Fransada 3 kürd öldürüldü, ölkədə iğtişaşlar başladı... - ŞOK GÖRÜNTÜLƏR

25/12/2022 - 09:55

Parisin mərkəzində ötən cümə günü üç kürdün öldürülməsindən sonra iğtişaşlar davam edir.

Qafqaz.media xəbər verir ki, iğtişaşçılar küçələrdə dayanan avtomobilləri aşırıb, bir neçə maşın yandırılıb.

Etirazçılar polisə daş və digər əşyalar atıb, mühafizəçilər gözyaşardıcı qazdan istifadə etməyə məcbur olublar.

Qeyd olunur ki, Fransada üç kürdün öldürülməsindən qəzəblənən yüzlərlə kürd icması şənbə günü Parisin mərkəzindəki “Respublika” meydanına toplaşıb. Əvvəlcə etirazçılar irqi nifrət zəminində törədilmiş qətli pisləmək niyyətində olublar. Lakin etiraz tez bir zamanda iğtişaşlara çevrilib.

Bir gün əvvəl kürd icmasının nümayəndələrinin baş verənlərlə bağlı etirazları da iğtişaşlar və polislə toqquşmalarla nəticələndi. Etirazçılar zibil qutularını və restoran masalarını aşırıblar. Qarşıdurma zamanı polis gözyaşardıcı qazdan istifadə edib, etirazçılar onlara daş atıb.

Bundan əvvəl Fransadakı Kürd Demokratik Mərkəzi hücumu pisləyib. Mərkəzin nümayəndəsi bildirib ki, Fransa hakimiyyəti öz ölkələrində yaşayan kürdləri “yenə də qoruya bilməyib”.

Xatırladaq ki, cümə günü Kürd Mədəniyyət Mərkəzinin yerləşdiyi binanın, eləcə də milli mətbəxin təqdim olunduğu restoranın yaxınlığında bir qadın və iki kişi öldürülüb. Ölənlərin hər üçü kürd olub. Həmin vaxt daha üç nəfər yaralanıb. Onları 69 yaşlı Paris sakini güllələyib və hücumdan az sonra saxlanılıb. O, həbs zamanı polisə heç bir müqavimət.

Ehtimallara görə, hücumun əsas motivi irqi nifrət ola bilər. Çünki saxlanılan şəxs özünü “xaricilərə nifrət edən irqçi” adlandırıb. Üstəlik, o, keçən il qaçqınlar mərkəzinə hücumdan sonra həbsə atılıb və həbsxanadan bu yaxınlarda azad edilib.

Hücum zamanı ölən qadının kürdlərin hüquqları uğrunda hərəkatın fəal iştirakçılarından biri, öldürülənlərdən digərinin isə Fransadan siyasi sığınacaq almış sənətçi olduğu bildirilir.

Qafqaz.media