XORVATİYA ŞENGEN ZONASINA DAXİL EDİLDİ - Bolqarıstan və Rumıniya haqda da açıqlama verildi...

16/12/2022 - 09:23

Avropa İttifaqının (Aİ) dövlət və hökumət başçıları Xorvatiyanın Şengen zonasına daxil olmasını təsdiqləyib və ümidvar olduqlarını bildiriblər ki, Bolqarıstan və Rumıniya 2023-cü ildə buna nail ola biləcəklər.

Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Aİ-nin Brüsseldəki sammitindən sonra keçirilən mətbuat konfransında deyib.

"Biz Xorvatiyanın Şengen zonasına daxil olmasını təsdiqləmişik. Ümid edirik ki, Bolqarıstan və Rumıniya 2023-cü ildə Şengenə qoşulacaq", - o deyib.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin sözlərinə görə, AK Bolqarıstan və Rumıniyanın ən qısa zamanda Şengenə qoşulmasını təmin etmək üçün əlindən gələni edəcək.

Aİ-nin Daxili İşlər və Ədliyyə Şurasının dekabrın 8-də Brüsseldə keçirilən iclasında Xorvatiyanın Şengen zonasına qoşulması təsdiqlənib, Rumıniya və Bolqarıstanın müraciətləri isə Avstriya və Niderlandın səsləri ilə rədd edilib.