Gürcü ekspertlər: Qobal çağırışlar Gürcüstan-Azərbaycan əməkdaşlığının dərinləşdirilməsini tələb edir - FOTO
Gürcüstanın yeni Baş naziri İrakli Kobaxidze bu gün ilk xarici səfərini Brüsseldən sonra Bakıya edir.
Siyasi şərhçi Tengiz Txilava APA-nın Gürcüstan bürosuna açıqlamasında bildirib ki, Gürcüstanın yeni hökumət başçılarının ilk xarici səfərlərindən birini məhz Bakıya etməsi artıq ənənəyə çevrilib və bu, Tbilisinin Azərbaycanla əlaqələrə verdiyi dəyəri göstərir.
Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsindən sonra rəsmi Tbilisi qonşu ölkələrlə münasibətlərini inkişaf etdirərək regionda sülhün möhkəmləndirilməsinə töhfə verməyə çalışır.
Vurğulanıb ki, ötən illər ərzində Gürcüstanın Bakı və İrəvan arasında vasitəçiliyinin önəmli nəticələri olub. Bununla yanaşı Gürcüstanın Azərbaycanla münasibətlərinə əvvəlki kimi xüsusi önəm verdiyi müşahidə olunur:
“Irakli Kobaxidze Gürcüstan parlamentinin sədri olarkən Azərbaycanda səfərdə olub. Lakin bu onun Baş nazir vəzifəsinə təyin edilməsindən sonra Azərbaycana ilk səfəridir. Bu isə başa düşüləndir, Gürcüstan və Azərbaycan sadəcə mehriban qonşu və dost ölkələr deyil, həm də bütün beynəlxalq platformalarda bir-birini dəstəklyən strateji tərəfdaşlardır. Bu, nəzakət ziyarəti olsa da əminəm ki, iki ölkə arasında tərədaşlıq münasibətlərinin dərinləşdirilməsi və regionda sabitliyin möhkəmləndirilməsi istiqamətində müsbət qərarların qəbul edilməsinə imkan verəcək. Bu səfər Gürcüstanın Azərbaycanla əlaqələrə verdiyi dəyəri göstərir”.
Tengiz Txilava hazırkı regional və qlobal çağırışlarda Türkiyənin də iştirakını Gürcüstanla Azərbaycan arasındakı əməkdaşlığın önəmini artırdığını vurğulayıb.
Onun fikrincə, ötən gün hər üç ölkənin xarici işlər nazirlərinin Bakıda keçirilən növbəti üçtərəfli görüşü hazırda davam edən vacib məsələlərə dair fikir mübadiləsi aparılması baxımından vacib platforma olub:
“Bu formatda istənilən görüş çox vacibdir. Xüsusən də dünyada gərginliyin artdığı və bizə çox yaxın bir regionda müharibə davam etdiyi bir vaxtda. Bizim regionumuzda vəziyyət müəyyən qədər sabitləşib. Azərbaycan öz ərazilərini geri qaytarıb. Ermənistan da bir növ sağlam siyasət yürütməyə çalışır. Biz bilirik ki, onlar indi Rusiya sərhədçilərinin Zvarnots hava limanından çıxarılmasına çalışırlar. Ümumiyyətlə Rusiya bazasının Ermənistandan çıxarılması barədə də söhbətlər gedir. Belə bir vaxtda ölkələrimizin xarici siyasət rəhbərlərinin görüşərək fikir mübadiləsi aparması çox vacibdir”.
Gürcüstanlı siyasi ekspert Giorgi Mamaladze isə qeyd edib ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi nəticəsində Cənubi Qafqazda davamlı sülh üçün real fürsətlər yaranıb.
Lakin bəzi ölkələr regiona təsir rıçaqlarını itirdikləri üçün vəziyyətdən məmnun deyillər və çıxış yolunu Azərbaycana qarşı müxtəlif yollarla hücuma keçməkdə görürlər.
“Başda Azərbaycan prezidenti İlham Əliyev olmaqla, Azərbaycanın öz ərazi bütövlüyü problemini birdəfəlik həll etməsindən sonra bəzi Qərb dövlətləri regiona təsir imkanları kimi istifadə etdikləri Qarabağ kartını itirdilər. Nəticədə həmin dövlətlər bu vəziyyətdən narazı qaldılar və Azərbaycana qarşı hücuma keçdilər. Mən hesab edirəm ki, bu cür təhlükəsizlik məsələləri Gürcüstanla birlikdə həll oluna bilər. Ermənistan sülh sazişinin imzalanmasını gecikdirir. Düşünürəm ki, bu məsələdə Gürcüstan müsbət rol oynaya bilər. Nəqliyyat imkanları baxımından Çinlə Avropanı birləşdirən regionumuzun təhlükəsizliyinə yalnız Gürcüstan və Azərbaycan təminat verə bilər. Əminəm ki, liderlərimiz regionun mövqeyini möhkəmləndirmək üçün ortaq fikirə gələcəklər. Bu, dəhlizin təhlükəsizliyini gücləndirməklə yanaşı həm Azərbaycana, həm də Gürüstana iqtisadi faydalar gətirəcək, eyni zamanda erməniləri də düşünməyə vadar edəcək”.
Giorgi Mamaladze dünyada gedən hərbi-siyasi proseslərin Cənubi Qafqazın nəqliyyat və logistika imkanlarına marağı artırdığını, yeni çağırışların Gürcüstanla Azərbaycan arasında əməkdaşlığın dərinləşdirilməsini şərtləndirdiyini vurğulayıb.
Onun fikrincə, Xəzər dənizi ilə Qara dənizi birləşdirən Azərbaycan-Gürcüstan dəhlizi artıq öz alternativlərindən daha cəlbedicidir. Giorgi Mamaladze Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstandan keçən hissəsində aparılan modernizasiya işlərinin bu il yekunlaşdırılmasından sonra regionun qlobal yük daşımalarda mövqeyinin kəskin güclənəcəyini, bu layihənin bölgədə sabitliyin daha bir qarantına çevriləcəyini vurğulayıb.
Gürcü ekspertlər Gürcüstan-Azərbaycan əlaqələrinin, birgə iqtisadi layihələrin regional əməkdaşlıq və yaxşı qonşuluğa dair vacib nümunə olduğunu qeyd ediblər.