Həmişə qəlbimizdə yaşayacaq Çingiz...- Fuad Biləsuvarlı yazır
Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin əziz xatirəsinə ithaf edirəm.
Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev. Ölkəmizdə uşaqdan tutmuş böyüklərə qədər bu adı tanımayan, onu dərin hörmət və ehtiramla xatırlamayan adam tapılmaz. Onun adının, soyadının çəkilməsi kifayətdir ki, insanda qürurverici hisslər yaransın, adam özünü yenilməz, məğrur hesab etsin. Bəs kim idi ürəkləri ehtizaza gətirən, damarlarda qanları coşduran bu qəhrəman?! Adi bir Vətən oğlu. Ürəyi, qəlbi, bütün varlığı Vətən eşqi, Vətən məhəbbəti ilə döyünən, bu yolda şirin canından belə "uf" demədən keçməyə hər an hazır olan bir azəri balası. O çox qısa - 32 illik bir ömür yaşadı. Ancaq bu qısa müddətdə əsl Vətən sevgisinin, torpaq məhəbbətinin nə olduğunu bütün həmyaşıdlarına göstərərək əbədiyyətə qovuşdu. Milyon-milyon ürəklərdə əbədi məşəl yandıraraq qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı. Xəzər dənizinin sahillərində - Həştərxan vilayətində dünyaya göz açmışdı Çingiz.
29 avqust 1960 - ci ildə. Cəmi 4 il sonra Mustafayevlər ailəsi Bakı şəhərinə köçmüşdü. Və Çingiz də, qardaşları Vahid də, Seyfulla da yenə də Xəzərin təmiz havasında böyümüşdülər. Atası Çingizi hərbiçi, anası isə həkim görmək istəyirdi. Təbii ki, bu, bir valideyn arzusu idi. Hansı peşənin sahibi olmasından asılı olmayaraq, Çingiz - bu yeniyetmə, yaraşıqlı oğlan sinəsində odlu- alovlu, Vətən məhəbbəti ilə döyünən bir ürək gəzdirirdi. Çingiz həkim peşəsini seçdi. Yasamaldakı 167 saylı orta məktəbi bitirərək 1977 - ci ildə Azərbaycan Dövlət İnstituna daxil oldu. Çingiz şəhər mühitində böyümüş, gözüaçıq, bacarıqlı, ən əsası novator bir gənc idi. Həmişə axtarır, arayır, hər şeylə maraqlanırdı. Hər vaxt özü ilə gəzdirdiyi kamera isə onun ən sevimli məşğuliyyəti idi. Özü yaşda yeniyetmə gəncləri, dostlarını bir araya toplamağı, maraqlı əyləncələr qurmağı çox sevir və buna vaxt da tapa bilirdi. Təsadüfi deyil ki, Azərbaycanda ilk disko - klubun yaradılmasının təşəbbüskarı da o, olmuşdu. "1983-cü ildə dünyada ilk dəfə olaraq Azərbaycan dilində "Dünənki keçdi" rep janrlı mahnısını səsləndirib. 1985-ci ildə yaratdığı "Cəngi" birliyindəki fəaliyyəti Azərbaycan gəncləri arasında populyarlıq qazanır. Birlik Sovet İttifaqında başlanan yeniləşmə prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi. 1990-cı illərdə Azərbaycan televiziyasında "Ekspromt" verilişinin və "Ozan" rok qrupunun yaradıcısı olmuşdur. 1988-ci ildə rejissor Vaqif Mustafayevin "Yaramaz" bədii filmində də çəkilib. 1990-cı il 20 yanvar hadisələri zamanı Çingiz Mustafayev klinikanı terapevt mərkəzi kimi istifadə edib. 1991-ci ilin noyabrından jurnalist və Azərbaycan Dövlət Televiziyasında reportyor kimi fəaliyyət göstərmişdir". Çingiz Mustafayev həkim idi. Əlində nəcib, xeyirxah sənəti vardı. Hətta bir müddət elə həkim kimi də çalışdı. Ancaq o, dünyaya kameraman gözü ilə baxmaq istəyirdi. Maraqlı anları əldən vermir, onları kamerasının yaddaşına keçirir, tarixə çevirirdi. Günbəgün həvəskar reportyor kimi peşəkarlığını artırır, bu sahəyə daha çox bağlanırdı. Tezliklə televiziya ekranlarına yol tapdı. Lentə aldığı sujetlər peşəkarların diqqətini çəkdi. Bu həmin illər idi ki, nankor qonşularımız Qarabağ torpaqları uğrunda haqsız müharibəyə başlamışdılar. Onlar havadarlarına arxayın olaraq bütün dünyaya özlərini məzlum, əziyyət çəkən xalq kimi göstərirdilər. Azərbaycan informasiya blokadasına salınmışdı. Əsl həqiqətləri dünyaya çatdırmaq üçün çox iş görülməliydi. Çingiz heyrət, cəsarət simvolu idi. Tezliklə özünün ayrıca " 215 Kl" studiyasını yaratdı. İndi onun fəaliyyət dairəsi daha da genişlənmişdi. Çingiz ağır döyüşlər gedən cəbhə xətti ilə sanki nəfəs alırdı. Cəbhə xəttindən birbaşa reportajlar hazırlayıb izləyicilərə çatdırırdı. Bu, son dərəcə böyük hünər idi. Çox qısa aylar ərzində Çingiz Mustafayevin qətiyyəti və cəsarəti hesabına cəbhə xəttindən hər biri tarixə düşəcək 18 sənədli film ekranlara yol tapmışdı. 1992 - ci ilin 25-dən 26- sına keçən gecə tariximizə qanlı Xocalı faciəsi kimi düşmüşdür. Bu qanlı faciədə erməni quldurları havadarlarının bilavistə iştirakı ilə əliyalın, silahsız dinc əhlini amansızcasına, qocaya, qadına, uşağa məhəl qoymadan qətlə yetirmişdilər. Xocalı bir yaşayış məntəqəsi kimi yerla-yeksan edilmiş,1275 nəfər girov götürülmüş, 8 ailə bütün üzvləri ilə birlikdə məhv edilmiş, 613 nəfər qətlə yetirilmişdi. Xocalı qan ağlayırdı. Belə bir gündə Çingiz də ön xəttdə idi. Xocalı həqiqətlərini kamerası ilə lenta alırdı, dünyaya çatdırmaq üçün. Və o, bunu çox yüksək peşəkarcasına həyata keçirə bildi. Məhz, onun bu peşəkar kadrları Xocalı faciəsini törədənlərin iç üzünü açmaqda əvəzsiz rol oynayacaqdı. 1992 - ci il. Çingiz yenə də döyüş meydançasındadır. Döyüşən igid Vətən oğullarından bir an belə ayrılmır. O da kamerası ilə döyüşür. Döyüşlər isə gündən-günə şiddətlənir. Əsgəran rayonun Naxçıvanik kəndi uğrunda amansız döyüşdə çəkiliş zamanı Çingiz ağır qəlpə yaraları alır. Güclü qanaxma nəticəsində elə döyüş meydanında da gözlərini əbədi yumur. Vətən eşqi ilə döyünən bu qeyrətli gəncin ürəyi əbədi susur. Çingizin itgisi təkcə Mustafayevlər ailəsinin deyil, bütün xalqımızın ağır itgisi idi. Yeganə övladına - oğlu Fuada atasının adını vermişdi Çingiz. Çingiz kimi igid Vətən oğullarını unutmaq çox çətindir. Şəhidlərimizin hər biri xalqımızın qeyrət, vicdan simvoludur. Çingiz Mustafayev də həmin şəhidlərimizdən biri kimi həmişə ürəklərimizdədir. Dövlət başçısının 6 noyabr 1992 -ci il tarixli sərəncamı ilə Çingiz Fuad oğlu Mustafayev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Vətənimizin paytaxtı Bakı şəhərindəki küçələrdən biri onun adını daşıyır. Məşhur " Palmali"şirkətlər qrupuna məxsus tankerlərdən birinə cəsur Vətən oğlunun adı verilmişdir. Yaşadığı binaya barelyefi vurulub. 25 ildən çoxdur ki, yaradılmış " Çingiz Mustafayev Fondu" öz xeyirxah işləri ilə Çingizin əməllərini yaşadır. Qəhrəmanlar heç zaman ölmürlər. Onlar əbədiyyət qazanırlar. Məskənləri isə milyon-milyon insanların ürəyi olur. Bu gün əzəmətli Zəfər Qələbəsi yaşadığımız günlərdə Çingiz Mustafayev kimi qəhrəman oğullarımız da dərin ehtiramla yad edilir. Ruhları şad olsun. Vətən uğrunda ölüm - həyatın davamıdır.
Hazırladı: Fuad BİLƏSUVARLI, AYB üzvü, AJB üzvü, Prezident mükafatçısı
Qafqaz.Media