Direktorluqdan imtina etdi: Xankəndiyə müəllimi kimi qayıtdı

13/10/2024 - 07:53

Bəzən həyat bizə gözlənilməz və bir o qədər də əlamətdar seçimlər təqdim edir. Modern.az xəbər verir ki, “Azərbaycan müəllimi”nin həmsöhbət olduğu Günay Musayeva da bu cür seçimlərdən biri ilə qarşılaşıb. Biz onunla Xankəndidə ezamiyyətdə olduğumuz zaman tanış olduq. Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin gənc müəllimi Günay Bərdədə uğurlu pedaqoji karyerasında direktor vəzifəsini icra edərkən, böyük arzularını həyata keçirmək üçün Böyük Qayıdış proqramının bir parçası olmağa qərar verib. “Mən əslən Xankəndidənəm. İlk pedaqoji fəaliyyətimə Bərdə rayon 2 nömrəli tam orta məktəbdə müəllimlərin işə qəbulu üzrə müsabiqədən keçərək, ibtidai sinif müəllimi kimi başlamışam. Daha sonra Qarabağ Regional Təhsil İdarəsinin təşkil etdiyi direktorların işə qəbulu müsabiqəsindən uğurla keçərək Bərdə rayon Heydər Xəliloğlu adına Qullar kənd tam orta məktəbinin direktoru vəzifəsində çalışmışam”, - deyə Günay müəllim sözə başladı. O, ətrafımızdakı məktəb tənəffüsü səs-küyünə, müsahibənin təbii stresinə baxmayaraq o qədər səlis və ruh yüksəkliyi ilə danışırdı ki, verdiyi qərarın düzgünlüyünə əminliyi, bundan məmnunluğu aydın hiss olunurdu:“Böyük Qayıdış prosesində iştirak etmək imkanım olduğunu biləndə tutduğum vəzifədən imtina edərək Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbində ibtidai sinif müəllimi kimi çalışmaq qərarına gəldim. Bu, mənim reallığa çevrilən xəyallarım, uşaqlıq arzularım idi, çin olan yuxularım idi. Burada canla-başla öz vəzifəmi yerinə yetirirəm. Nə yaxşı ki, biz buradayıq”. O, özünə Xankəndi şagirdlərinin müəllimi deyirdi. Özünü belə adlandırırdı söhbət əsnasında hiss etdim ki, bu onun üçün qəbul edilmiş bir fikirdir: “Mən Xankəndi şagirdlərinin müəllimiyəm. Hər gün dərsə mütləq vətənpərvərlik mövzusu ilə başlayıram. Burada şagird kontingentinin əsas hissəsini hərbçilərin və polislərin övladları təşkil edir. Bu vətəni qoruyan insanların övladları ilə Xankəndidə, doğma torpaqlarda, üçrəngli bayrağın altında dərsə vətənpərvər ruhda başlamaq və bu hissləri şagirdlərə aşılamaq mənim borcumdur. Yeni vətənpərvər nəsil yetişir. Nəinki bu məktəbdə, Xankəndidə hamımız birimiz üçün çalışırıq”.Günay Musayeva kimi gənc müəllimlərin varlığı, bizə göstərir ki, təhsil yalnız bilik verməklə məhdudlaşmır, müəllimin vəzifəsi həm də gələcəyin vətənpərvər vətəndaşlarını yetişdirməkdir. Onun da bir parçası olduğu Böyük Qayıdış proqramı yalnız məktəbin, təhsilin deyil, eyni zamanda bir cəmiyyətin yenidən dirçəlişinə işarədir. Bu cür insanlar ilə gələcəyimiz daha parlaqdır, çünki onlar əsl vətənəpərvərlərdir!

    Modern.az

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

    Sabiq prokuror vəfat etdi
    14/11/2024 - 13:21
    Salyanda ev yanıb
    11/11/2024 - 16:39
    Pensiya alanlara xəbər var
    11/11/2024 - 16:37