ERMƏNİSTANDAKI YANĞIN BİR ÇOX YÜKSƏK VƏZİFƏLİLƏRİ "YANDIRACAQ" - Hərbi prokurordan açıqlama

20/01/2023 - 08:43

Ermənistanda bir sıra yüksək rütbəli hərbçilər məsuliyyətə cəlb olunacaqlar.

Ermənistan mətbuatı xəbər verir ki, bunu həmin ölkənin hərbi prokuroru Qriqor Elizbaryan yerli İctimai TV-nin efirində deyib.

O, qeyd edib ki, Basarkeçər rayonunun Azad kəndində N saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün kazarmasında baş verən yanğın zamanı 15 hərbçinin ölümünə görə cavabdehlik daşıyanların hamısı qanunun bütün ciddiliyi ilə məsuliyyətə cəlb olunacaqlar.

"Bu və ya digər şəkildə xidməti vəzifələrini yerinə yetirməyən və ya hərəkətsizliyə yol verən bütün məmurlar və vəzifəli şəxslər məsuliyyətə cəlb olunacaqlar. Məsuliyyətdən yayına biləcək şəxs yoxdur", - hərbi prokuror vurğulayıb.

Hərbi prokuror əlavə edib ki, istintaq orqanları, hərbi polis və prokurorluq əməkdaşları yanvarın 19-da saat 02:00-da hadisə yerində olub və ilkin versiya hökumətin səhər iclasında açıqlanıb. Onun sözlərinə görə, araşdırma işləri davam edir. Faciənin baş verdiyi yerə baş çəkən hərbi prokuror istintaqın gedişinə şəxsən nəzarət edəcəyinə söz verib.

Orduda əvvəllər də belə halların olub-olmaması ilə bağlı suala Elizbaryan təsdiq cavab verib. Baş prokuror qeyd edib ki, həmin hadisələrin hər biri ilə bağlı cinayət işi başlanılıb, araşdırma aparılıb. O, həmçinin əlavə edib ki, yüksək rütbəli zabitlər də ayıq-sayıq olmalı, əmrlərin icrasına nəzarət etməli, zabit və şəxsi heyətlə təlimatlar keçirməlidirlər.

"Benzin soba yandırmaq üçün nəzərdə tutulmayıb, əgər kimsə bunu özbaşına edirsə, cavab verməlidir", - Elizbaryan deyib.

Yanvarın 19-na keçən gecə, saat 01:30 radələrində rayonun Azat kəndində mühəndis-istehkam bölüyünün kazarmasında baş verən yanğın zamanı 15 hərbçi həlak olub, daha üçünün vəziyyəti ağırdır. Hərbi hissədə yanğının söndürülməsinə 5 saat vaxt sərf olunub.

İstintaq Komitəsinin məlumatına görə, fövqəladə vəziyyətə səbəb isinmək üçün benzindən istifadə edilməsi olub. Təhlükəsizlik qaydalarının pozulması səbəbindən soba yanıb.

Hərbi hissənin bir sıra yüksək vəzifəli şəxsləri tutduqları vəzifələrdən azad ediliblər.

Ermənistanda hərbi hissədə yanğın: 15 hərbçi öldü - YENİLƏNİB - SİYAHI - FOTO

Onu da qeyd edək ki, dünən Ermənistan Baş Prokurorluğu Göyçə mahalının Azad kəndindəki hərbi hissədə baş verən yanğının təfərrüatını təqdim edib.
Bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Məlumata görə, yanğın saat 01:30-da, hərbi hissənin binalarından birində sobanın benzinlə qızdırılması səbəbindən baş verib. Hadisə nəticəsində 15 çağırışçı ölüb, daha 6 çağırışçı və bir zabit bədən xəsarətlərilə Göyçə mahalının qarnizon hospitalına gecə saat 02:00 radələrində çatdırılıb.
Yanğınla mübarizə 5 saat davam edib.
Cinayət işinin materialları İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinə göndərilib.
Yanğında həlak olan erməni əsgərlərin siyahısını təqdim edirik:
1. Aram Manukyan
2. Volodya Nersisyan
3. Qor Martirosyan
4. Rostom Asryan
5. Muşeq Ambaryan
6. Taron Qaribyan
7. Pavlik Abazyan
8. David Sarkisyan
9. Qraçya Qriqoryan
10. Narek Avakyan
 
11. Qaqik Barseqyan
12. Mişa Dumikyan
13. Hayk Kirakosyan
14. Sergey Gevorkov
15. Hamlet Davtyan

Qafqaz.media