GÜRCÜSTANDA PREZİDENT-PARLAMENT QARŞIDURMASI – “Gürcü Arzusu” yeni prezident seçməyə tələsir, Zurabişvili isə...

26/11/2024 - 16:22

Gürcüstanda parlament seçkisi çoxdan başa çatsa da, ölkədə siyasi gərginlik qalmaqda, hətta artmaqdadır. Buna baxmayaraq, ötən gün Gürcüstan parlamenti seçkilərdən sonra ilk iclasını keçirib. İclasda yalnız “Gürcü Arzusu”ndan olan deputatlar iştirak edib. Yeni parlamentin ilk iclasında iştirak edən 88 deputat bütün parlamentin səlahiyyətlərinin tanınmasına və “Gürcü arzusu” fraksiyasının yaradılmasına səs verib. Fraksiyaya əvvəlki çağırışda olduğu kimi Mamuka Mdinaradze rəhbərlik edir. Parlament həmçinin əvvəllər bu vəzifəni tutmuş Şalva Papuaşvilini sədr seçib, eyni zamanda hökumətin yeni tərkibini təsdiqləyib. Hakim partiyanın ilk addımlarından biri də respublikanın yeni prezidentinin seçilməsini sürətləndirmək qərarı olub. Xatırladaq ki, Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına görə, “Gürcü Arzusu” parlamentdə çoxluğa malik olsa da, parlamentə daxil olan dörd müxalifət hərəkatı seçkinin nəticələrinin saxtalaşdırıldığını iddia etdiyi üçün onun işində iştirakdan imtina edib və oktyabrın 28-dən müxalifət Tbilisidə etiraz aksiyaları keçirir. Bütün bunlarla yanaşı, Gürcüstanın yeni parlamentinin ilk iclasının keçirilməsi ölkə konstitusiyası ilə də ziddiyyət təşkil edir. Belə ki, Gürcüstan Konstitusiyasının 38-ci maddəsinə əsasən, parlamentin ilk iclası Mərkəzi Seçki Komissiyası seçkilərin nəticələrini dərc etdikdən sonra on gündən gec olmayaraq keçirilir. İclas yalnız Respublika Prezidenti tərəfindən təyin edilir və seçilmiş deputatların əksəriyyəti iştirak etdikdə başlaya bilər. Parlament “parlament üzvlərinin üçdə ikisinin səlahiyyətlərinin tanındığı andan” tam səlahiyyətləri əldə edir. Ancaq göründüyü kimi, bu tələblərin çoxu pozulub.

Gürcüstan Prezidenti Salome Zurabişvili isə “X” sosial şəbəkəsində yeni parlamentin iclasını üç səbəbə görə konstitusiyaya zidd adlandırıb: onun legitimliyi “kütləvi saxtalaşdırmalarla pozulub”; dövlət başçısı birinci sessiyanı çağırmaqdan imtina edib və Konstitusiya onun yerinə başqa heç kimə bunu etmək səlahiyyətini vermir; Prezidentin parlament seçkilərinin legitimliyi ilə bağlı Konstitusiya Məhkəməsinə verdiyi iddiası hələ baxılmaqdadır. Ancaq “Gürcü Arzusu” ali qanunun açıq tələblərinə məhəl qoymadan parlamenti “işlətməkdədir”. Bununla yanaşı, ilk iclasa xarici səfirləri dəvət etməmək qərarına gəlinib ki, bu da müasir Gürcüstan üçün görünməmiş hadisədir. Çünki qanunvericilərin ilk iclaslarında adətən tərəfdaş ölkələrin nümayəndələri həmişə iştirak edirdi. Spiker Papuaşvili bu qərarını “xaricilərin qeyri-münasib təsirini” minimuma endirmək istəyi ilə izah edib. Prezident seçkisinə gəlincə, iki həftə əvvəl Baş nazir İrakli Kobaxidze bildirib ki, bu prosedur 2025-ci ilin yanvar ayının əvvəlində baş tutacaq. Lakin parlament sədri Şalva Papuaşvili noyabrın 25-də deyib ki, seçki 2024-cü ilin sonuna qədər baş verə bilər: “Müəyyən hallar var ki, onları nəzərə almaq vacibdir. Həm seçkilərin, həm də inauqurasiyanın bu il baş tutması vacibdir”. Bu gün məlum olub ki, yeni prezident seçkisi dekabrın 14-də, prezidentin inauqurasiyası isə dekabrın 29-da baş tutacaq. Göründüyü kimi, hakim “Gürcü Arzusu” tələsir və prezident seçilməsi prosedurunui mümkün qədər tez yekunlaşdırmağa çalışır. Qeyd edək ki, Gürcüstan Prezidenti ilk dəfə olaraq birbaşa deyil, müxtəlif səviyyəli deputatlardan və regional icra hakimiyyətinin nümayəndələrindən ibarət 300 nəfərlik seçki kollegiyası tərəfindən seçiləcək. Gürcüstan Prezidentinin heç bir ciddi səlahiyyətləri olmasa da, son hadisələrdə olduğu kimi, siyasi proseslərə təsir etmək imkanı var. Hələ 2017-ci ildə Gürcüstan qarışıq sistemdən imtina edərək parlamentli respublikaya çevrildi. Sonuncu birbaşa prezident seçkiləri burada 2018-ci ildə keçirilib. “Gürcü Arzusu”nun həmin vaxt dəstəklədiyi Salome Zurabişvili seçkidə qalib gəldi. O vaxtdan bəri o, dəfələrlə hakim partiyanı tənqid edərək, onun “düşmən və düşüncəsiz siyasət” apardığını bildirib. Nəticədə qarşıdurma dərinləşdi və hətta 2023-cü ildə Prezident hökumətin icazəsi olmadan xarici səfərlər etdiyi üçün hakim partiya ona qarşı parlamentdə impiçment proseduruna başladı. Lakin Zurabişvilini istefaya göndərmək üçün kifayət qədər səs toplaya bilmədi. Bəs indi yeni prezident təyin etmək istəyən hakim partiya niyə tələsir? Gürcüstanlı politoloq Arçil Sixarulidze hesab edir ki, “Gürcü arzusu” 2024-cü ildə bütün seçki problemlərini həll etmək istəyir. Məhz bunun üçün də yeni prezidentin seçilməsini sürətləndirmək qərarına gəlib: "Hesab edirəm ki, bu, qanunvericilik baxımından, siyasi mübarizə deyil, seçki prosesini tez başa çatdırmaq cəhdidir". Göründüyü kimi, Gürcüstanda heç də hər şey hakim partiyanın istədiyi kimi deyil və onun qarşısında ciddi hüquqi və siyasi maneələr var. Bu da təsadüfi deyil və son seçkinin də göstərdiyi kimi, hakim qüvvə heç də əhalinin bütün kəsimləri tərəfindən dəstəklənmir. Müxalif siyasi qüvvələrin isə hakimiyyətə qarşı iradlarının ciddi əsasları mövcuddur. Belə olmasaydı, ən azından respublikanın son hər iki prezidenti - Georgiy Marqvelaşvili (2013-2018) ) və Salome Zurabişvili (2018-ci ildən indiyədək) “Gürcü Arzusu"nun dəstəyi ilə hakimiyyətə gəlsələr də, ona qarşı açıq müxalifətə keçməzdilər...

“AzPolitika.info”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Hazırda Tbilisi... - Video
25/11/2024 - 10:24
Putin Ərdoğanla danışdı
24/11/2024 - 19:33