Emin Əmrullayev: Azərbaycanda ilk dünyəvi məktəb məhz Şuşada açılıb

16/09/2024 - 11:46

Azərbaycanda ilk dünyəvi məktəb məhz Şuşada açılıb, Şuşa məktəbi Azərbaycan təhsil sistemi üçün də önəmli, tarixi məkandır. "Report"un Şuşaya ezam olunmuş əməkdaşının məlumatına görə, bunu sentyabrın 16-da Şuşa şəhəri 1 saylı tam orta məktəbdə ilk dərs günündə iştirak edən elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir Şuşada illər sonra tədrisin bərpa olunmasını tarixi bir gün kimi dəyərləndirib: "Biz sizinlə bu tarixi günləri, tarixi anları bir yerdə yaşayırıq. Əminəm ki məktəblilərimizin xatirəsində bu gün daim qalacaq. Çünki bu çox vacib bir gündür. Düşünürəm ki, sizin üçün bu tarixi günün bir hissəsi olmaq həqiqətəndə qürurlu analardır. Şuşa məktəbi Azərbaycan təhsil sistemi üçün də önəmli, tarixi bir yerdir, bir məkandır. Belə ki, bildiyiniz kimi, Azərbaycanda ilk dünyəvi məktəb məhz bu yerdə, bu şəhərdə Şuşada olub. Eyni zamanda məhz bu gündə bəlkə də bu üzdən də Azərbaycanın müasir təhsil tarixinin başlanmasının çox önəmli bir mərhələsi Şuşa şəhəriylə bağlıdır. Məhz Şuşa işğaldan azad olunduqdan sonra, Şuşa şəhərində təməli qoyulan ilk binalardan biridə Şuşa məktəbiydi. Bu məktəbin tikintisi bilirsiniz ki, çox qısa zaman ərzində tamamlandı. Məktəb ən müasir standartlarla tikilərək bu gün sizin ixtiyarınıza verilir. Mübaliğəsiz deyə bilərəm ki Şuşa məktəbi Azərbaycan tədris sistemində, ən müasir və bizim arzu etdiyimiz məktəblər səviyyəsindədir". E.Əmrullayev çıxışında cari tədris ilində işğaldan azad edilən ərazilərdə açılacaq yeni məktəblərdən də bəhs edib: "Azərbaycanın suverenliyinin tam olaraq bərqərar olmasından sonra ilk tədris ilidir. Bir neçə gündən sonra Xankəndidə də məktəb açılışımız olacaq. Bu tədris ilində biz Cəbrayıl və Kəlbəcər şəhərlərində, eyni zamanda, bir sıra kəndlərimizdə yeni məktəblərimizin açılışı planlaşdırılır. Hər bir məktəb açılışı yüzlərlə ailəyə sevinc bəxş edir".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Ədalət Verdiyev həbs olundu
25/11/2024 - 18:51
GÜNÜN MÜBARƏK,SUMQAYITIM!
23/11/2024 - 15:56