Azərbaycanlılara xaricdə ev aldıran səbəblər

12/10/2024 - 10:43

Xarici ölkələrdə daşınmaz əmlaka investisiya yatırmaq ən gəlirli biznes sahələrindən sayılır. Son illər Azərbaycan vətəndaşlarının da xarici ölkələrin daşınmaz əmlak bazarında fəallığı müşahidə olunur. Azərbaycanlıların daha çox maraq göstərdiyi qardaş Türkiyənin daşınmaz əmlak bazarıdır. Məsələn, Türkiyə Statistika Xidmətinin məlumatına görə, təkcə ötən il bu ölkədə Azərbaycan vətəndaşları tərəfindən 832 mənzil alınıb. Amma statistika onu da deyir ki, Azərbaycan vətəndaşlarının Türkiyədə mənzil alışı ilbəil azalır. 2024-cü ilin ilk altı ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədən 339 mənzil alıblar. 2023-cü ilin ilk altı ayı ərzində bu rəqəm 395 idi. Bəs, görəsən, Azərbaycan vətəndaşlarının xarici ölkələrdə əmlak almasını stimullaşdıran səbəblər hansılardır? Hazırda azərbaycanlılar daha çox hansı ölkələrdən ev alırlar? Ötən illərlə müqayisədə Türkiyədən mənzil alanların sayının azalmasına səbəb nədir? Ekspertlər bildirirlər ki, hazırda azərbaycanlılar Türkiyə ilə yanaşı, Gürcüstanda, Mərkəzi və Şərqi Avropa ölkələrində, Birləşmiş Ərəb Əmirliklərində, Qətərdə daşınmaz əmlak sahibi olmağa daha çox maraq göstərirlər. Xarici ölkələrdə əmlak alanların böyük əksəriyyəti iş adamlarıdır. Onlar həm risklərini bölüşdürmək, həm də əlavə qazanc əldə etmək məqsədilə xaricdə daşınmaz əmlaka investisiya yatırırlar. Bəzi iş adamlarının daşınmaz əmlak aldığı ölkələrdə biznesləri də mövcuddur.

Vətəndaşlar bankı yox, əmlakı seçir

Ekspert Vüqar Oruc bildirib ki, daşınmaz əmlaka investisiya yatırmaq səmərəli sayıldığından Azərbaycan vətəndaşları istər ölkə daxilində, istərsə də xaricdə bu sahəyə sərmayə qoymaqda maraqlıdırlar: “Vətəndaşlar öz vəsaitlərini banklarda depozit şəklində də saxlaya bilərlər. Amma bu, mənfəət əldə etmək baxımından səmərəli deyil. Məsələn, vətəndaş vəsaitini depozit formasında hansısa banka yerləşdirərsə, il ərzində maksimum 8-10 faiz gəlir əldə edə bilər. Daşınmaz əmlak isə sürətlə bahalaşdığından il ərzində təqribən 15-20 faiz mənfəət qazanmaq olur. Bu əmlak torpaq sahəsi olduqda gəlir hətta 50 faizə qədər arta bilər. Buna görə də azərbaycanlı investorlar zaman-zaman Türkiyədə, Gürcüstanda, Dubayda daşınmaz əmlaka investisiya yatırırlar”.

Əmlak kimi otel otaqları da satılır

V.Orucun sözlərinə görə, xarici ölkələrdə daşınmaz əmlak kimi otel otaqları da satışa çıxarılır: “Bu tendensiya, əsasən, Dubayda və Batumidə geniş yayılıb. Bu şəhərlərdə yerləşən otellərdə otaqlar satışa çıxarılır. Başqa ölkə vətəndaşları kimi, azərbaycanlılar da həmin şəhərlərdəki otellərdən otaq almağa böyük maraq göstərirlər. Cəlbedici olduğundan və yüksək mənfəət gətirdiyindən bu istiqamətdə investisiyalar indi də davam edir”. Bununla yanaşı, ekspert vurğulayıb ki, son illər daşınmaz əmlakla bağlı xarici ölkələrə investisiya axını azalıb. Hazırda yerli investorlar Azərbaycanın daşınmaz əmlak bazarına investisiya yatırmağa maraq göstərirlər: “Bunun müxtəlif səbəbləri var. Həm ölkədə iqtisadi sabitlik hökm sürür, həm işğaldan azad olunmuş ərazilərdə böyük investisiya qoyuluşları həyata keçirilir, həm də daşınmaz əmlak sahəsində müəyyən bürokratik əngəllər aradan qaldırılıb. Bütün bunlar yerli investorların marağını daxili bazara yönəldir. Hazırda vətəndaşlar tərəfindən daha çox Bakı və ətraf ərazilərdə, eləcə də ölkənin turizm bölgələrində daşınmaz əmlaklar alınır”.

“Bəzi ölkələrdə əmlak almaq…”

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev hesab edir ki, xaricdə daşınmaz əmlak almağın əsas üstünlüyü bir çox hallarda oturma izni əldə etmək və vətəndaşlıq almaq üçün imkan yaratmasındadır: “Bəzi ölkələrdə əmlak almaq həmin ölkənin vətəndaşlığını və ya yaşamaq hüququnu əldə etmək deməkdir. Hazırda Avropada əmlak almaq daha cəlbedicidir. Lakin orada da daşınmaz əmlak qiymətləri ucuz deyil. Bundan başqa, hər bir dövlətin təyin etdiyi limit var. Alınan daşınmaz əmlak həmin limiti keçdiyi halda vətəndaşlıq və ya yaşama hüququ qazanırsan. Bu limit ölkədən asılı olaraq 200 min dollardan 500 min dollara qədər dəyişir. Son illər ən çox limiti artıran ölkə isə Türkiyədir. Bunun da səbəbləri var. Türkiyədə bu limit əvvəl 250 min dollar idi. Rusiya-Ukrayna müharibəsindən sonra xüsusilə xaricdə yaşayan rusların öz bizneslərini Türkiyəyə köçürmək cəhdinə görə bu ölkəyə axın çoxaldı. Buna görə də Türkiyə hökuməti həmin limiti 500 min dollara qədər artırdı. Amma Küveyt kimi ölkələr də var ki, xarici vətəndaşların həmin ölkədə mənzil alması qadağandır”.

Zəlzələ əmlak bazarına inamı azaldıb

Son illər Azərbaycan vətəndaşlarının Türkiyədən mənzil alışının azalması səbəblərinə aydınlıq gətirən ekspert bildirib ki, bu, 2023-cü ilin fevralında qardaş ölkədə baş verən zəlzələ ilə bağlıdır: “Türkiyənin 11 vilayətini əhatə edən təbii fəlakət nəticəsində xeyli sayda binanın yerlə-yeksan olması bu ölkədə daşınmaz əmlak bazarına ciddi zərbə vurdu. Həmin dağılan binaların əksəriyyəti yeni tikililər idi. Nəticədə Türkiyədə mövcud binaların keyfiyyətinə inam azaldı. Artıq nəinki Azərbaycan, digər ölkə vətəndaşlarının da bu bazara investisiya yatırmaq istəyi aşağı düşür”.

Türkiyə, ərəb ölkələri və Şərqi Avropa

"MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimovun sözlərinə görə, hazırda azərbaycanlılar daha çox Türkiyə, ərəb ölkələri və Şərqi Avropa ölkələrində daşınmaz əmlaklarla maraqlanırlar: “Lap əvvəllər azərbaycanlılar Londonda daşınmaz əmlak almağa meyl edirdilər. İndi bu proses dayanıb. Çünki o təbəqə artıq Londonda əmlaka sahib olub. İndi xaricdə ev alan azərbaycanlılar, əsasən, orta təbəqəni təmsil edir. Onların da bir qismi Türkiyəyə, bir qismi ərəb ölkələrinə, digər qismi də Şərqi Avropa ölkələrinə meyllidir”.
Ekspert deyib ki, insanlar daşınmaz əmlaka təkcə uğurlu yatırım növü kimi baxmırlar: “Vətəndaşlarımız son illər həm istirahət, həm də təhsil almaq üçün daha çox Türkiyəyə gedir. Bunun üçün onlara yaşayış yeri lazımdır və hər dəfə xərc çəkib kirayəyə ev tutmaqdansa, oteldə qalmaqdansa imkanı olan insanlar birdəfəlik əmlak almağa üstünlük verirlər. Yatırımda digər səbəb isə risklərin bölüşdürüməsidir”. ("Kaspi" qəzeti)

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabiq prokuror vəfat etdi
14/11/2024 - 13:21
Salyanda ev yanıb
11/11/2024 - 16:39
Pensiya alanlara xəbər var
11/11/2024 - 16:37