Şimali Kiprdə də 7 günlük matəm elan edildi - YENİLƏNİB

07/02/2023 - 08:12

Şimali Kipr Türk Respublikasında Türkiyədə zəlzələ zamanı çoxsaylı insan tələfatı ilə bağlı 7 günlük matəm elan edilib.

Bu barədə Şimali Kipr Türk Respublikasının lideri Ersin Tatar tviter hesabında paylaşım edib.

“Allah millətimizə qüvvət versin. Allahdan həyatını itirən qardaşlarımıza rəhmət, yaralananlara şəfa diləyirəm”, - Ersin Tatar tviter hesabında yazıb.

Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 maqnitudalı, saat 13:24-də isə Elbistan rayonunda 7,6 maqnitudalı iki zəlzələ qeydə alınıb. Zəlzələ nəticəsində 2 379 nəfər həlak olub, yaralananların sayı isə 14 min 483 nəfərə çatıb. Təbii fəlakət zamanı 6 200-dən çox bina dağılıb.

*** 

21:43

 

Türkiyədə güclü zəlzələ ilə əlaqədar 7 günlük ümummilli matəm elan edilib.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviter hesabında yazıb.

"2023-cü il fevralın 6-da ölkəmizdə baş vermiş zəlzələlərlə əlaqədar 7 günlük ümummilli matəm elan edilib. Bayrağımız 12 fevral 2023-cü il bazar günü, bütün ölkəmizdə və xarici nümayəndəliklərdə gün batana qədər yarıya qədər endiriləcək", - Türkiyə Prezidenti qeyd edib.

Qeyd edək ki, bu gün gecə saatlarında Türkiyədə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 1651-ə, yaralıların sayı isə 11 119-a çatıb. Təbii fəlakət nəticəsində 3471 bina dağılıb. Kahramanmaraş vilayətində 7,7 və 7,6 maqnitudalı iki zəlzələ baş verib.