21 GÜN RUSİYA SƏRHƏDİNDƏ GÖZLƏDİLƏN AXISXALILAR TÜRKİYƏDƏ GÜL-ÇİÇƏKLƏ QARŞILANDI – Xersondan çıxarılan 88 nəfər Elazığda yerləşdirilib / FOTOLAR

21/11/2022 - 14:25

Ukraynadan Türkiyəyə təxliyyə edilmələrini gözləyən Axısxa Türklərinin həftələrdir Rusiya sərhədində gözlədildiyi haqda məlumat vermişdik. Qeyd etmişdki ki, Rusiya rəsmiləri 109 nəfər Axısxa Türkünün Gürcüstan vasitəsilə qardaş Türkiyəyə keçməsinə icazə vermədiyindən, onlar çətin duruma düşüblər.

Qafqaz.media xəbər verir ki, Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) günlərdir apardığı mücadilə və Türkiyə dövlət rəsmilərinin dəstəyi nəticəsində sözügedən problem artıq həll edilib.

DATÜB-ün mətbuat xidmətindən verilən məlumata əsasən, Rusiya ilə müharibənin davam etdiyi Ukraynanın Xerson şəhərindən Türkiyəyə gələn 88 Axısxa Türkü dünən Elazığda məskunlaşacaqları əraziyə çatıblar.

“Xarici İşlər Nazirliyi və Türkiyənin Moskvadakı səfirliyinin təşəbbüsü ilə Xersondan çıxarılan 84 Axısxa Türkü və daha əvvəl Rusiyaya keçmiş 4 Axısxa Türkündən ibarət avtobus karvanı Gürcüstandan keçərək, Sarp Sərhəd Qapısı vasitəsilə ölkəyə daxil oldu. Onlar dərhal Elazığa gətirildilər.

Axısxa Türklərini Aşağıdəmirtaş Müvəqqəti Yaşayış Məntəqəsinin qarşısında qubernator müavini Abdulkerem Abbasoğlu və daha əvvəl yerləşdirmə mərkəzinə gələn digər axısxalılar zurna-balabanın müşayiəti ilə, gül-çiçək dəstələri və Türk bayraqları ilə qarşılayıblar.

Herson'dan gelen 88 Ahıska Türkü Elazığ'a ulaştı

Yerləşdirmə mərkəzində qalan ailələri və yaxınları ilə bir araya gələn Axısxa Türkləri sevinc göz yaşları töküblər.

Elazığ valisinin müavini Abbasoğlu jurnalistlərə verdiyi açıqlamada bildirib ki, Xersondan təxliyyə edilən Axısxa Türkləri Miqrasiya İdarəsinin təşkilatçılığı ilə sağ-salamat Elazığa çatdırılıb.

Ümumilikdə yerləşdirmə mərkəzindəki Axısxa Türklərinin sayının, son gələnlərlə birlikdə, 2551 nəfər olduğunu deyən Abbasoğlu, “31 oktyabrdan bəri Rusiya sərhədində ölkəmizə gəlməyi gözləyən 88 axısxalı soydaşımızın yaxınlarına, doğmalarına qovuşmasının sevincinə şahid olduq. Onları zurna-balaban sədaları altında, dualarla qarşıladıq. Və uşaqların atalarına qovuşduğunu gördükcə, bu işin nə qədər mənalı olduğunun bir daha şahidi olduq”, - vurğulayıb.

Herson'dan gelen 88 Ahıska Türkü Elazığ'a ulaştı

Axısxa Türklərindən Gülbahar Şamilova döyüş bölgəsində çox çətin günlər keçirdiklərini, daha əvvəl 4 uşağının təxliyyə edildiyini, lakin əri və özünün Ukraynada qaldığını bildirib. Türkiyənin dövlət rəhbərliyinin sayəsində övladlarına qovuşduğu üçün xoşbəxt olduğunu deyən Şamilova, "Allah hamınızdan razı olsun. Allaha şükürlər olsun ki, övladlarıma qovuşdum. Mənə bu sevinci yaşatdınız, çox sağ olun. Başda Prezident Ərdoğan olmaqla, hər kəsdən çox razıyam, məni övladlarımın yanına qaytardılar. Allah Ərdoğandan razı olsun. Onun sayəsində ailələrimizə qovuşduq, çox şükür", - deyib.

Herson'dan gelen 88 Ahıska Türkü Elazığ'a ulaştı

Şamilovanın qayınatası Hezim Şamilov isə bildirib ki, nəvələrinin 7 aydan sonra analarına qovuşmasının sevincini yaşayır. "Prezidentimizə çox təşəkkür edirəm. Allah dövlətimizdən razı olsun. Məni gəlinimlə, oğlumla, nəvələrimi analarına qovuşdurduğunuz üçün çox sağ olun”, - deyə Şamilov bildirib.

Elazığda 3 övladı və həyat yoldaşına qovuşan Sevilə Muradova da sözlə ifadə edilməyən sevinci və həyəcan içərisində olduğunu dilə gətirib, dəstəyə görə bütün səlahiyyətlilərə təşəkkür edib. Onun həyat yoldaşı Eldar Muradov 3 övladı ilə birgə Türkiyəyə gəldiklərini, lakin həyat yoldaşının Xersonda qaldığını deyib: "Bir aydır uşaqları gətirmişəm, həyat yoldaşıma icazə vermədilər. Sağ olsun dövlətimiz, həyat yoldaşım uşaqlarına qovuşdu”.

Dilşad Başadov Türkiyə dövlətinin sayəsində 7 aydır ayrı olduğu valideynlərinə qovuşduğu üçün xoşbəxt olduğunu bildirib.

Ukraynadakı müharibə səbəbindən böyük çətinliklər yaşadıqlarını deyən Başadov əlavə edib: "Evsiz qaldıq, son 21 günümüz avtobusda keçdi. Allaha şükürlər olsun ki, gəldik. Allah böyüklərimizdən, dövlətimizdən razı olsun, çox böyül dəstək verdilər. Çətin günləri geridə qoyduq. Bu gün valideynlərimlə görüşdüm, çox xoşbəxtəm".

Xatırladaq ki, noybarın birinci yarısında DATÜB Başqanı Ziyəddin Kassanov Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu ilə görüşmüşdü. Nazir söhbət zamanı Xersondan təxliyyə edilmələrini gözləyən Axısxa Türklərinin problemləri ilə bağlı Rusiya rəsmiləri ilə əlaqə yaratdığını bildirmiş, onların siyahısının ruslara təqdim edilməsini istəmişdi. DATÜB Baş Qərargahı qurumun Ukrayana Nümayəndəliyi ilə birlikdə dərhal siyahını hazırlayaraq, Türkiyə Cümhuriyyətinin Moskvadakı səfirliyinə təqdim etmişdi.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Ankarada Azərbaycan SÖHBƏTİ
08/09/2024 - 11:12