Tarixi abidələrlə bağlı xəbərdarlıq: Bunu etmək qadağandır!

04/09/2024 - 16:42

Azərbaycan zəngin mədəni irsi, qədim tarixi abidələri ilə hər zaman diqqət çəkən ölkələr siyahısında olub. Əsrlər boyu ölkənin müxtəlif ərazilərində, fərqli üslublarda inşa edilən tikililər hələ də öz gözəlliyini qoruyub saxlayır. Zaman keçdikcə isə sözügedən tikililərdə restavrasiya işlərinin görülməsinə ehtiyac yaranır.  Bəs abidələrin bərpası necə həyata keçirilir? Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli Modern.az-a açıqlamasında bildirib ki, son illər ərzində ölkə ərazisində çoxlu sayda tarixi abidədə bərpa və konservasiya işləri aparılıb. Hazırda bərpa-konservasiya işlərinin aparılmasına ehtiyacı olan abidələrin də sayı çoxdur. “Bildirmək istərdik ki, tarixi abidələr dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına daxil edilərək mərhələli şəkildə bərpa, konservasiya işləri həyata keçirilir. Bu məqsədlə abidələr müvafiq siyahıya daxil edilir və investisiya layihələrinin icrası çərçivəsində bərpa olunur. Eyni zamanda ölkə ərazisində bərpaya ehtiyacı olan tarixi abidələrin çoxluğunu nəzərə alaraq, belə tarixi tikililərin qanunvericilik çərçivəsində ianələrlələ bərpa edilməsində də maraqlıyıq. Bu istiqamətdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən müəyyən təbliğat işləri aparılır. Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən abidələrin üzərində bərpa, konservasiya işləri, onların layihələri aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla, Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edildikdən sonra mütəxəssislərin nəzarəti altında aparılmalıdır. Belə olan halda abidənin konstruktiv dayanıqlığının və tarixi simasının qorunmasının ən xırda detalına kimi nəzərə alınır. Heç bir halda tarixi abidənin ilkin görkəminin dəyişdirilməsinə yol verilmir”.Qurumdan o da bildirilib ki bəzən mülkiyyətində və ya istifadəsində tarixi abidələr olan şəxslər tərəfindən qanunun qeyd olunan tələblərinə əməl olunmadan təmir-bərpa işləri aparılır. Belə olan halda da abidələrin memarlıq üslubuna, tarixi görkəminə, konstruktiv dayanıqlığına xələl gətirilir. “Müvafiq layihələri aidiyyəti üzrə razılaşdırılmadan, aidiyyəti dövlət orqanlarını məlumatlandırmadan abidələrin üzərində hər hansı işlərin aparılması qadağandır, belə hallar aşkar edildikdə tarixi abidəyə müdaxilə hesab olunur və dərhal müvafiq tədbirlər görülür”, - deyə Fariz Hüseynli vurğulayıb. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Cücə şorbası - Hekayə
19/11/2024 - 22:18
Nöqtələr...- İradə Əlili
13/11/2024 - 08:04