Avropa Məhkəməsi Azərbaycana qarşı 6 şikayət üzrə qərarını elan edib

15/12/2022 - 17:43

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) dekabrın 15-də Azərbaycandan göndərilmiş 6 şikayət üzrə qərarlarını elan edib.

Aihmaz.org saytının məlumatına görə, məhkəmə 4 bənzər ərizəni – müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları Cabbar Savalanlı və Murad Ədilovun və Müsavat Partiytasının fəalları Fərəc Kərimov və Sirac Kərimlinin ərizələrini birləşdirərək, birgə qərar çıxarıb (Savalanlı və başqaları Azərbaycana qarşı).

Savalanlı və Başqaları Azərbaycana qarşı işi ərizəçilər Cabbar Savalanlı, Fərəc Kərimov, Sirac Kərimli və Murad Ədilovun narkotik vasitələrin saxlanması və qanunsuz dövriyyəsi ilə bağlı saxlanılmaları, evlərində axtarış aparılması, istintaqa cəlb edilməsi ilə bağlıdır. Ərizəçilər hökumət əleyhinə fəaliyyətlərinə görə, qurama sübutlar əsasında, əsaslı şübhələr olmadan saxlanılma və həbs edilmələrindən, yerli məhkəmələrin onların həbsdə saxlanmaları üçün yetərli səbəblər təqdim edə bilməməsindən şikayət edib. Müxtəlif vaxtlarda verilmiş şikayətləri AİHM yeni icraatda birləşdirib.

Cabbar Savalanlı işində ərizəçi 2011-ci ilin fevralında tutulub, ona Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan şəxsi istifadə üçün zəruri olan miqdardan artıq qanunsuz olaraq narkotik vasitələri saxlama) maddəsi üzrə ittiham irəli sürülüb. Sumqayıt Şəhər Məhkəməsi onun barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçib. Ərizəçinin vəkilləri Savalanlıya münasibətdə Avropa İnsan Haqları Konvensiyasının 5-ci (azadlıq və toxunulmazılıq), 6-cı (ədalətli məhkəmə araşdırması), 11-ci (birləşmək azadlığı) və 13-cü (effektiv hüquqi müdafiə vasitələrinə malik olmaq) maddələrinin pozuntusunu iddia edib.

Fərəc və Sirac Kərimov qardaşlarının işində ərizəçilər 2014-cü ilin iyul ayında saxlanılıb. Nərimanov Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri hazırlama, saxlama, əldə etmə, daşıma və satma) maddəsi ilə ittiham olunan ərizəçilərin hər biri barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib. Ərizəçilər AİHM qarşısında azadlıq və toxunulmazlıq hüquqularına müdaxilənin baş verdiyini iddia edib.

Murad Adilov işində AXCP üzvü, partiyanın Gənclər Təşkilatının həmtəsisçisi, həm də AXCP-nin mətbuat katibi və müxalifət yönümlü “Azadlıq” qəzetinin köşə yazarı Natiq Ədilovun qardaşı olan ərizəçi 2014-cü ilin avqustunda saxlanılıb, bütün əvvəlki işlərdə olduğu kimi evində axtarış aparılıb, narkotik vasitə tapılıb. Əvvəlki ərizəçilərin işində olduğu kimi narkotik vasitənin polislər tərəfindən qoyulduğunu iddia edən Murad Adilova Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri hazırlama, saxlama, əldə etmə, daşıma və satma) maddəsi ilə ittiham irəli sürülüb. Nərimanov Rayon Məhkəməsi ərizəçi barəsində üç aylıq həbs-qətimkan tədbiri seçib. Bu işdə ərizəçinin vəkilləri ona münasibətdə Konvensiyanın 5-ci, 6-cı və 14-cü (ayrı-seçkiliyin qadağan olunması) maddələrinin pozuntusunu mübahisələndirib.

Yerli məhkəmələr bütün işlərdə məhkəməyə qədər həbs tədbirini ittihamların ağır olması, ərizəçilərin istintaqdan yayınma, mane olma riski ilə əsaslandırıb.

AİHM-də Savalanlını hüquqşunas İntiqam Əliyev, Fərəc və Sirac Kərimlini vəkil Nemət Kərimli, Murad Adilovu hüquqşunas Yalçın İmanov təmsil edib.

Məhkəmə bu işdə bütün ərizəçilərə münasibətdə Konvensiyanın 5-ci maddəsinin (5.1 və 5.4) pozulmasına qərar verib. Konvensiyanın 18-ci maddəsi ilə bağlı iddiaları qəbuledilməz sayan məhkəmə, digər iddiaları araşdırmağa ehtiyac olmaması qərarına gəlib.

Qərara əsasən, hökumət qərar qəti olduqdan sonra ərizəçilərin hər birinə 10 min avro mənəvi zərər əvəzi təzminat ödəməlidir. Bundan əlavə, Fərəc və Sirac Kərimli işləri üzrə birlikdə xərc məsrəflərə görə 3 min, Murad Adilov işində isə xərc və məsrəflərə görə 2 min avro ödənilməlidir.

Cavid Məmmədov Azərbaycana qarşı işi də azadlıq və toxunulmazlıq hüququnun pozuntusu iddiaları ilə bağlıdır. Ərizəçi AİHM qarşısında iddia edir ki, yerli məhkəmələr onun həbsinə qanuni əsaslar göstərə bilməyiblər. Ərizəçini məhkəmədə vəkil Cavad Cavadov müdafiə edib.

Bu işdə tərəflər dostca anlaşıb. Anlaşmaya əsasən, hökumət ərizəçiyə 3500 avro ödəyəcək.

İsa İbrahimov Azərbaycana qarşı işi kommunikasiya zamanı ərizəçinin nümayəndəsi daha onu təmsil etmədiyini bildirib. Məhkəmənin qərarına görə, ərizəçi sonrakı mərhələlərdə məktublar alsa da kommunikasiyaya cavab verməyib. AİHM buna görə, ərizəni baxılacaq işlərin siyahısından çıxarmağa qərar verib.