“Bu, İran rejiminin ölkəmizə açdığı “narkotik savaşı”nın tərkib hissəsidir…” – QULU MƏHƏRRƏMLİ

17/04/2024 - 06:21

“İrandakı narkotik şəbəkəsinə bağlı adamlar ikiqat təhlükəlidir…”

“Biz gənc nəsli, narkotikə meylli insanlarımızı fəlakətdən xilas etmək üçün ciddi addımlar atmalıyıq”

Son zamanlar din adamlarının, axundların narkotik ticarəti ilə əlaqədar həbs olunması cəmiyyətdə ciddi müzakirə mövzusuna çevrilib. Söhbət ondan gedir ki, insanlara əxlaqi-mənəvi dəyərləri aşılamalı, onları zərərli vərdişlərdən uzaq durmağa çağırmalı olan din adamları, bunun əksinə, yeniyetmə və gənclərimizi narkotiklə zəhərləyirlər. Həm də o şəxslər ki, zaman-zaman Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təltif olunub, barələrində təşəkkürnamə elan edilib. Maraqlıdır, dindarların narkotik ticarətinə meyl etməsi nə ilə bağlıdır? Stopnarkotik.az - ın əməkdaşı bu və digər suallara Filologiya elmləri doktoru, BDU-nun professoru, "Jurnalistikanın inkişafına yardım" fondunun sədri, "Əməkdar jurnalist" Qulu Məhərrəmli ilə söhbətində cavab tapmağa çalışıb.

- Qulu müəllim, Azərbaycanda din adamlarının narkotik ticarəti ilə bağlı həbs olunduğu haqda çoxsaylı faktlar var. İslam insanları zərərli vərdişlərdən uzaqlaşmağa çağırdığı halda, bəzi dindarların narkotik ticarətinə meyl etməsi nəyin göstəricisidir?

- Biz burda öncə anlayışları dəqiqləşdirməliyik. “Din adamı” kimə deyirik, “dindar” kimdir, “din xadimi” kimdir?! Sərhədləri dəqiq bilmək lazımdır. Ola bilər, kimsə özünü dindar göstərir. Amma ondan pərdə kimi istifadə edir, narkotik ticarəti və digər cinayət tərkibli işlərlə məşğul olur. Yəni bunu din xadimlərinin adına yazmaq ki, bunların arasında narkotik ticarəti ilə məşğul olan var, mənim düşüncəmə görə, ifadələrlə xeyli ehtiyatlı olmaq lazımdır. Ola bilər, kimsə həqiqətən haranısa təmsil edir və o, narkotik ticarəti ilə məşğul olur. Hesab edirəm ki, ona qanunun tələb etiyi ölçüdə cəza verilməlidir ki, başqalarına da görk olsun.

- Xüsusilə də İran meylli şəxslərdən ibarət narkoşəbəkənin ifşa olunması onların Tehrana bağlantısını ortaya qoymurmu?

- Azərbaycana narkotik maddələrin İran tərəfindən keçirilməsi yeni hadisə deyil. Biz gözümüzü açandan bu barədə faktlar eşidirik. Sərhədçilər bu cür narkotik daşıyıcıları haqqında davamlı məlumatlar verirlər, bunlar saxlanılır, barələrində tədbirlər görülür. Amma təəssüf ki, proses gedir. Mən o adamların fikriylə şərikəm ki, İrana bağlı olan, İrandakı narkotik şəbəkəsinə bağlı olan adamlar birmənalı şəkildə Tehranda bu işlə məşğul olan, dövlət səviyyəsində stimullaşdırılan bu şəbəkə ilə birbaşa bağlıdır. Ona görə, bunlar ikiqat təhlükəlidirlər, həm dövlətin maraqları, həm narkotikin Azərbaycanda yayılması baxımından. Bu cür məsələlər ortaya çıxanda da, hesab edirəm ki, çox ciddi şəkildə araşdırılmalı, ciddi cəza verilməlidir. Tehran rejimi də bilməlidir ki, onun Azərbaycana qarşı apardığı soyuq müharibəyə, iqtisadi müharibəyə, narkotik alverinə qarşı ölkəmizdə ciddi müqavimət var.

- Azərbaycanda din pərdəsi altında bəzi “dindarlar”ın narkotik ticarətilə məşğul olması İranın ölkəmizə qarşı açdığı “narkotik  savaşı”nın tərkib elementi hesab oluna bilirmi?

- Məsələlərə bu cür yanaşma ciddi şəkildə faktlara söykənməlidir. Yəni biz təsəvvürümüzdə, qənaətimizdə belə düşünə bilərik ki, bu cür faktlar var. Əgər bunu statistika göstərirsə ki, istər İranda, istər Azərbaycanda din pərdəsi altında bir-biri ilə əlaqəli şəbəkə və ya dəstələr var, bununla bağlı, əlbəttə, ciddi tədbir görülməlidir. Çünki bir ölkənin digər ölkəni zəiflətməyə yönəlik addımları içərisində iqtisadi təbliğatlar, ideoloji təbliğatlar var. Təbliğat təxribatı var. Əlbəttə ki, narkotik satışıyla bağlı fəaliyyət də bu sahəyə aiddir. Ona görə də, bizim cənub zonasında, sərhəd rayonlarında yaşayan vətəndaşlarımız çox diqqətli və ayıq olmalıdırlar. Hansı ki, onları bəzən bu cinayətin qurbanlarına çevirirlər. Amma elə addımlar atılmalıdır ki, onlar həm özlərini, həm də yeniyetmələri bu təhlükəli bəladan qoruya bilsinlər. Burda əsas məsələ ondan ibarətdir ki, dövlət öz sərhədlərini mötəbər şəkildə qoruyur. Vətəndaşlar da bu məsələdə dövlətin hüquq mühafizə orqanlarının yanındadır ki, onların sərhədlərində ölkəyə zərər vura biləcək bu cür addımlar atılmasın.

Amma bütövlükdə götürəndə, sualın cavabı ondan ibarətdir ki, əgər düşünülmüş şəkildə din, ticarət pərdəsi altında Azərbaycana İran tərəfdən kütləvi, mütəşəkkil dəstə vasitəsilə narkotik maddələr göndərilirsə, bu, birbaşa İran rejiminin ölkəmizə açdığı “narkotik savaşı”nın tərkib hissəsidir. Və bunların qarşısı qətiyyətlə alınmalıdır.

- Sizcə, ölkəmizdə narkoticarətə qarşı aparılan kampaniya nəticəsində İrana meylli dini şəbəkənin nəzarətə götürülməsinə ehtiyac varmı?

- Mən hesab edirəm ki, antinarkotizm tədbirləri heç bir kampaniya ilə əlaqəli olmalı deyil. Bu addımlar aparılmalıdır. Bu preventiv, proflaktik tədbirlər davamlı görülməlidir. İran tərəf də görəndə ki, onun göndərdiyi missionerlər, narkotik daşıyıcıları azərbaycanlılar tərəfindən yaxalanır, Azərbaycan xüsusi xidmət orqanları bu məsələyə xüsusi diqqət yetirir, deməli, bu işlə məşğul olan şəbəkə artıq öz işini biləcək. Onlar əmin olacaq ki, Azərbaycan düşündükləri kimi zəif ölkə deyil, öz sərhədlərini, öz vətəndaşlarını “narkotizm sunamisi”ndən qoruya bilir. Bu, Azərbaycan dövlətinin çox böyük üstünlüyüdür.

- Din xadimlərinin narkotik alveri ilə məşğul olması bilavasitə Qafqaz Müsəlmanları İdarəsini də hədəfə gətirir. Bu məsələdə QMİ-nin məsuliyyət payı varmı?

- Mən birinci suala cavab verəndə də demişdim, biz dəqiq müəyyənləşdirməliyik ki, dindar, din adamı, yaxud din xadiminin Qafqaz Müsəlmanları İdarəsilə əlaqəsi varmı, yoxmu. Yoxdursa, bunlar o idarənin də adından sui-istifadə edərək, öz çirkin əməllərini reallaşdırırlar. Əlbəttə, din xadimlərinin mütəşəkkil halda və yaxud müəyyən dini rütbə daşıyan adamların narkotik ticarəti ilə məşğul olması bütövlükdə din xadimlərinin adına ləkədir. Belə deyək ki, istər-istəməz Qafqaz Müsəlmanları İdarəsi ilə bağlı da müəyyən dərəcədə suallar doğurur. Amma indi hərənin öz məsuliyyət dairəsi var. Qafqaz Müsəlmanları İdarəsinin vəzifəsi müəyyən dini təbliğatlar aparmaq, insanları xeyirxahlığa, humanizmə çağırmaq, dini mərasimləri keçirmək, təqvimlə bağlı dini tarixləri qeyd etmək və sair-dir. Yəni onların elə bir səlahiyyəti və ya imkanları yoxdur ki, öz sferalarında, öz sahələrində bu cinayət əməli ilə məşğul olan insanlara qarşı tədbirlər görsünlər və ya onlarla bağlı hansısa əməliyyat həyata keçirsinlər. Bu, çox ciddi məsələdir. Bunu təkcə dini xadimlərinin öhdəsinə qoymaq ki, onlar bununla mübarizə aparmalıdır, doğru olmaz. Ümumiyyətlə, hər bir kəs, hər bir vətəndaş narkotizm fəaliyyətində fəal olmalıdır. Biz gənc nəsli, narkotikə meylli olan insanlarımızı fəlakətdən xilas etmək üçün ciddi addımlar atmalıyıq.

Söhbətləşdi: Fuad BİLƏSUVARLI

Stopnarkotik.az

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Metroda təşviş yaşandı
27/11/2024 - 18:53
Cəlilabadda zəlzələ oldu
27/11/2024 - 17:55