Bayden yarışı tərk etdikdən sonra Harris 27,5 milyon dollar ianə toplayıb
ABŞ-ın vitse-prezidenti Kamala Harrisin seçki qərargahı hazırkı lider Co Baydenin seçki yarışını tərk etməsindən sonra beş saat ərzində 27,5 milyon dollar ianə toplayıb. APA xəbər verir ki, bu barədə demokratlar üçün vəsait toplayan “ActBlue” platformasının bəyanatında deyilir. “ActBlue”nun “X” səhifəsindəki bir yazıya görə, Harrisin kampaniyasına edilən kiçik ianələr 5 saatlıq bir müddət ərzində 27,5 milyon dollar təşkil edib. Bu məbləğ hazırkı lider yarışı tərk etdikdən sonra Harrisin seçki kampaniyasının aparılması üçün istifadə olunacaq. “Politico” qeyd edir ki, bazar günü axşam saatlarında Harrisin prezident seçkilərində namizəd kimi irəli sürülməsi ən azı 26 ABŞ Demokrat senatoru və ABŞ Nümayəndələr Palatasının 72 üzvü tərəfindən dəstəklənib. Bundan əlavə, Nyu Cersi, Nyu York, Kaliforniya, Miçiqan və Pensilvaniya da daxil olmaqla, Amerika ştatlarının bir çox qubernatoru Harrisi dəstəkləyib.