Atamla söhbət... - Fuad Biləsuvarlı yazır

10/08/2024 - 00:44

Atamla söhbət

Atamın ad gününə xatirə - etüd

Kənd qəbirəstanlığında atamın məzar daşı lap uzaqdan görünür. Gəlib çatıram.
  - Salam ata!
Məzar daşındakı şəkildə ayaq üstədir.
Sanki canlıdır.
Qəhərlənmişəm. Bir müddət heç nə deyə bilmirəm. Yəqin o da qəhərlidir.
Axır ki, özümü ələ ala bilirəm:
- Bu gün ad günündür. Avqustun 10 -u.
Sakit-sakit üzümə baxır. Məni isə yenə qəhər boğur. Nə vaxtsa yazdığım misralar yadıma düşür:

- Könlüm qübarlanıb solası idi,
  Hicran saçlarımı yolası idi,
  Bilirdim, mənə bu, olası idi,
  Ağlayın bəxtimə, taleyimə siz...

Sənə şeir də həsr etmişəm, ata! Yenə dinmr. Qoy söyləyim!

- Bir az gözdən, bir az üzdən,
  Danışanda ötkəm sözdən,
  Qara teldən, ağ bənizdən,
  Mən atama bənzəyirəm.

Davam edirəm.
-Səni hər gün xatırlayırıq. Evdə də hər şey səni xatırladır. Hər şey yerindədir. Bircə sən çatmırsan...
     Qəhər yenə də kal meyvə kimi boğazımı tutub, danışa bilmirəm.
      Sakit-sakit baxışırıq. Dəqiqələr ötür, zaman irəliləyir. Biz isə üz- üzəyik.
       Kədərli gözlərimlə üzünə baxıram.
- Sən əbədi evindəsən. Biz isə hələ yol gedirik. Nə vaxt qurtaracaq bu yol, bilmirik.
        Yenə lal - sükut. Yenə kədərli baxışlar...
-  Həyatın qanunu belədir. Dünyaya göz açdığımız dəqiqədən əbədi mənzilimizə doğru gedirik.
       Nə qədər vaxtdır üz-üzəyik?! Bilmirəm: Bu lal - dinməzlik lap adamı üzür. Fikirləşirəm: kaş bir kəlmə söz deyəydi. Mənim üçün böyük təsəlli olardı. Amma bu mümkünmü?!
Bu əbədi yoldan qayıdan olmayıb.
Çarəsi dözməkdir. Biz də dözürük.
       Məni xəyallardan gecə - gündüz qəbirstanlıqdan ayrılmayan mollanın səsi ayırır.
        - Yasin oxutduracaqsınız?
Çevrilib baxıram. Cavan oğlandır, saqqalı da qap-qara. Onun da çörəyi yəqin ki, burdan çıxır.
     Başımın işarəsilə " hə" deyirəm.
Yenə xəyallara dalıram.
      Hava da yavaş-yavaş qaralır.
Yenə də atamın məzar daşı ilə üz-üzəyik.
Gözlərini məndən ayırmır. Sanki " daha gecdir, get" - deyir.
       Hə hava qaralır. Getmək vaxtıdır.
Xırda addımlarla ayaqlarımı sürüyə -sürüyə geri boylanıram. Arxamca baxır. Birdən mənə elə gəlir ki, məzar daşı tərpəndi.
Dayanıram, bir az da həyəcanlı. Yox, axşamtərəfi qalxan meh imiş, məzarı üstündəki gülləri tərpədibmiş...
     Ürəyimdən bu hisslər keçir:
- Kaş möcüzə baş verəydi...
 

 

Atamın məzarda ruhu üşüyür!

Bir qarışqa, böcək əzməyən kəsin,
Saysız dərdlərindən bezməyən kəsin.
Sağ ikən soyuğa dözməyən kəsin,
Atamın məzarda ruhu üşüyür!

Həmişəki kimi solğun olsa da,
Yorulub yatsa da, yorğun olsa da.
Çiçəklər üstündə yorğan olsa da,
Atamın məzarda ruhu üşüyür!

Çox erkən əcəlin atına minən,
Qırx yeddi yaşında çırağı sönən.
Torpağa qarışıb, torpağa dönən,
Atamın məzarda ruhu üşüyür!

Qucağa almadı bir nəvə payı,
Doyunca görmədi baharı, yayı.
Tez dəydi köksündən fələyin yayı,
Atamın məzarda ruhu üşüyür!

Mənimçün ölməyib, var olan insan,
Ruhunu şad etsin uca Yaradan!
Get üstünü basdır ay əziz anam,
Atamın məzarda ruhu üşüyür!

Müəllif: Fuad Biləsuvarlı

 

Mən atama bənzəyirəm!

Bir az gözdən, bir az üzdən,
Danışanda ötkəm sözdən,
Qara teldən, ağ bənizdən
Mən atama bənzəyirəm.

Səmimiyəm mən olduqca,
Düz deyirəm lap açıqca.
Zaman ötüb yaşlaşdıqca
Mən atama bənzəyirəm.

Qanacaqda, mərifətdə,
Boy-buxunda, şux qamətdə,
Həm əməkdə, həm sənətdə
Mən atama bənzəyirəm.

Qəlbi yuxa olmağımda,
Qayğıya da qalmağımda,
Sözə meyil salmağımda
Mən atama bənzəyirəm.

Müəllif: Fuad Biləsuvarlı

 

Bir yaşlı nəfəsi gəlməyən evdə

Əzəldən bu olub doğru, həqiqət,
Böyüksüz evlərdə olmur səadət.
Hər şey qaçaq düşür ruzi, bərəkət,
Bir yaşlı nəfəsi gəlməyən evdə.

Ən şirin nəğmələr ağıya dönür,
Sönür əbədilik çırağı sönür.
Cansız daş divar da can verir, ölür,
Bir yaşlı nəfəsi gəlməyən evdə.

Kədərli görünür qapı, pəncərə,
Olmur ev-eşikdə gözəl mənzərə.
Dəymir bir yaxşı şey gözə, nəzərə,
Bir yaşlı nəfəsi gəlməyən evdə.

Həm sükutu ağır, havası ağır,
Hörümçək tor qurur, evi toz basır.
Heç olmur bir şənlik, nə də çal-çağır,
Bir yaşlı nəfəsi gəlməyən evdə.

Müəllif: Fuad BİLƏSUVARLI, AYB üzvü, AJB üzvü, Prezident mükafatçısı

                                                Qafqaz.Media

  

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Salyanda ev yanıb
11/11/2024 - 16:39
Pensiya alanlara xəbər var
11/11/2024 - 16:37
Qəbələdə yol qəzası olub
11/11/2024 - 11:21
Qəbələdə yol qəzası olub
11/11/2024 - 11:21
Sabah leysan yağacaq
10/11/2024 - 22:15