Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Məzahir Pənahovun sədrliyi ilə 2024-cü il avqustun 8-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. APA xəbər verir ki, əvvəlcə komissiyanın 5 avqust 2024-cü il tarixli iclas protokolu təsdiq edilib. Sonra 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Müsavat Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb və təqdim olunan şəxslərin səlahiyyətli nümayəndələr kimi qeydə alınmasına qərar verilib. Daha sonra bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi məsələsinə baxılıb. Mərkəzi Seçki Komissiyasının qərarı ilə 7 saylı Səbail və 37 saylı Qaradağ seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik olunub. Komissiyanın iclasında beynəlxalq müşahidə missiyası təmsilçilərinin və maraqlı subyektlərin bilavasitə iştirakı ilə Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə də baxılıb. Aparılan geniş müzakirələrin ardınca Mərkəzi Seçki Komissiyası namizədliyin imtinası ilə bağlı müvafiq dairə seçki komissiyasının qərarını ləğv edərək, daha bir nəfərin Milli Məclisə seçkilərdə namizədliyini qeydə alıb. Media mənsubları tərəfindən operativ şəkildə işıqlandırılan iclasda, həmçinin cari məsələlərə də baxılıb.