İsrail Prezidentinin təyyarəsinə niyə qadağa qoyuldu? - Ərdoğan İZAH ETDİ
"Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Bakıya gəlmək istəyən İsrail Prezidenti İsaak Hersoqun ölkə ərazisi üzərindən uçuşunu qadağan etməsi Türkiyə üçün vacib idi". Publika.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “İsrail Prezidentinin COP-29 sammiti üçün Azərbaycana səfərinə gəlincə, biz ona hava məkanımızdan istifadə etməyə icazə vermədik. Başqa marşrutlar var və onun ora çatmaq üçün başqa variantları var. Sonda orada olub-olmadığını bilmirəm. Amma biz Türkiyə olaraq indi bir sıra məsələlərdə öz mövqeyimizi ortaya qoymağa borcluyuq və bunu edəcəyik”, - deyə Ərdoğan bildirib. G20 sammitində iştirak etdiyi Rio-de-Janeyroda mətbuat konfransında çıxış edən Ərdoğan Türkiyənin İsraillə bütün ticarət əlaqələrini kəsdiyini də xatırladıb. Bundan əvvəl Türkiyə öz hava məkanını İsrail prezidentinin təyyarəsi üçün bağlayıb. İsrailin “Yedioth Ahronot” qəzeti də mənbələrə istinadən xəbər verib ki, Azərbaycan rəsmiləri xəbəri təsdiqləyib.