"İranla anlaşaraq, Naxçıvanı Azərbaycanın nəzarətindən çıxartmağa cəhd edib" - VASİF TALIBOV HAQDA ŞOK İDDİA

26/12/2022 - 11:21

"Təbii ki, Vasif Talıbovun işdən azad olunması onun səhhəti ilə bağlı deyil. Mən bilirəm ki, Vasif Talıbovun səhhətində həqiqətən də uzun müddətdir ciddi problemləri var. Şəkər xəstəliyi, təzyiqi var və s. Vasif Talıbovun Naxçıvandan işdən çıxarılmasının onun çox ciddi siyasi ambisiyaları, Azərbaycan dövlətinə qarşı xəyanət kimi dəyərləndirilən addımları ilə, Azərbaycan rəhbərliyinə tabe olmamağı və Naxçıvanı Azərbaycanın nəzarətindən çıxartmaq cəhdi ilə bağlıdır...."

Qafqaz.media xəbər verir ki, bu fikirləri Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Demokrat.az saytına müsahibəsində bildirib.

S. Cəlaloğlu Naxçıvan istiqamətində rus helikopterinin vurulması təxribatında Vasif Talıbovun da rolu olduğunu  vurğulayıb: "Bu gün rus silahlı qüvvələrinin Xankəndinə girməsi Naxçıvanda vurulan vertolyot hadisəsi ilə bağlıdır. Ona görə də, bugünə qədər də Naxçıvanda kimin göstərişiylə, kimin o vertolyotu vurduğu bəlli deyil. Onu ruslar vurub Naxçıvanın üstünə atıb, yəni ki, bu günə qədər o məsələ aydınlaşmır. Bu da onu göstərir ki, Naxçıvan rəhbərliyinin də bu məsələdə çox ciddi əli var. 

Sərdar Cəlaloğlu: "Türkiyə ilə Azərbaycanın konfederativ əlaqəyə girməsinə heç kəs qarşı çıxa bilməz" - MÜSAHİBƏ » Sözçü qəzeti

Sərdar Cəlaloğlu

Eləcə də, son vaxtlar İranın Naxçıvana qarşı olan iddiaları ilə bağlı Naxçıvan Muxtar Respublikasında nə rəhbərlikdə olan şəxslər, nə də adi vətəndaşlar öz mövqelərini ortalığa qoyublar, etirazlarını bildirməyiblər. Bu da onu göstərir ki, Naxçıvan rəhbərliyi Azərbaycan rəhbərliyindən fərqli olaraq İranla tamamilə başqa bir əlaqələr yaradıb. Baxmayaraq ki, dəfələrlə İranda İlham Əliyevin şəxsən özünün əleyhinə, dövlətimiz əleyhinə çox kəskin bəyanatlar verilib. Amma, belə bəyanatlara cavab olaraq Naxçıvan Muxtar Respublikasında heç kəs ağzını açıb nə Prezidenti müdafiə edib, nə dövlətimizi, nə də millətimizi müdafiə edib. 

Bu da onu göstərir ki, həqiqətən də Naxçıvanla İran arasında Azərbaycanla İran arasındakı münasibətdən fərqli münasibətlər formalaşdırılıb. Bu isə Naxçıvan ərazisindən keçməli olan İpək yolunun çox ciddi şəkildə problemlərlə üzləşəcəyindən xəbər verir. Türkiyə təhlükəsizlik orqanlarında Naxçıvanın PKK və İŞİD üçün müəyyən bir tranzit yolu olmasıyla bağlı məlumatlar olub. Hətta Vasif Talıbovun və adamlarının da PKK ilə və digər bu cür qüvvələrlə əlaqəsinin olması haqqında çoxlu məlumatlar var. Ona görə də, Vasif Talıbovun işdən çıxarılması tamamilə siyasi motivlidir. Onun Vətənə, dövlətə zidd mövqe tutması ilə bağlıdır".

"İran Naxçıvandan həmişə Azərbaycanın mərkəzi hakimiyyətinə qarşı bir silah kimi istifadə edib. Bir çox hallarda buna müvəffəq də olubdur. Görünür, son vaxtlarda İran yenə də Naxçıvandan İlham Əliyevə qarşı istifadə etməyə cəhdləri edib. Yaxşı ki, bu cəhdlər baş tutmadı və vaxtında Vasif Talıbov Naxçıvandan uzaqlaşdırıldı. Vasif Talıbov Naxçıvan Muxtar Respublikasını tamamilə boşaldıb. Orada əhaliyə divan tutub. İnsan ağlına gəlməyən qaydalar tətbiq edib. Naxçıvanın tarixi abidələrini darmadağın edib. Öz ağlı ilə həmin abidələrin yerində tamamilə müasir qaydada guya abidələr düzəldib və s. Həm mədəniyyətimizə böyük ziyan vurub, həm iqtisadiyyatımıza, həm də Naxçıvan camaatının demoqrafik vəziyyətinə çox mənfi təsirləri olan işlər aparıb, Həmçinin Azərbaycan hakimiyyətinə və dövlərinə tabe olmamaq istiqamətində çox ciddi "işlər" görüb. Ona görə də, mən Vasif Talıbovun işdən çıxarılmasının Vətənə xəyanətlə bağlı olduğunu düşünürəm" - deyə, Cəlaloğlu bildirib.