Hafiz Ataxanlı - Üzüyola adam
(hekayə)
Bəzən elə ağlasığmaz işlərdə onu şahid tuturdular ki, Allaha and olsun, ölü toyuğun gülməyi gəlirdi. Bir gün böyük bir məclisdə tələbə yoldaşı durub deyəsən ki, de, Fazil Allah şahidi, 2-ci kursda Moskvadan gəlmiş professor nə qədər dil tökdü, yalvardı-yaxardı ki, gəl səni aparaq böyük paytaxta, 3-cü kursu bizdə oxu, getmədim. Yadındadı, Fazil?
Üzüyola Fazil o boyda məclisdə kişini necə pərt duruma düşürsün, onun yalanını çıxartsın? Məcburən, gülümsəyə-gülümsəyə başını tərpətdi.
Təyinatdan sonra keçirtdiyi ilk iclasda sədr köhnə rəhbərliyi yıxıb sürüdü. Baş mühasib işləyərkən sosializmə qarşı açıq-aydın, cəsarətlə mübarizə apardığını, bu səbəbdən çox problemlə üzləşdiyini pəhpəhlə söyləyirdi. Danışa-danışa da gözü zalda kimisə axtarırdı. Birdən arxa sırada Fazili gördü.
– De, bizim Fazil müəllimdən soruşun. İşə eyni ildə qəbul olmuşuq. Düz deyil, Fazil? Ə, bir dillənsənə.
Anası ölsün Fazilin. Neyləməliydi ki? Bir dəfə tələbə yoldaşları ilə görüşüb yemək yedilər, sonra çıxdılar bulvara çay içməyə. Yalan olmasın, on il vardı görüşürdülər.
Söz sözə canlandı. Xeyli vaxt keçdi. Uşaqlardan biri qayıtdı ki, ay eviniz yıxılmasın, gecdir, evdə nə cavab verəcəksiniz? Arvaddan qorxmursunuz? Diliqurtdamış Bahadur döşünə döydü ki, şəxsən mənim vecimə deyil. Arvadı it yerinə qoymuram. Onun hünəri nədir ki, məndən soruşa, niyə gec gəlmisən?
Yox, yalançı olaram, bircə dəfə soruşub, o da, ya adamın başının üstündə Allah var, səhərə yaxın qayıtdım, qorxa-qorxa soruşdu ki, hardaydın? Allaha and olsun, bunu deməyini gördü, nə yemisən turşulu aş, saldım təpiyin altına, vur ki, vurasan. Baş-göz qalmadı. De, Fazil Allah şahiddir.
Fazil sadəcə dondu. Elə-belə, heykəl kimi qurudu. Bilmədi gülsün, dəlicəsinə qəhqəhə çəksin, ya ağlasın? Bir köpəyoğlu dillənib demədi ki, ayıb olmasın, ay Bahadur, səhərə yaxın evinə gəlib arvadını söyürsən, burada Fazil niyə şahid olmalıdır axı? Dillənmədilər, heç kim bu sualı vermədi.
Bir gün də qonşusu Mürsəl qapını döydü. Xoş-beşdən sonra qonşuluq tarixini, gor qonşusu anlayışının sosial-fəlsəfi mahiyyətini anlatdı, sonra mətləbin kəkilindən tutub çəkdi ortaya. Qonşu, - dedi, - sən çox yaxşı insansan. Bankdan 10 min düzüb-qoşmuşam. Səndən nə gizlədim, 5-6-sı təmirə gedər, qalanına da bir nimdaş maşın alıb qoyaram altıma. Avtobusdan, metrodan bezmişəm. Sarımsaq, soğan iyindən ödüm ağzıma gəlir. Məsələ burasındadır ki, mənə bir nəfər sənin kimi hörmətli adamın zamin durması lazımdır.
Dalağı sancdı Fazilin. Kədərli təbəssümlə soruşdu:
- Yəni şahid demək istəyirsən?
- Məzən olsun, Fazil müəllim, şahid söhbəti köhnə dövrlərdə qaldı. İndi bank sənədlərində zamin yazılır.
Neçə ilin qonşusuna “yox” deməyə dili gəlmədi. Razılaşdı. İki aydan sonra məlum oldu ki, gözünə döndüyüm qonşu pulu götürüb, evi satıb, aradan çıxıb. Babal Fazil bir müddət 10 mini, üstəgəl faizini ödədi. Fikirləşirdi ki, hayıf deyil şahid olmaq? Gülümsəyib başını yelləyirsən, kiminsə yalanını çıxartmırsan, vəssalam. Yoxsa, sən Allah, bu da işdir? Zamin dur, pulu yeyən aradan çıxsın, sənin də yaxan əllərdə qalsın. Qət etdi: - bundan sonra Rokfeller özü gələ ha, zamin-zad duran deyil.
İşdən qayıdırdı. Məhəlləyə girəndə qışqırtı eşitdi. Köhnə qonşusu Ağabala asfaltın üstündə qan içində çabalayırdı. Bağırsaqları çıxıb sallanırdı. Bıçaq
da elə yazıq kişinin qarın nahiyyəsində sancılıb qalmışdı. Heç nəyi düşünmədən əyilib bıçağı dartdı. Cib dəsmalını çıxarıb qan fışqıran yerə basdı. Bir də baxdı ki, Ağabala keçindi. Gücü gəldikcə qışqırmaq, qaçmaq istədi. Amma gecdi.
Təcili yardım maşını ilə birlikdə polislər də gəlib çıxdılar. Üst-başı qan içində, qanlı bıçaq əlində, öldürülən adam ayağının altında. Hansı axmaq onu sərbəst buraxdı ki? Şöbədə bir sutka qaldıqdan sonra məsələ aydınlaşdı. Yolun kənarında dayanıb taksi gözləyirdi. Dəli sürətlə gələn maşın yolu keçən gənci vurub asfalta yapışdirdi. Sonra da aradan çıxdı.
Fikirləşdi, - yenə cinayətə şahid oldum?
Ha illah elədi, özüynən bacara bilmədi. Dəlicəsinə qışqırdı:
- Xe-e-y-r-r! Mən heç nə görmədim, heç kimi görmədim. Mən şahid deyiləm.
Maşının uğultusuna şöbədən çıxan polisləri görən kimi onların üstünə qaçdı.
- Başınıza dönüm, qurban olum sizə, mən heç nə görmədim. Atamın goruna and olsun, heç kimi görmədim, maşın adam vurmadı.
Onu kənara itələdilər. Əl çəkmədi. Sutka ərzində istintaqı aparan müstəntiqin yaxasından yapışdı: -
Qurban sənə, mənim xəbərim yoxdur. Gözümü yummuşdum. Xəyal-plov yeyirdim. Vallah, heç nə görmədim. Maşın bax bu tərəfdə adam vurdu, mən o tərəfə baxırdım. Yoxsa nə var burada? Allah şahidi olmaq çox şərəfli işdir, rəis.
Budur, hələ də böyrəklərimdə ağrı, kürəyimdə təpik izləri var.
İş o yerə çatdı ki, polislər Fazili dəlixanaya göndərmək qərarına gəldilər.
... Burda da, kameraya aparılarkən aqressiv bir dəlinin baş həkim tərəfindən döyüldüyünə şahid oldu. Bir gün sonra baş həkim bərk əsəbləşmişdi.
Sən demə, kabinetini açıb nə varsa, ortalığa tökmüşdülər.
Ən əziz adamından yadigar qalan divar saatını çıxarıb masanın üstünə qoymuş, əqrəblərinə ip bağlayıb kresloya bərkitmişdilər. Baş həkim də həkimləri, bütün personalları, hətta xəstələri yığıb iclas keçirirdi. Əslində buna iclasdan çox, məhkəmə demək daha düzgün idi. Az qalırdı barmağını birinci sırada oturanların gözünə soxa.
Bura baxın, gözüm aydın olsun, dəlisiniz, xəstəsiniz, nə zibilsiniz. Dəli adını üstünüzə qoyub eşşəklik etməyəsiniz ha! And olsun Allaha, sizi elə günə qoyaram kı, Ağsu aşırımında maşından düşmüş saman presinə dönərsiniz. Dünən biri özünü apara bilmirdi, eşşək balası kimi çırpdım, sonra da ölüm köynəyinə saldırdım, indiyə kimi ordadır, arada bir anqırır, qapını taqqıldadan kimi lal olur.
Birdən onun gözü Fazili aldı.
- Bax, bu təzə gələn Allah şahididir.
Vəssalam! Fazildən tükürpədici səs çıxdı. Necə uladısa, divarlar titrədi. Dəlilər döşəməyə uzanıb başlarını tutdular. Biri ucadan qışqırdı.
- Şərəfsizlər yenə Suriyanı bombaladılar.
Fazil birdən ulamağını kəsdi, gedib həkimin qarşısında diz çökdü:
- Məni çevir balalarının başına, nə deyirsən, hazıram. Təki məni sinifkom seçməyin. Bəsdirin də, məndən başqa adam yoxdur? Adam üzüyola olanda minib çaparlar.
İri cüssəli feldşer özünü yetirdi, Fazilin qollarını burub arxadan bağladılar, iynə vurdular, sonra təcrid köynəyini geyindirdilər. ...
Tələbə yoldaşları gəlib baş həkimlə görüşdülər. Fazil haqqında məlumat verdilər. Sağ olsun, baş həkim də hörmət əlaməti olaraq onu zır dəlilərdən ayrı tuturdu. Darvazanı tapşırmışdı Fazilə. Maşın girib çıxanda qapını açıb bağlayırdı. Tədricən özünə gəlirdi.
Allah mərdimazarın evini yıxsın. Darvazanın çölündə oturub özünü günə verirdi. Bazar günü olduğundan gəlib gedən azdı. Uğultuya başını qaldırdı.
İki gəncin idarə etdiyi maşınlar bir- birinə dəydi. Deyəsən, cavanların hər ikisi yekə adamın belindən gəlmişdi. Günahın kimdə olmasını, birinci kimin qaydanı pozduğunu bir-birinə sübut etməyə çalışırdılar. Birdən uzunun gözü Fazili aldı.
- De, dəlixananın qapıçısı Allah şahidi! Günah səndə oldu.
Elə bu dəmdə avtomobil müfəttişləri gəlib çıxdılar.
Fazilin dodaqları səyridi. Bütün bədəni əsdi. Qolları başladı havada oynamağa. Qırıq-qırıq güldü. Amma çıxartdığı səslər gülüşdən çox iniltiyə oxşayırdı.
Uzun oğlan dildən pərgardı. Girmişdi müfəttişin çənəsinin altına. Əlini Fazilə tərəf uzadıb nəsə deyirdi. Amma Fazil onu eşitmirdi. Elə biləsən qulağının dibindən yüksək təzyiqlə su vururdular. Müfəttiş portfelində qələm kağız çıxartdı, Fazilə tərəf yaxınlaşdı. Fazil ora-bura boylandı. Bir yük maşını sürətlə yolun o başından gəlirdi. Hər şey ani baş verdi, mane olmağa heç kim macal tapmadı. ...
Damb... Fazil yük maşınının altına girdi. Sürücü əyləci basdı. Yerə düşüb “evim yıxıldı, bədbəxt oldum”, - deyə-deyə başına-gözünə qapaz vururdu.
Fazil qan içində olan başını qaldırdı. Dişləri tökülmüşdü. Zorla nəfəs alaraq, dişsiz ağzıyla fışıldaya-fışıldaya son kəlmələrini çatdırdı.
- Həmişə məni şahid tuturdunuz, indi mən gəbərirəm, siz şahid olun, ləzzətini görün. Necədi, xoşunuza gəlir?..
Qeyd: Hekayə Mir Cəlal adına III Hekayə Müsabiqəsinin “Yağışlı Bir Gün idi...” adlı hekayələr toplusunda yer alıb.
Qafqaz.Media