. Paxıllar da öz zirvəsi olan sənətkarın sənət zirvəsindən yalnız və yalnız toz apara bilərlər. Sözü gedən sənətkar musiqiyə əsl sənət mənbəyi kimi baxır. Çünki o, musiqiyə əsl sənət mənbəyi kimi baxır, ürəyinin hökmüylə yüz ölçüb, bir biçir, addımlar atır. Necə ki, Holley deyirdi:
      "Bəzi insanlar incəsənəti başa düşür, bəziləri hiss edir, bəziləri isə həm başa düşür, həm də hiss edir."
Aforizmdəki ikinci cümləni eynən sənətkarımız Brillant xanıma şamil etmək olar. Brillant xanım incəsənəti, musiqini çox gözəl bildiyindən musiqini həm çox gözəl hiss edir, həm də çox gözəl başa düşürdü. Əlbəttə ki, bu hər bir kəsə şamil olunan nəsnə deyil.
Brilliant Dadaşova musiqi karyerasına 1983-cü ildə Eldar Mansurovun mahnıları ilə başladı. 1985-ci ildə Brilliant xanım Dadaşova Moskvada keçirilən Ümumdünya Gənclər Festivalında ilk dəfə böyük səhnəyə gəldi. Səhnəyə gəlişiylə də çoxlu uğurlar, nailiyyətlər əldə etdi. Təbii ki, öz gərgin zəhmətinin,.alın tərininin hesabına. İşləməyən dişləməz deyiblər. İnsan gərək çalışa ki, sonra  da zəhmətini bəhrəsini görə. Brilliant xanıma populyarlıq qazandıran, şan-şöhrət gətirən mahnılarından biri də Akif İslamzadə ilə oxuduğu  musiqisi: Cavanşir Quliyevə aid olan "Hər şey gözəldir həyatda"  mahnısıdır. Sənətkarlar bu mahnını 1986- ci ildə  lentə aldırırlar. Həmin ildə də Brilliant Dadaşovanın eyni adlı musiqi albomu  da işıq üzü görür. Özünün  də etiraf etdiyi kimi  onu  xalqa tanıdan Akif İslamzadə olub. O illəri xatırlayaraq danışır: " İlk dəfə məni görkəmli musiqiçi Rafiq Babayevlə məhz Akif İslamzadə tanış etmişdi.Yəni o deyirdi ki, sənin səsini bütün Azərbaycan eşitməlidir. Akif İslamzadə ilə, Rafiq Babayev məni inandırdılar ki, səsinlə  yeni çalarlar, yeni üslub gətirirsən, yeni məktəb yaradırsan. Brilliant xanım əsl sənətkarla əsl sənəti təbiətlə müqayisə edir. Çox maraqlı, qeyri - adi yanaşmadır. Görkəmli sənətkarımız deyir ki, " baxın qartal da göylərdə tək uçur. Amma ətrafında nə qədər qarğalar, quzğunlar var. Sayı hesabı yoxdur. Biz də təbiətin bir qismiyik, bir parçasıyıq əslinə baxsaq. Müqayisə üçün götürək heyvanlar aləmini. Müqayisə eləsək biz təbiətin nə qədər parçası olduğu kimi həm də hər şeyi nümunə götürmək olur heyvanlar aləmindən. Bülbül oxuyar, cəhcəh vurar, qarğa isə qarıldayar. İnsan da belədir xasiyyətinə uyğun tərzdə özünü aparır".

Brilliant xanım 1987-ci ildə sovet ifaçıları arasında keçirilən müsabiqədə birinci yerə layiq görüldü.

Sənətkarın sənət yolu keşməkeşlərlə doludur. Ermənilər 1988-ci ildə Topxana meşəsindəki törətdiyi  hadisələrdən sonra etiraz olaraq müğənni Sözləri: Dahi şairimiz Dəmir Gədəbəylinin, musiqisi: Gülər Həsənlinin "Haydı, ər igidlər" mahnısını ifa edir. Buna baxmayaraq bu cəsarətli addımından sonra o ciddi töhmət alır.
1989-cu ildə Brilliant Dadaşovanın çox məşhur "Bayatılar" adlı mahnısı işıq üzü görür. Qısa müddətdə xitə çevrilən "Bayatılar" mahnısına məşhur müğənnilər Sezen Aksu, Edvvard Maya, Keti Garbi, Reno, Levent Yüksel, Monika Salmaso, "Brazilian girls", "N Dubz", DJ Brizi və Eusebio Belli və başqa dünya ulduzları tərəfindən yüzlərlə versiyada ifa olunur.
1990-cı ildə müğənni mövcud Sovet rejimin əleyhinə oxuduğu "Heykəllər" mahnısına görə yenidən qadağalara məruz qalır. Elə həmin illərdə o Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "musiqili teatr aktyoru" fakultəsini bitirir. Həmin ildə də Türkiyəyə ilk dəvət alan müğənni TRT kanalının "Avrasiya konserti" çəkimlərində iştirak edir.
1991-ci ildə Brilliant Dadaşova Yaşıl Teatrda ilk solo konsert proqramı ilə çıxış edir. 1993-cü ildə dövlət televiziyasında "Bu axşam" proqramının aparıcılığını etməklə Azərbaycanda ilk aparıcı müğənni olur. Həmin il müğənninin "Azərbaycanın səsi" adlı ilk albomu işıq üzü görür. 1994-cü ildən müğənni indiki Heydər Əliyev adına Sarayda ilk böyük solo konsert proqramı ilə çıxış edir.

Brilliant Dadaşova 30-dan çox ölkədə səfərlərdə olub. Canından çox sevdiyi Azərbaycanı öz gözəl musiqiləriylə İsveçdə, Avstriyada, Almaniyada, Böyük Britaniyada, Amerika Birləşmiş Ştatlarında və digər dövlətlərdə uğurla təmsil  edib. Onu da qeyd edək ki, Sovet İttifaqı dağıldıqdan sonra Rusiyada solo konserti ilə çıxışlar edən ilk Azərbaycan müğənnisi məhz Brilliant xanım Dadaşova oldu. O, Rusiyanın ən iri iki şəhərində — Moskvada və Sankt-Peterburqda çıxışlar etdi.

Brilliant Dadaşovanın 1994-cü ildə "Sevəcəyəm" adlı musiqi albomu çıxır. Mahnının sözləri: Əlibala Hacızadənin, musiqisi: Cavanşir Quliyevindi. Bu disk həm Azərbaycanda, həm də Türkiyədə çox sayda  satıldı.
1995-ci ildə "Züleyxa" mahnısına çəkilmiş videoklip Rusiya kanalında nümayiş etdirilməyə başladı və kanalın qızıl onluğunda uzun müddət ərzində ön cərgələrdə sabit qaldı. Həmin o ildə, müğənninin "Züleyxa" adlı diski çıxır.
1998-ci ildə "Dərdimdən öləcəksən" adlı diski işıq üzü görür. Eyni adlı mahnının musiqisi Nadir Əzimovundu.
1997-ci ildə Brilliant Dadaşovaya Azərbaycanın əməkdar artisti fəxri adı verildi. Həmin ildə o, bir sıra Azərbaycan müğənnisi və Norveçin SKRUK ansamblı ilə birlikdə "Landet vi kommer fra" Azərbaycan-Norveç layihəsində iştirak edirdi.
1999-cu ildə müğənninin Türkiyədə "Seyduna Türküləri" adlı ikinci diski işıq üzü görür. Daha sıx-sıx Türkiyə telekanallarında görünən müğənni ard-arda Mehmedeli Arbil, Seda Sayan, Beyaz, Esra Ceyhan, Metin Şentürk kimi tanınmış aparıcıların proqramlarında qonaq olur. Həmin illərdə müğənnini oğluna həsr etdiyi "Maç-maç, quc-quc" mahnısı Türk bəstəkarı və müğənnisi Oqtay Raqa tərəfindən oğurlanır və Turkcellin reklam kompaniyasında istifadə olunmağa başlayır. Müəllif hüquqlarının qorunması üçün məhkəməyə müraciət edən Briliant Dadaşovanın müəllifliyini tanıyan Türkcell şirkəti onunla 5 illik müqavilə imzalayır.

1999-cu ildə Brilliant Dadaşova bələdiyyə seçkilərində qalib gələrək Bakı şəhəri Səbail bələdiyyəsinə üzv seçildi. Əziz oxucularımız onu da qeyd eləyək ki, Brilliant xanım ictimai xadim kimi də çox fəal olub. Belə ki, Bakı şəhəri, Səbail bələdiyyəsində  işlədiyi müddətdə çoxlu xeyirxah işləriylə yadda qaldı. Neçə-neçə  kimsəsizə köməklik göstərib, qocalar evində, uşaqlar evində konsertləriylə çıxışlar edib. Onlara maddi və mənəvi dəstək olurdu. Qismət deyilən  bir şey var.Həyatda Brilliant xanımın həyatda işlərinin rəvan getməsinin səbəbi onun illərdi ki, sənətkar kimi xalq içində olmasıdır. Xalqın sevgisi, xoşbəxtliyi əsl sənətkarın xoşbəxtliyidir. Dövlətimiz onun əməyini həmişə yüksək dəyərləndirib. Çox müğənni xalq artisti ola bilər. Amma xalqının artisti ola bilməz. Brilliant xanım əsl Xalq artistidi eyni zamanda da xalqının artistidi, xalqının sevimlisi, istəklisidi.

2000-ci ildən 2005-ci ilədək o, Space TV kanalında "Gözəllik dünyanı xilas edəcək" adlı verilişinin aparıcısı idi. Bir zamanlar Brilliant xanım "Akademiya" layihəsində istedadlı musiqiçilərə və ifaçılara karyera qurmaqda da yardımçı olmuşdu.

2008-ci ildə isə müğənni "Lider" televiziyasında "Mən sənətkaram", 2012-ci ildə Türkiyənin TMB kanalında "Pirlantalı Gecələr" proqramının aparıcısı olur. 2009-cu ildə Türkiyədə ona novbəti uğur gətirən "Masal dünyam" adlı albomu işıq üzü görür. 2012-ci ildə balaban ustası Əlixan Səmədovla birgə "Çıx Yaşıl Düzə" mahnısını yeni versiyada ifa edir və mahnıya çəkilən klip Türkiyə telekanallarında böyük uğurla yayımlanır. 2013-cu ilin may ayında müğənni 13 il fasilədən sonra Azərbaycanda yenidən solo konsert proqramı ilə çıxış edir.
2008-ci ildə Brilliant Dadaşova Azərbaycanın Xalq artisti fəxri adına layıq görülür.
Rus dram teatrının rəhbəri Ədalət Hacıyevlə evlidir. Məşhur cütlüyün Cahad adlı bir oğlu var.

 

Azərbaycan Akademik Rus Dram Teatrının rəhbəri, Brilliant xanımın həyat yoldaşı, Ədalət Hacıyev: -  Fuad bəy, Brilliant xanımla necə tanış olmağımızdan sizə bəhs etmək istəyirəm. Əvvəlcə səsi gəldi, sonra da özü.  Mən Brilliantın əvvəlcə səsini eşitmişdim. Onunla tanış olanda da telefonla danışmışdım. Ona görə də Anarın pyesi çox xoşuma gəldi. O telefonla yığanda “88 45” əvəzinə “46 “yığmışdı. Bizdə “46” idi. Onda mobil telefonlar yox idi, ev telefonları vardı. Mən də gördüm bir qız zəng vurub, yalandan dedim ki, mənəm. Ələkbər adında bir adamı çağırırdı. Dedim ki, Ələkbər indi gələcək. Sən demə, Ələkbər bunların qohumudur. Qohumu ilə də danışmalıymış. Təxminən 10 dəqiqə, 15 dəqiqə danışdıq. Mən əvvəl adımı demədim, sonra tanış olduq. Mənə elə gəlir ki, bu bir qismətdir. Bilərəkdən olmayıb. Qismət də çox maraqlı hadisə kimi oldu. Yadımıza düşəndə çox gülürük. O vaxt bəlkə telefona cavab verməzdim, heç mənim vaxtım olmazdı. Nədənsə, vaxtım da var idi, danışa da bildim. Hardansa o sözləri tapdım. Nədənsə, o, telefonu atmadı(Gülür). Maraqlı bir şey alındı, həyat yollarımız birləşdi. 

Müğənni Lalə Dadaşova: Bacım haqda onu deyə bilərəm ki, bacım böyük sənətkardır, əvəz olunmaz sənətkardır. Əsrlərlə dünyaya gəlməyən sənətkarlardan biridir. İki əsrdən bir doğulan sənətkarlardan biridir. Təəssüflər olsun ki, onun qədrini çox az bilirlər. Düzdür, hökumətimiz, mədəniyyət nazirliyimiz qiymət verib. Onlar hamısı Brilliant xanımın sənətinə çox yüksək dəyər verirlər. Amma ayrı- ayrı ünsürlər var ki, zövqləri kasıb olan, iç dünyaları kasıb olan zövq dünyaları kasıb olan, iç dünyaları zövqsüz olan insanlar onu bir az incidirlər. Deyir milçək bir şey deyil, amma könül bulandırır. Biz də insanıq. Ətdən, qandan əmələ gəlmişik. Daşdan, divardan əmələ gəlsəydik vecimizə olmazdı. Qaldı ki, Brilliant xanıma Brilliant xanım birinci olub həmişə. Sənətdə nə edibsə, hansı yeniliyi edibsə birinci edib.Brilliant xanım bir məktəbdir. O özündən sonra  bir məktəb qoyacaq. Allah ona can sağlığı versin. Brilliant xanımdan da qabaq sənətkarlarımız olub. Amma heç birisi özündən sonra məktəb qoymayıb. Hamısı bir-birini təkrar edib. Bəziləri Asəf Zeynallı adına Musiqi Kollecində öyrəndiklərini, Konservatoriyada öyrəndiklərini gətirib efirə, radio dalğalarına çıxarıb. Amma Brilliant xanım içdən, ürəkdən gələn sənətkardır. Onun əvəzi yoxdur. Bilmirəm, yaxın yüz illikdə olacaq və yaxud olmayacaq. Onu da da dəqiq deyə bilmərəm. Amma bir musiqiçi kimi, bir bacı kimi deyə bilərəm ki, onun əvəzi yoxdur. Əvəzsiz, böyük sənətkarımızdır. Çox sağ olun, təşəkkür edirəm sizə Fuad.

Əməkdar İncəsənət Xadimi, bəstəkar Nadir Əzimov: Brilliant xanımı ailəlikcə çox istəyirik, çox sevirik. Brilliant xanım ailəvi dostumuzdu. Çox xoşbəxt bəstəkaram ki, Brilliant xanım ən gözəl mahnılarımı oxuyub. Misal olaraq "Zəng vurma susma sevəcəyəm de", "Yalnız səninəm", "Dərdimdən öləcəksən",  " Bakının işıqları", " Qarabağ -  Şuşa" və sair və ilaxır. Çox mahnılar yazmışıq. Çoxları yadımdan çıxa da bilər. Böyük sənətkarımıza can sağlığı, yaradıcılıq uğurları arzu edirik.

Telejurnalist Kamran Həsənli: Brilliant xanım bizim musiqi tarixində, əsasən də mahnı musiqi tarixində bir hadisədir. Unikal səsi ilə, çox orijinal ürəyi ilə, musiqiyə yanaşmasıyla təkrar olunmazdı. Düzdü çox müğənnilər  təkrar etmək istəyirlər onu. Təkrar necə görünürsə o da o cür görünür. Brilliant xanım olduqca dərin musiqi duyumuna malikdir. Böyük musiqiçilər ailəsindədir. O da böyük rol oynayır əlbəttə ki. Bilirsiniz də ümumiyyətlə.o nəsildə Azərbaycanın mədəniyyət tarixinə adlarını qızıl hərflərlə yazdıran insanlar var. Məlik Dadaşov, böyük aktyorumuz yeri cənnətlik Rafael Dadaşov və sairə. Adamlar ki, var onların xüsusi yerləri var. Bizim mədəniyyət tariximizdə Brilliant xanım da oxuduğu mahnılarla, əsasən də müasir bəstəkarlara verdiyi o nəfəslə yüz  faiz Azərbaycan mədəniyyət tarixində xüsusi, önəmli yerini tapıb.

Əməkdar artist, müğənni Nüşabə Ələsgərli: Brilliant xanım Azərbaycanın musiqi sənətində, estrada sənətində öz dəsti - xətti olan bir sənətkardır. Brilliant xanımın öz ifa üslubu var. Özünəməxsus İfasıyla Brilliant xanım  məktəbini yaradıb. Brilliant xanım həmişə öz üzərində çalışan, işləyən müğənni olub, sənətkar olub. İllərlə birgə çalşdığı insanlar Azərbaycanın peşəkar musiqi sənətində öz sözlərini demiş sənətkarlar olublar. Bu illər ərzində o, musiqimizi müxtəlif ölkələrdə  yüksək səviyyədə tərənnüm edib. Sənətkarın repertuarı çox zəngindir. Bu gün də gənc nəsil onun repertuarından bəhrələnir. Və uzun illər də bəhrələnəcək.  Bir sözlə, dediyimiz kimi Brilliant xanım özü bir məktəbdir. Bir insan kimi də Brilliant xanımın tayı - bərabəri yoxdur. Bunu da xüsusi qeyd etmək istəyirəm ki, həmişə gənclərə dəstək olan bir sənətkardır. Ona hər zaman can sağlığı arzu edirəm. Həmişə belə gözəl qalsın, təravətli qalsın, estrada sənətini daim tərənnüm eləsin. Ona uğurlar arzu edirəm. Öpürəm bağrıma basıram. 

Müəllif: Fuad BİLƏSUVARLI, AYB üzvü, AJB üzvü, Prezident mükafatçısı

Qafqaz.Media

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Cücə şorbası - Hekayə
19/11/2024 - 22:18
Nöqtələr...- İradə Əlili
13/11/2024 - 08:04